article
stringlengths
6
172k
Aqil Abbas: "Mən ədəbiyyat adamıyam, AMMA JURNALİSTİKA DA ƏDƏBİYYATDAN KƏNARDA DEYİL". Gülüş günündə dünyaya göz açan Aqil müəllimin, yəqin elə bu səbəbdəndir ki, həm yaradıcılığında, həm insanlarla ünsiyyətində güclü yumor hissi mövcuddu. Aqil Abbasın bir çox titulları olsa da, özünü daha çox ədəbiyyat adamı sayır. Deyir ki, jurnalistikadan əvvəl məhz ədəbiyyata gəlib. Ömrün getməsi isə insan üçün kədərlidir. Arxada buraxdığınız illəri daha çox kədər, yoxsa yumor hissi ilə xatırlayırsınız? - İnsanın doğulması özündən asılı deyil. 1 aprel dünyada zarafat günü kimi qeyd olunur. Həyatım da elə deyəsən, zarafatla gəlib keçib. Hamı dərdimizi bilir. Evimiz-eşiyimiz yanmış, dağılmış, torpağı getmiş, qohum-əqrəbası şəhid olmuş adamlarıq. Deyəsən, elə zarafat edə-edə bu dünyadan çıxıb gedəcəyik. Bir gün ölümün özü ilə də zarafatlaşacağıq. -Gülüş günündə siz daha çox zarafat edirsiniz, yoxsa sizinlə zarafat edənlər çox olur? Düşünürəm ki, mən daha çox zarafat etmişəm. 1 aprel həm də doğum günüm olduğundan məni aldatmaq çətindir. Bir qisim insan sizi yazıçı, digəri isə jurnalist kimi tanıyıb, sevir. Hansı qisim sizin üçün daha doğmadı? - Mən birinci növbədə ədəbiyyat adamıyam. Amma jurnalistika da ədəbiyyatdan kənarda deyil. Ədəbiyyat kliniki xəstəxanadı. Orada insanların müalicəsi üçün uzun müddət gərəkdi. Ədəbiyyat bir xəstəxanadı, orda insanları müalicə edirlər. Amma jurnalistika təcili yardımdı. Jurnalist cəmiyyətdə baş verən hadisələri birbaşa deyir və problemin dərhal həlli olunmasına nail ola bilir. Yəni mənə elə gəlir jurnalistika ilə ədəbiyyatın fərqi budur. Mən ədəbiyyat adamıyam, jurnalistika isə gündəlik işimdir. Aqil Abbası istər ədəbiyyatçı, istər jurnalist kimi tanıyan bütün insanlar mənə doğmadı. Bu sizin üçün hansı anlam kəsb edir? - Məni millət vəkili seçən insanlar sağ olsunlar. Jurnalist, yazıçı, millət vəkili kimi daim həyatın içindəyəm, problemləri daha çox görürəm. Bu mənada millət vəkili olaraq çalışıram ki, həmin problemlərin həllinə kömək edim. Yalnız parlamentdə çıxış etməklə yox. Mənin hər gün parlamentdə danışmaq üçün söz ehtiyatım var, bununla belə az danışıram. Çünki elə söz demək lazımdır ki, onu həyata keçirə biləsən. Daha çox insanların problemlərini həll etməyə çalışıram ki, onlar parlamentə, dövlət strukturlarına gedib çıxmasınlar. Bunun üçün həm millət vəkili statusumdan, həm vəzifədə olan dostlarımın köməyindən istifadə edib, yerində problemi həll edirəm. Mənə elə gəlir ki, millət vəkili kimi seçildiyim ərazini pis təmsil etmirəm. - Aqil müəllim, özünüzü ədəbiyyat adamı hesab etdiyinizi bildirdiniz. Maraqlıdır, ədəbiyyatdan jurnalistikaya gəlmisiniz, yoxsa jurnalistikadan ədəbiyyata? - Ədəbiyyatdan jurnalistikaya gəlmişəm. Mən universitetdə ədəbiyyat fakültəsində oxuyurdum. Ardınca hekayələr yazmışam. Universiteti bitirəndən sonra isə Ağsu rayonunda müəllim işləmişəm. Mirzə Cəlili həddən çox sevməyim, onun yumoru ilə yaşamağım məni daha çox o cür jurnalistikaya meyilləndirdi. Ən ciddi yazılarımın içində də bir gülüş, zarafat, istehza var. Ondan sonra mətbuata gəlmişəm. Ədəbiyyat adamı mətbuatda olmasa işləri düz getmir. Keçmişdə belə idi ki, mətbuatda işləməsəydin, çap olunmaq çox çətin məsələ idi. - Ad gününüzdə hansı hədiyyəni almağı xoşlayırsınız? Kitab deyəndə burda mədəniyyət, incəsənət nümunələri nəzərdə tuturam. - Aqil Abbas hər zaman qaynar nöqtələrdə olub. Uzun müddətdir ki, cəbhədə rəsmi olaraq atəşkəs hökm sürür. Sizin necə içinizdə bir atəşkəs varmı, yoxsa müharibə davam edir? Torpağımızı geri qaytaracağıq. Çünki Quran oxumaqla donuz darıdan çıxmaz. ATƏT-in boş sözləri, nə də BMT-nin çağrışları ilə erməni Azərbaycan torpaqlarından çıxan deyil. Mənim içimdə heç vaxt atəşkəs olmayıb. Sadəcə, bu atəşkəs Azərbaycan üçün ona görə vacib idi ki, ötən müddət ərzində ordumuz yaranıb formalaşdı, büdcəmiz indi 15 milyard dollara çatıb, 18 milyard dollar ehtiyatımız var. Ermənistanın büdcəsi qədər orduya vəsait ayıra bilmişik. Atəşkəs işimizi qurmaq üçün böyük imkanlar yaratdı. Sülh olmasa həmin imkanlardan istifadə edib torpaqlarımızı geri qaytaracağıq. Bu həm də sizin atəşkəslə barışmadığınızın bariz nümunəsi idi. Əsərə cəmiyyətdə olan münasibəti necə qiymətləndirirsiniz? Həmin məqalələrin hamısında mənim romanım haqqında çox yüksək fikirlər söylənildi, onu ədəbi hadisə adlandırdılar. Bir tənqidi fikir söylənilmədi, əsəri hamı qəbul etdi. Bir-iki məni istəyən dost isə əsəri siyasi cəhətdən qəbul etmədi. Yəni əsərdə siyasət axtardılar. Məni siyasi cəhətdən sevməyən adamlar belə, müxalifətdə məni qəbul etməyən müəyyən qüvvələr də öz qəzetlərində həmin roman haqqında gözəl yazılar çap etdilər. Çünki "Dolu" romanı roman idi. Əsər Türkiyədə də çap olunub və təqdimetmə mərasimində iştirak etmişəm. - Siz bitərəf millət vəkilisiniz. Referendumda Konstitusiyaya çıxarılan əlavə və dəyişikliklərin lehinə təbliğat apardınız... - Bilirsiniz, mənim referendumla bağlı mövqeyim kimlərinsə xoşuna gəlməyə bilər. Mən başqasının fikirlərinə hörmət etdirəm, başqası niyə mənim fikirlərimə hörmət etməməlidi? Nəticələr göstərdi ki, xalq referendumun əleyhinə mübarizə aparanların fikirlərini qəbul etmədi. Xalq dəyişikliklərə yüksək səviyyədə dəstək verdi. Kimsə deyə bilər ki, Aqil niyə dəyişikliklərin tərəfdarıdı. Onda mən də belə sual verərəm ki, sən niyə qeyri-tərəfdarısan. Demokratik ölkədə müxtəlif fikirlilik ola bilər. Həmin əlavə və dəyişikliklər xalqın mənafeyi, dövlətçilik üçün əhəmiyyətlidir. Kimsəsiz uşaqlara dövlət sahib çıxdı. Məgər bu pisdir? 15 yaşdan aşağı uşaqlara işləməyə icazə verilmir. Bu niyə dəstək almamalı idi? Bunlara münasibətiniz necədi? Səbəb isə insanların qeyri-qanuni dinlənilməsidi. Kimsə danışanda deyib ki, Ərdoğandan xoşu gəlmir. Amma bundan həmin adamın əleyhinə istifadə edirlər. İnsanın telefon danışığına qulaq asmağa, şəxsi ailə həyatına girilməsinə icazə verilmir. Onsuz da KİV haqqında qanunda bu var. Tutaq ki, mən qardaşımla dərdləşirəm. Kimsə gəlib gizlicə stolun altına aparat quraşdırıb. Mən deyirəm ki, uşaqla dalaşmışam, gedib xuliqanlıq edir, sözə baxmır. Səhər görürəm ki, bunu mətbuata çıxarıblar. Mən bunu mətbuat üçün deməmişəm, axı. Yaxud bütün insanlar kimi çimərlikdə uzanmışam, şəkillərimi çəkib qəzetə verirlər, bu artıq istirahət hüququma müdaxilədir. Bunu qadağan ediblər. Ayrı heç nəyi, nə söz, nə mətbuat azadlığını qadağan etməyiblər. 101-ci maddəyə gəlincə, müharibə şəraitində seçkilərin keçirilməsi doğru deyil. Faktla danışmaq istəyirəm. 91-ci ildə müharibə gedə-gedə Ayaz Mütəllibov prezident seçildi. Onda nə qədər torpağımız getdi. Ermənilər torpaq uğrunda vuruşurdu, biz bölünüb prezident seçirdik. 92-ci ildə yenə də erməni vuruşanda biz deputatlıq, prezidentlik üstündə bir-birimizi qırırdıq. Neçə ay çəkən müzakirələr, teledebatlar və s. Erməni atırdı, biz televiziyada söyüşürdük. Hansı ölkədə müharibə gedəndə seçki keçirilir? Niyə biz bu qədər seçicinin hüquqlarını pozmalıyıq? İnsan özünü doğruldub, millətin firavanlığı üçün çalışırsa, xalqın onu yenidən seçmək hüququ əlindən alınmamalıdı. Görürsünüz, Atatürk gedəndən sonra Türkiyə hansı duruma düşdü. Turqut Özal gəlməsəydi, Türkiyənin necə olacağı bəlli deyildi. Gəmini gətirib sahilə çatdırmaq lazımdı. Yolda gəminin kapitanını 40 dəfə dəyişəndə, o gedib lazımi yerə çatmaz. - Yeri gəlmişkən, Ermənistan-Türkiyə sərhədlərinin açılma məsələsi gündəmdədi. Ermənistanla-Türkiyənin sərhəddi çoxdan açıqdı. Ermənilər bütün günü çarter reysi ilə gedirlər İstanbula, işlərini görüb geri qayıdırlar. İkincisi, Gürcüstanın içindən keçib Türkiyəyə gedirlər. Bu saat İrəvanda Türkiyə malları Azərbaycandan daha ucuzdu. Türkiyədə o qədər namussuz adam var ki, ermənilərlə dostluq edirlər. Elə bilirsiniz 70 milyon türkün hamısı Alparslan Türkeş, Möhsün Yazıçıoğludu? Sərhəd açıqdı, amma rəsmi açıq deyil. Bilirəm ki, bir gün türk xalqı sərhədi açmaq istəyənlərdən hesab istəyəcək. Ona da şübhəm yoxdur ki, bir gün Əli Babacan gedib qondarma soyqırım abidəsinə gül qoya bilər. Necə ki, vaxtilə bir türk millət vəkili bunu etmişdi. Türkiyədə də Əsgər Akayev kimiləri az deyil. Bunu bütün türk xalqının adına yazmaq istəmirəm. Guya Türkiyə ilə Ermənistan qardaş olsa, Ankara İrəvanı dəstəkləsə, biz Qarabağı azad etməyəcəyik? Qonşuya ümid olan şamsız qalar. Biz Qarabağ üçün heç kimə ümid bəsləməməliyik. Millət özünə, öz dövlətinə ümid etməlidi. Yoxsa Türkiyə Ermənistanla bacı-qardaş olsa, İranla xalaoğlu olsa, Rusiya ilə yaxınlaşsa, Qarabağın taleyi necə olar, deyə düşünsək, onda gərək özümüzü Xəzər dənizinə ataq. - Aqil müəllim, yaradıcılığınızda nə yenilik var? Əsər Məhəmməd Hadi, Hüseyn Cavid və Məmməd Araz haqqındadı. Ağır və mübahisəli əsər olacaq.
Geriyə qayıtmaq imkanım olsaydı, buraxdığım səhvləri təkrarlamazdım". AZƏRBAYCAN MİLLİ KOMANDASININ SABİQ BAŞ MƏŞQÇİSİ VAQİF SADIQOVUN BU GÜN 50 YAŞI TAMAM OLUR. Azərbaycanın ən güclü futbol mütəxəssislərindən biri hesab olunan Vaqif Sadıqov aprelin 1-də ömrünün 50-ci baharına qədəm qoyacaq. Düzdür, təəssüflə qeyd etməliyik ki, bu gün Vaqif Sadıqov kimi mütəxəssisimiz işsiz qalıb. Amma o istənilən halda futbolumuza öz damğasını vurmağı bacarıb. Təbii ki, belə bir gündə yubilyarı unuda bilməzdik və onunla söhbətləşib 50 illik həyat yoluna özü ilə birlikdə nəzər saldıq. Düşünürəm ki Azərbaycan futbolunda iz qoya, dövlətim üçün layiqli vətəndaş ola bildim. Aydın məsələdir ki, geriyə qayıtmaq imkanım olsaydı, buraxdığım səhvləri təkrarlamazdım. Lakin həyatda hər bir insan səhv edə bilər. Təki Allah imkan versin, ömrümüzün bundan sonrakı hissəsində həmin səhvləri təkrarlamayaq. Bəzən mənə "bəxtsiz məşqçi" deyirlər. Amma bununla heç vaxt razılaşmamışam. İstər futbolçu, istərsə də məşqçi kimi izimi qoya bilmişəm. Baş məşqçi kimi üç dəfə milli komandaya təyin olunmuşam və bu postu tutmağı bütün həmkarlarıma arzulayıram. Bundan başqa, təbii olaraq insan ildən ilə daha da təcrübə yığır, püxtələşir. - Özünüzə təmtəraqlı ad günü keçirməyi xoşlayırsınız? Təbiətimdən irəli gəlir. Həmişə bu sözü deyirəm ki, mənim taleyim mənim xasiyyətimdir. Böyük banketləri, pafoslu sözləri xoşlamıram. Hər halda dostlar, tanışlar məsləhət gördülər və mən də belə düşündüm ki, düz deyirlər. Həqiqətən də bu yubiley həyatda bir dəfə olur. Odur ki, bu dəfə qohum-əqrəba, dostlar, yaxın insanlarla birlikdə bu yubileyi banket şəklində qeyd edəcəyik. - Futbolu seçdiyiniz üçün peşman deyilsiniz ki? Yenə deyirəm, həyatda elə səhvlər olub ki, onu buraxmışam. Amma ümumilikdə futbolu seçdiyimə görə qətiyyən peşmançılıq hissi keçirmirəm. - Bəlkə futbolu deyil, başqa bir sahəni seçsəydiniz indikindən daha çox qazana bilərdiniz? Ən böyük qazancım elə mənim adım olub. Hansı ki, həmin adımı heç nəyə dəyişmərəm. Eyni zamanda düşünmürəm ki, başqa sahəni seçsəydim, daha çox qazana bilərdim. Bununla belə həmişə ən xoş gün kimi onu hesab etmişəm ki, ailəm sağ-salamat yanımda olub. Hazırda da xoşbəxtəm ki, atam, anam sağ-sağlam yanımdadır. Elə həyatda da ilk növbədə arzum bu olub. Futbolda kədərli günlərim olub, layiq olmadığım məğlubiyyəti almışam. - Həyatınızda ən böyük xəyanəti kimdən görmüsünüz? Yəni kimlərsə mənə qarşı pislik niyyəti güdüblər. Amma mən bunu xəyanət kimi qəbul etməmişəm. Bilirsiniz, hər bir hərəkətini insanın öz vicdanına buraxmaq lazımdır və mən də belə etmişəm. Həmişə çalışmışam ki, hamıya yaxşılıq edim. İstəmişəm ki, bu həyatda yaxşı əməllərimlə qalım. Bir çox futbolçular olub ki, onların inkişafında əlimdən gələni etmişəm. Təbii, elə futbolçular da olub ki, məndən inciyiblər. Bunu da başa düşmək lazımdır. Məşqçi kiməsə şans verib kimisə oynatmayanda həmin oynamayan futbolçuda məşqçiyə qarşı yaxşı münasibət olmur. Amma onu deyə bilərəm ki, həyatım boyu heç kimə qarşı qərəzli olmamışam və arzulayardım ki, hamı həyatda bu cür olsun. - Ailənizə yetərincə vaxt ayıra bilmisiniz? - Hazırkı vəziyyətdə kifayət qədər vaxt ayıra bilirəm. Çünki futbol adamının həyatını sizlər də gözəl bilirsiniz. Bizim ömrümüz təyyarələrdə, avtobuslarda, qatarlarda keçib. Bununla belə, mən heç vaxt ailəmə olan diqqətimi azaltmamışam. Elə vaxt olmayıb ki, ailəmdə hansısa bir problemi həll etməmiş səfərə çıxam. Mənim üçün ilk növbədə ailəm olum. - Bilirsiniz, bizim işimiz elə idi ki, heç adicə muzeyə belə getməyə vaxtımız olmurdu. Elə təyyarədən düşüb otelə gedirdik, oradan məşqə, sonra oyuna və nəhayət yenidən təyyarəyə minib geri qayıdırdıq. Məsələn üç dəfə Fransaya getmişəm. - Həyatda ən böyük səhviniz hansı olub ki, bu günə kimi onu özünüzə bağışlaya bilmirsiniz? - Futbolçu kimi çox səhvlər etmişəm. Səmimi deyərdim ki, həmin səhvləri etməsəydim, daha da güclü futbolçu olardım. Məsələn, o vaxt anam Ali Sovetin deputatı olmasına baxmayaraq, mən futboldan evə pul gətirirdim. Yəni deməyim odur ki, o səviyyədə oynamışam. Amma qeyd etdiyim kimi, belə şərait olmasına baxmayaraq, yenə səhvə yol vermişəm. Təbii ki, bugünkü Vaqif Sadıqov həmin səhvi etməzdi. - Yaşlaşmaqdan qorxmursunuz ki? Hətta bunun tez-tez deyirəm. Bilirsiniz, hər şey bir göz qırpımında elə tez gəlib keçdi ki, sanki dünən həmin perspektivli futbolçu və yaxud gənc perspektivli məşqçi idim. Amma görmək istədiyim çox iş və həyata keçirmək istədiyim arzular var. Həmin arzularımı həyata keçirə bilmərəm deyə, yaşlanmaqdan qorxuram. Bu arzular həm futbol, həm də ailəm, balalarımla bağlıdır. - Maraqlıdır, hansı arzunuz var ki, onun həyata keçməsini istəmisiniz, amma hələ bu, reallaşmayıb? - Hesab edirəm ki, mənim həyata keçməsini istədiyim ən böyük arzum elə hamının bir nömrəli arzusudur. Bəlkə də bu kimlər üçün də şablon səslənə bilər, amma tam səmimi və ürəkdən deyirəm ki, tezliklə Qarabağın işğaldan azad olmasını görmək istəyirəm və arzum da budur ki, məşqçi kimi gedib o torpaqlarda oynayaq. Bundan başqa qısa zamanda futbolumuzun Avropa səviyyəsinə qalxmasını arzulayıram. Qoy, bizim də milli komandamız və klublarımız dünyanın ən qabaqcıllarından olsun. Təbii ki, onu da arzulayıram ki, mən də bu proseslərdən kənarda qalmayım və onun içində olum. - Bir övlad kimi valideynlərinizin borcunu verə bilmisiniz? Amma bir məsələ var ki, insan ömrünün sonuna kimi də çalışsa ata-anasının borcumdan çıxa bilməyəcək. Həmişə bu borc mənim çiynimdə qalacaq. Hazırda həm atam, həm də anam yaşlaşıblar. İndinin özündə də tez-tez onlara baş çəkirəm, əlimdən gələni edirəm ki, ən xırda problemlərini belə tezliklə aradan qaldırım. Onların xoş günü mənin, bacımın və bizim ailənin xoş günü deməkdir. - Bəs özünüz, bir valideyn kimi necə, vəzifənizi layiqincə yerinə yetirə bilirsiniz? Axı özünüz dediniz ki, futbol adamı ilin böyük hissəsini evdən kənarda olur. - Həmişə ilk növbədə ailəmi fikirləşmişəm. Həyatda heç vaxt özüm üçün yaşamamışam. Daim çalışmışam ki, uşaqlarımı layiqli vətəndaş kimi yetişdirə bilim. Həmişə də ailəmə, uşaqlarıma vaxt ayırmışam. İstənilən bir addımı atanda də ilk növbədə ailəmdən, valideynləridən məsləhət almışam, onlarsız özbaşına qərar qəbul etməmişəm. Bu vaxt isə futbolların ən qızğın çağına düşür. Özü də sovet vaxtı çempionatın yaz-payız sistemi ilə keçirildiyi vaxtlarda lap sıx qrafik olurdu. Hətta bəzən heç Azərbaycanda olmurdum. Məsələn 1997-ci ildə mənim ad günüm milli komandamızın Finlandiya ilə səfər oyununa düşmüşdü. Vaqif Sadıqov öz yubileyi ərəfəsində hansı tostu deyə bilər? Həmişə xalqıma nə arzu etmişəmsə, özümə də onu arzulamışam. Demokratik, azad bir ölkədə yaşayırıq. Ailəmizin, uşaqlarımızın ehtiyaclarını ödəyə, onların arzuladığını tapa bilirik. Bundan gözəl nə ola bilər? Arzum budur ki, biz də daxil olmaqla insanlarımız daim firavan, xoş yaşasın.
Elçinin "Qatil"i Moskvada Türkiyə və Azərbaycanı təmsil edib. Çağdaş Türkiyə teatr sənətinin bir çox uğurları Azərbaycanın xalq yazıçısı Elçinin adı ilə bağlıdır. Onun pyesləri Türkiyənin müxtəlif teatrlarının səhnələrində böyük uğurla tamaşaya qoyulur, beynəlxalq festivallarda göstərilir, nüfuzlu mükafatlara layiq görülür. Yazıçının "Mənim ərim dəlidir", "Mən sənin dayınam", "Mənim sevimli dəlim", "Qatil" və digər məşhur pyesləri yalnız Ankara və İstanbul teatrlarının deyil, ölkənin Ərzurum, Konya və digər şəhərlərinin də dövlət teatrlarında səhnələşdirilib. "Qatil" İstanbul Böyükşəhər Bələdiyyə Teatrında "Ulduzlar altında qətl" adı ilə tamaşaya qoyulub və iki il ərzində 157 dəfə göstərilərək, son illərdə analoqu olmayan tamaşaçı marağı qazanıb. Fərəhli cəhətdir ki, görkəmli türk sənətkarlarının iştirak etdiyi bu tamaşaya Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı aktrisa və rejissor Məlahət Abbasova quruluş verib. Novruz bayramı günlərində - martın 22-də İstanbul Böyükşəhər Bələdiyyə Teatrı öz tarixində ilk dəfə Moskvaya qastrola gedərək, "Qatil" tamaşasını məşhur Ostankino "Kral" zalında Rusiya paytaxtının tamaşaçılarına göstərib. Tamaşa başlanmazdan əvvəl İstanbul Böyükşəhər Bələdiyyə başqanının müavini xanım Tulay Erunsal çıxış edib və bu qastrol tamaşasının tarixi əhəmiyyətini vurğulayaraq deyib: "Türkiyənin ən məşhur teatrlarından biri olan İstanbul Böyükşəhər Bələdiyyə Teatrı Rusiyanın paytaxtında Azərbaycanın böyük yazarı Elçinin əsərini göstərir. Bu, ümumtürk mədəniyyətinin yeni və olduqca mənalı bir ifadəsidir". Sonra Tulay Erunsal Bələdiyyə başqanı Kadir Topbaşın səmimi salam və arzularını tamaşaçılara çatdıraraq, pyesin müəllifinə minnətdarlığını bildirib, DAK Rusiya nümayəndəliyinə, N.Zeynalova adına Musiqili Estrada Teatrının rəhbərliyinə təşəkkür edib. DAK Rusiya nümayəndəliyinin başçısı M. Fətiyev, Estrada Teatrının direktoru S.Kərimoğlu, tamaşanın quruluşçu rejissoru M.Abbasova çıxış edərək bildiriblər ki, bu tamaşanın nümayişi qardaş xalqlarımızın, ortaq mənəvi dəyərlərimizin, qədim və zəngin mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşması işində mühüm rol oynayacaq. Böyük müvəffəqiyyətlə oynanılan tamaşa Rusiya paytaxtındakı Azərbaycan-türk ictimaiyyətinin həyatında əhəmiyyətli hadisəyə çevrilib. Tamaşaya baxanlar sırasında Moskvanın tanınmış ədəbiyyat, sənət, elm xadimləri, paytaxt ictimaiyyətinin nümayəndələrilə bərabər, milli diaspor təmsilçiləri, eləcə də Azərbaycan və Türkiyənin Rusiyadakı səfirliklərinin nümayəndələri də olublar.
Nurəddin Qənbərin yeni kitabı nəşr edilib. "Bakı-Şirvannəşr"də yazıçı-cərrah Nurəddin Qənbərin "Yazdıqlarım həyatımdır" adlı kitabı çap olunub. Kitabda yazıçının müxtəlif illərdə yazdığı hekayə, oçerk və məqalələri, eləcə də əsərləri haqqında yazılmış rəylər, resenziyalar, şeirlər toplanıb. Kitaba yazıçının son illərdə qələmə aldığı "Yağlıvənd gölündə faciə" pyesi də daxil edilib. Mustafa Çəmənlinin redaktorluğu ilə işıq üzü görən kitabda böyük sənətkar Məmməd Arazın "Xalq müdrikdir, yanılmaz", M.Çəmənlinin "Nurəddin Qənbərin romanları", Vaqif Yusiflinin "Söz də sağalda bilər", "Təndir çörəyinin ətri", Baba Vəziroğlunun "Qara söyüd", "Yaralı qağayı", Fərman Kərimzadənin "Ürəkdə tikişlər" adlı məqalələri də öz əksini tapıb. Bu məqalələr Nurəddin Qənbərin yaradıcılığına güzgü tutmaq, onun nəsrinin bədii məziyyətlərini əks etdirmək baxımından maraqlıdır.
Borçalının keçmişinə və gələcəyinə daha bir baxış. Kitabda Gürcüstanın Borçalı və ona bitişik bölgələrdə tarixən məskunlaşmış türklərin keçmişi, etnoqrafiyası araşdırılıb. 1980-ci illərin sonlarından başlanan etnik proseslərin çeşidli istiqamətləri, ortaya çıxan problemlər təsvir edilərək onların həlli yolları barədə fikirlər açıqlanıb. Kitabda yer alan "Etno və geosiyasi durum", "Diskriminasiyanın ideoloji cəhətdən əsaslandırılması", "Toponomik islahatlar", "Borçalıda erməni təxribatları", "H.Əliyev və E. Şevardnadze dostluğu mərhələsi" , "Borçalı türklərinin təhsil problemləri" məqalələrində sözügedən məsələlərə aid geniş şərhlər verilib. Kitabın məsləhətçisi Gültəkin Hacıbəyli, layihənin rəhbəri Kamran Ramazanlı, ekspert Xaləddin İbrahimlidir.
"Leyli və Məcnun" multimedia tərtibatında ifa olunacaq. Məşhur violonçel ustası Yo-Yo Ma özünün "İpək Yolu" layihəsinin on illiyi şərəfinə Şimali Amerikada bir sıra konsertlər keçirəcək. Layihənin məqsədi böyük ticarət yolunda yaşayan xalqların musiqi ənənələrinə diqqət yönəltmək, Şərq və Qərb arasında musiqi əlaqələrinin möhkəmləndirilməsinə yardım göstərməkdir. Sözügedən layihənin yubileyi şərəfinə konsert qrupu altı şəhərə - Providens (Rod-Aylend ştatı), Vaşinqton, Boston, Ənn-Arbor, Minneapolis və Torontoya qastrol səfərinə çıxacaq. Kollektivin tərkibinə 20-dən çox ölkədən təqribən 60 məşhur musiqiçi, bəstəkar, musiqi tərtibatçısı və rəssam daxildir. Bu il isə orkestr ənənəvi Şərq musiqi alətlərindən istifadə etməklə fərqli proqram hazırlayıb. Orkestrin yeni işi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının multimedia tərtibatıdır. Layihədə məşhur muğam ifaçısı Alim Qasımov və onun qızı Fərqanə Qasımova iştirak edirlər. İndiana Universitetinin və Bakı Musiqi Akademiyasının professoru Aidə Hüseynova layihəyə məsləhətçi kimi cəlb olunub. ARİFƏ.
"Cəfər Cabbarlı yaradıcılığında soyqırım mövzusu" müzakirə edilib. Ötən gün Cəfər Cabbarlının ev-muzeyində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. "Cəfər Cabbarlı yaradıcılığında soyqırım mövzusu" adlı tədbiri ev-muzeyinin baş elmi işçisi Qəmər Seyfəddinqızı açaraq, tarix boyu azərbaycanlıların üzləşdiyi erməni vəhşiliyindən danışıb. O, ermənilərin millətimizin başına açdığı müsibətlərin, soyqırımı mövzusunun Cəfər Cabbarlı yaradıcılığından da yan keçmədiyini, əsərlərində öz əksini tapdığını deyib. Filologiya elmləri namizədi, alim Asif Rüstəmli və ev-muzeyinin direktoru Gülarə Cabbarlı mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Bildirilib ki, yazıçının "Bakı müharibəsi", "1905-ci il" və digər əsərlərində erməni-azərbaycanlı münaqişəsindən, xalqımızın başına gətirilən faciələrdən bəhs olunur. Tədbirdə rejissor Ələkbər Muradovun C.Cabbarlı haqqında çəkdiyi "Etiraf" sənədli filmi nümayiş olunub. Sonda A.Ələkbərov adına Respublika İncəsənət Gimnaziyasının müəllim və şagirdləri çıxış edib, soyqırım qurbanları və şəhidlər haqqında şeirlər səsləndiriblər. ARİFƏ.
Şıxoğlular ocağının sönməyən işığı. Zamanında görkəmli hərbçilər yetişib Şıxoğlulardan. Rus artilleriyasının babası çağrılan general Əliağa Şıxlınskinin kəşf etdiyi "Şıxlinski üçbucağı" deyilən üsuldan bütün dünyada yararlanıblar. Görünməyən hədəfi top atəşiylə vurmaq üsuludu bu. Gəncə qiyamında hərbi komandanlığı əlinə alıb bolşevik quldurlarına qan udduran general Cavad bəy Şıxlinski adaşı Cavad xandan sonra bu missiyanı şərəflə daşıdı. Ömrünü mühacirətdə keçirən, qardaş Türkiyədə yaşayan Qiyas bəy Şıxlinski kimi adlı-sanlı hərbçilər, dəyərli kişilər Şıxoğlular ocağından çıxdılar. O zamanlar dəbdə olan polyak (lehistan) soyad sonluğu götürüb Şıxlinski çağrıldılar Şıxoğlular. Onların doğma kəndləri II Şıxlı bütün dönəmlərdə sayılan-seçilən övladlarıyla tanınıb. İsmayıl Şıxlının baba yurdu vaxtilə Kürün sağ qıyısında qayanın-enmənin üstündə, yüksəklikdə binə tutub. İndi kəndin yerində göz işlədikcə uzanan üzərrik "plantasiyası" qalıb. Bir haşiyə. Üzərrik miladdan öncədən yaman gözü, bəd şüaları udan, zərərləşdirən bitki kimi evlərdə saxlanılıb. Harda, lap düzün ortasında, yamacda, dərə boyu üzərrik çoxluğu varsa o yerlərin haçansa yaşayış məskəni olduğu şəksizdi. Arxeoloji abidələrin yerini bildirən bələdçidi üzərrik. Qori seminariyasının türk bölümü Azərbaycana - Şuşaya köçürüləndə Qazaxda dayanıblar. Bina problemi ortaya çıxıb. Kosalar kəndindən bir bəy oğlu bəy irəli durub, Qazaxdakı böyük mülkünü təmənnasız verib seminariyaya. Zamanında böyük elm, maarif adamlarının dərs dediyi Türk bölümü ayrıca seminariya kimi işə başlayıb. İsmayıl Şıxlı sonralar Pedaqoji Texnikuma çevrilən bu təhsil ocağında oxuyub. Atası Qəhrəman müəllim İncə dərəsində, Qaymaqlı kəndində dərs deyəndə İsmayıl yeddiillik məktəbi 5 ilə bitirib. Yaşı çatmadığına görə sənədlərini götürməyiblər. İsmayıl Şıxlı deyirdi, ömrümdə birinci və axrıncı dəfə bir yanlış iş tutdum. Pəncərədən keçib, iş qovluğunda doğum ilimi iki il irəli çəkdim. Qəbul olundum. Rus-bolşevik repressiya maşını köklü-köməcli, adlı-sanlı bir soyun üstünə yeridi. Qaçan qaçdı, qalanlar tutuldu, güllələndi. Hər adama söz danışma. Dünya müxənnəs dünyasıdı. Atasının bu öyüdünə, tapşırmasına görəydi ki, Şıxoğluların İsmayılı balaca vaxtından kişi yerişi yerimək zorunda qaldı. Ağlı kəsəndən Şıxlinski soyadının şərəf yükünü ürəyində daşıdı, ağrıları, acıları içinə çəkdi. Uşaqlıq yaşamadı. İçi Tanrıdan gəlmə nurla doluydu İsmayıl Şıxlının. Çətin zamanlarda, sınaq məqamlarında büdrəmədi. Bu nurdan insanlara pay vermək eşqiylə yaşadı. Erkən gəncliyindən, hətta uşaqlığından "dəmirçi kürəsində" bişmiş, sindanında döyülmüş, hər zərbə onun içini saflaşdırmış, soy informasiyasından gələn dəyərlər bütövləşmiş, böyümüşdü. Texnikumu bitirdikdən sonra I Şıxlı, Daş Salahlı və Kosalar kəndində müəllim, dərs hissə müdiri, direktor vəzifələrində çalışdı. Ali Pedaqoji İnstitutun Dil-ədəbiyyat fakültəsinə qəbul olundu. Deyirdi ki, birinci dəfə Şıxlinski soyadından xeyir gördüm: "İmtahan vaxtı soyadımı görən böyük ziyalı Mikayıl Rəfili soruşmadan "5"imi yazdı. Qəbul olundum. Allahımdan razıyam ki, Əli Sultanlı kimi müəllimim oldu, çox şey öyrəndim ondan". Tələbəlik illərində də dinc buraxmırlar İsmayılı. DTK çinovniki onu dəfələrlə sorğu-suala tutur. Vaxtından çox tez kişiləşən İsmayıldan heç nə qopara bilmirlər. Yazıqlar ki, tələbə-otaq yoldaşı Şəmistan adlı birisi satqın çıxır. Bütün söhbətləri "dəniz qırağı"na çatdırır. Bu yerdə Səməd Vurğunun "Komsomol poeması"ndakı Sarı Şəmistan yada düşür. Sonra müharibə başladı. İsmayıl Şıxlının "Cəbhə gündəlikləri" o zamanın, müharibə dövrünün real mənzərələrinin geniş ponoramını canlandırır. Gündəlikdən seçmələr. "Yenə səngər qazırdıq. İndi bir az yumşaq torpağa çıxmışıq. Adamın ağzında dili quruyur, dodağı təpiyir. Bir qurtum su da tapılmır. Birdən lap yaxında oxumağa başladılar. Pəncərəsi, ay pəncərəsi, Sağalmaz səngər yarası. Oxuyan Çovdar idi. Bizi Qazaxdan yola salan gecəsi verilən konsertdə xanəndə qız Zeynəbin oxuduğu mahnının sözlərini dəyişdirmişdi: "Pəncərəsi, ay pəncərəsi, Sağalmaz xəncər yarası...". Səs-səsə verdik. Gülüşə-gülüşə bu mahnını oxuduq. Elə bil bir az yüngülləşdik. Torpaq da bir az yumşalan kimi oldu. Vəziyyət ağırdı. Cəlilov öldü. Əhmədov Məşədi xəbərsiz itib. Qalan uşaqlarımızdan hələ xəbər yoxdu. Evə getmək arzusu daha da artıb reallaşır. Qalibiyyətlə geri dönmək nə qədər xoşdu. Frişqaf. "Nəhayət uzun ayrılıqdan sonra noyabrın 22-də Ağstafaya çatdıq. Hava qarışmışdı. Hər yer palçıq idi. Meydandakı yük maşınlarına yaxınlaşdım. Mən onu qabaqladım. Yaxınlaşdı. Üzümə diqqətlə baxdı. Hüseynəliydi. Mən əsgərliyə gedəndə uşaq idi. İndi böyüyüb şofer olmuşdu. Hamıdan əvvəl bacım Həbibə qabağıma çıxdı. Ağladı və hiss etdim ki, əli ilə barmaqlarımı, bədənimi yoxlayır, şikəstliyim olub-olmadığını bilmək istəyir. Evimizin yanındakı balaca arxa yaxınlaşdım. Əsgərlikdəki kimi qurşağacan soyundum. Ayağımın birini arxın o üzünə, birini bu üzünə qoyub uzun ayrılıqdan sonra doğma torpağın soyuq suyunda ləzzətlə yuyunmağa başladım. Türk kişisinin, qadınının min-min illərdən gələn, yolboyu dolan dolğunlaşan, bütövləşən, insanlığa görk olan əxlaqi, milli, fərdi dəyərləri sərgilənib onun əsərlərində. Klassiklərimizin boysırasında dayana bildi İsmayıl Şıxlı. Onu tanıyanlardan kimi dindirsən, eyni şövqlə danışar. Şəxsiyyəti, yaradıcılığı, fiziki imkanları, boy-buxunu üçqat üst-üstə düşən, Tanrının sevdiyi nadir adamlardanıydı İsmayıl Şıxlı. Pedaqoq kimi də seçilirdi. Ustadı, müəllimlikdə idealı saydığı Əli Sultanlı kimi onun mühazirələrinə də kənar institutlardan tələbələr axışıb gələrdi. Bəsirətli gözləri, nurlu təbəssümü, ağırtaxta, ağayana davranışı, müəllim dostlarının dediyi kimi, çağdaş zamanda özünü, nəfsini, əxlaqını qoruyan, bulaşıq işlərdən yaxasını yana çəkən az adamlardandı. Dissident ədəbiyyatın qaranquşlarından biri oldu "Ayrılan yollar". İsmayıl Şıxlı etiraf edirdi ki, yazıçı kimi özümdən heç nə uydura bilmirəm, olanı yazıram. "Ayrılan yollar" çap olunanda yazıçının yaşadığı Kosalar kəndinin rəhbər işçiləri bu əsərdə toxunulan hadisələrdə özlərini görüblər. Gerçək həyati detallar olduqca inandırıcı verilib. İş o yerə çatıb ki, İsmayıl Şıxlını aradan götürmək qərarına gəlib onlar. Ağstafa çayının üstündəki körpüdə qarşısını kəsiblər İsmayıl Şıxlının. Xoş təsadüf nəticəsində baş tutmayıb qətl hadisəsi. Ədəbi hadisəyə, geniş oxucu kütləsinin sevimlisinə çevrildi. İlk qiyməti də o dönəmlərdə ədəbi tənqidimizin vicdanı sayılan Mehdi Hüseyn verdi: "Əzizim İsmayıl! "Dəli Kür" əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazacağını (məhz indi, bu illərdə) gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə oxuduğum heç bir əsər məni bunca sarsıtmamışdı. Səni öpürəm və qələbəni birlikdə bayram edəcəyimiz günü səbrsizliklə gözləyirəm. Qardaşın Mehdi Hüseyn. Biz - oxucular jurnalın yeni nömrələrini gözümüzə təpirdik. Ədəbiyyatımızda Cahandar ağa kimi kişi obrazı görməmişdik. Tanıdığı, müşahidə etdiyi kişilərin ümumiləşmiş obrazıydı Cahandar ağa. Həm də bu obrazı İsmayıl Şıxlı kimi bir kişi yazmışdı. "Dəli Kür" filmi roman səviyyəsinə yüksələ bilmədi. Düzdü, filmin son kadrlarını yuxarıdan - Moskvanın göstərişiylə kəsib atdılar. Bu da təsirsiz keçmədi. Bir dəfə Mərkəzi Komitədən gələn sifarişə əsasən Rəsul Rzanı vurmaq kampaniyası başlamışdı. Onda mən televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasında çalışırdım. Növbəti verilişlərin birində yuxarıdan gələn siyahı üzrə İsmayıl Şıxlı da iştirak etməliydi. Çəkiliş vaxtından təxminən saat yarım tez gəldi. Dedim, telefon açaydın, niyə zəhmət çəkmisən. Səbəbini soruşdum. Özü də nahaqdan. Bunu bəylik, kişilik kimi dəyərləndirdik. Meydan hərəkatında, müstəqilliyimizin bərpa daşları qoyulanda, Milli Məclisdə, hər yerdə özünü bir daha təsdiqlədi İsmayıl Şıxlı. Onun söylədiyi "Sapı özümüzdən olan baltalar" deyimi atalar sözü ucalığına qalxdı. Gördüyü, rastlaşdığı haqsızlıqları, "sapı özümüzdən olan baltaların" milli xəyanətini, filgötürməz ağrıları ahənrüba təki özünə çəkdi. Üzə vurmadı. Sonda tüfəng kimi içinə təpdi bu ağrılar. Şəkərə tutuldu. Şıxoğluların bu azman kişisi son günlərində gözlərinin işığını itirdi. Ürək işığında "yazdı" "Ölən dünyam"ı. Ömür-gün yoldaşı Ümidə xanım kağıza köçürdü onun söylədiklərini. İndi hər ikisi Tanrının dərgahındadı. Simvollar, ibrətli milli dəyərlər üstündə qurulub "Ölən dünyam". Eldə gördüklərinə, eşitdiklərinə, genetik soy informasiyalarını - içində olanları, görmək istədiklərini də qatıb İsmayıl Şıxlı. "Ölən dünyam" milli özgürlük və xarakterlər toplusudu. Qalın-qalın bitiklərin - kitabların ədəbi yükü var bu əsərdə. "Ölən dünyam" öncəki əsərləri kimi ədəbi təhlildən keçməyib, qədərincə açılmayıb. Yazıçı "Ölən dünyam" haqqında materialları çoxdan topladığını bildirirdi. Zamanı gəlmədiyindən qələmə almayıb. Zamanı gələndə yazdı. "Ölən dünyam"da Azərbaycan tarixinin, xüsusən də inqilab və repressiya illərinin səhnələri öz əksini tapıb. Hadisələr əsasən məmləkətimizin Qazax bölgəsində baş verir. Gəncə qiyamına yeni baxışdan toxunulur. Bizə bəlli olmayan məqamlara aydınlıq gətirilir. Bir bölgədə baş verənlər mərhələ-mərhələ göz önündən gəlib keçir, dönüş nöqtələri dərin ümumiləşdirmə və fərdi, fərqli cizgilərlə təqdim olunur. ... Naltökən yaylağı, Həsən ağanın qaçaqlara qoşulması, Şəmsəddin ağanın "troyka" tərəfindən öldürülməsi, Alqazaxlıların evinin dövlət səviyyəsində yağmalanması, sürgün yolları, Həsən ağanın 40-50 il sonra xaricdən vətənə dönməsi, ölümünə qayıdışı görklü səhnələrdir. Hadisələrin ikinci bölümü İncə dərəsində Qaymaqlı-Qamaklı kəndində baş verir. Uçitel, Mürsəl müəllim xətti, kəndin qımqımalı, zümzüməli günləri, qramafon oxutmaq, teatr tamaşası göstərmək, savadsızlığın ləğvi kursları, may bayramına hazırlıq, Mürsəl müəllimin ölümü, rus soldatlarının, troyka Fətullayevin kəndə gəlişi və başıpapaqlıların tutulması, Çapıq Əmrah süjeti, məscidin mühasirəyə alınması, silahların yığılması və Çapıq Əmrahın ölümü epizodları çox koloritlidir. Milli kökdən uzaq, manqurt komsomolçu nəslin yetişdirilməsi proseslərinin izləri də burda var. "Ölən dünyam"da üçüncü böyük bölüm Gəncə üsyanıyla bağlıdı. Bakıda milli hökumət devrilib, Türkiyəyə kömək adı ilə gələn rus-bolşevik ordusu Gəncədə lövbər salıb, çıxmaq istəmir. Belə bir sınaqlı zamanda Gəncə qubernatoru Xudadat bəy, Mirzə Qacar və Cavad bəy Şıxlinski kimi generallar, hərbçi zabitlər, qaçaqlar, bütün el ayağa qalxıb qiyam qaldırır. Rus-bolşevik qoşunlarının burnu ovulur. Gəncə üsyançıların əlinə keçir. Türkiyədən - Qars tərəflərdən gələn nizami rus ordusu Gəncədə tərksilah olunur. Milli ordunun yaradılması, qurulması üçün qədərincə silah-sursat ehtiyatı ələ keçirilir. Böyük bir millətin oturuşmuş, formalaşmış adət-ənənələri bilərəkdən, dövlət siyasəti səviyyəsində təhrifə uğradılır. İnsanı, şəxsiyyəti alçaldan, yaltaqlıq, yalançılıq, saxtakarlıq, satqınlıq cücərdən rus ideoloji makinasının aşkar-gizli fəaliyyəti çox ustalıqla açılır. "Ölən dünyam"da güclü xarakterlər, insan mənzərələri sərgilənir: bu adamları sındırmaq, öldürmək olar, amma əqidəsini, əxlaqını dəyişdirmək olmaz. İki böyük nəsil; Alqazaxlılar və Çıraqlılar yüzillər boyu qonşudu, qohumdu. Aralarında feodal qaydalarından gələn xırda düşmənçilik də var. Bu iki nəsilin taleyində baş verənlər fonunda o zamankı Azərbaycan türklərinin məişəti, davranışı, həyat fəlsəfəsi haqqında dolğun bilgi almaq olur. Başlanğıcda Alqazaxlılardan Həsən ağanın əlindən ov zamanı xəta çıxır. Çıraqlıların Ələddinini qəsdsiz öldürür. Qonşu, qohum, hardasa da düşmən olan bu iki böyük soyun münasibətləri bir az da tündləşir. Çıraqlılardan Ömər koxa kimi müdrik asaqqalın, Alqazaxlılardan Güllü xanım təki tədbirli, ağbirçəyin sayəsində münasibətlər qan-qadasız yoluna qoyulur. Bu iki obraz ədəbiyyatımızda yenidi, öz ədəbi siqlətinə, bütövlüyünə, orijinallığına görə. Arada retro kadrlar - ötələrdə baş verənlərə qayıdışlar - xatırlamalar hadisələrin düyünlərini açır, inkişaf dinamikasını gücləndirir. Həsən ağa Alan törəməsinin başını sığallaya-sığallaya canını torpağına tapşırır. Üç-dörd dönəm canavarların içində dəyişmiş, özü də canavarlaşmış Alan adlı itin içində iy duyğusu baş qaldırır. Həsən ağanı görəndə canavarlıqdan çıxır. Heyrətləndiricidi. Gərgin, başgicəlləndirici situasiyalar, kəskin tale çarpışmaları, döyüşlər, dönüşlər arxada qalır. Kür heç nə olmayıbmış kimi yenə öz qaydasında axır - həyatın əbədiliyi kimi... İsmayıl Şıxlı romanda təsvir olunanları görmüş, sinirlərindən keçirmiş, istedad süzgəcində arılamış, durulamış yazıçıdı. Roman xarakterlər qalereyasıdı. Keçmiş, tarixə qovuşmuş keşməkeşli dünya haqqında dolğun, doğru informasiya verir... Milli kimliyindən, kökdən-soydan gəlmə bəylik qüruru vardı İsmayıl Şıxlının içində. Qaymaqlı kəndində VII illik məktəbi 5 ilə bitirəndə də, seminariyaya, instituta, aspiranturaya imtahan verəndə də, Yazıçılar Birliyi sədrliyindən ərizə yazıb könüllü istefaya gedəndə də, 20 yanvar qətliamıyla bağlı bəyanatı imzalayanda da, partiya biletini biryolluq atanda da, "faşist gülləsindən qorxmadım, indi rus gülləsindənmi qorxacam"- deyib, olayların qaynar yerində görünəndə də bu qürur onu ayaq üstə saxladı. Saat kimi meyli hər zaman haqqa dolandı İsmayıl Şıxlının. İndi Özü də haqqın dərgahındadı. Doxsanın mübarək, ustad!
Gəncədə Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərgi açılacaq. Gəncə şəhərindəki Dövlət Rəsm Qalereyasında I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərginin açılışı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, aprelin 2-də keçiriləcək açılış mərasimində "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının və Xalq Çalğı Alətləri Orkestrinin iştirakı nəzərdə tutulur. Bu münasibətlə görkəmli ədib və alim Mir Cəlal Paşayevin ev-muzeyində festival iştirakçıları ilə görüş və konsert, N.Gəncəvi adına şəhər kitabxanasında isə rəssamlarla görüş təşkil olunacaq. Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin rəhbər işçilərinin, tanınmış mədəniyyət xadimlərinin iştirakı gözlənilir.
Öz tarixi və ünvanı olan insan. FİLOLOGİYA DOKTORU, PROFESSOR NİZAMİ XUDİYEVİN 60 YAŞI TAMAM OLUR. Milyonların, milyardların biri kimi doğulan, böyüdükcə düşünən, yaradan, yaratdıqca düşündürən insan, məhsuldar alim, yaradıcı publisist, qurduğunu qoruya bilən stabil ictimai-siyasi xadim, arqumentli şəxs, təcrübəli dövlət adamı... Özü demişkən, 1949-cu ildə Şahbuzun Badamlı kəndində sadə bir müəllimin və "bişir-düşür" ev işlərinə baxan əsl şərqli bir qadının ailəsində dünyaya göz açan, filologiya doktoru, professor, millət vəkili, 60 yaşı bu gün tamam olan, yaşının illərindən çox sayda uğurlara imza atmış, ən müxtəlif orden, medal, mükafatlar almış, bunları özü üçün gözütoxluqla yetərli bilən, ancaq dövlət, cəmiyyət, elm üçün etdiklərinin hələ az olduğunu düşünən Nizami Xudiyev! Tək-tək ziyalılara nəsib olan xoşbəxtlikdir ki, ömrünün hansısa çağında təhsil aldığı ali məktəbin prorektoru, rektoru pilləsinə qədər yüksələ bilib. Pedaqoji Universitetin filologiya fakültəsini bitirəndə taleyimizi yazandan başqa kimsə bilmirdi ki, Nizami Xudiyev illər ötəndən sonra həmin Universitetin rektoru olacaq. Əvvəlcə Həmkarlar İttifaqı Komitəsinin sədri, ardınca prorektor, daha sonra isə rektor. Bəlkə də məzunu olduğu təhsil ocağının rektoru postuna qədər yüksəlmək kimi nadir xoşbəxtliyə çatmaq üçün tələbə auditoriyasından o vaxtkı komsomolun MK-sına vəzifəyə gediş imkanını kənara qoyması taleyin xoş hökmü imiş. Görünür, dostumuzun taleyi ona hökm etmişdi ki, dövlət qulluğunda böyük siyasətə və məqamlara ancaq elmin zirvələrini fəth edəndən sonra keçsin. Həqiqətən də raykom katibi səviyyəsində siyasətlə məşğul olan bir insanın oğlu öz missiyasına uyğun olaraq, elmin zirvələrinə çatandan sonra yalnız 1996-cı ildə dövlət qulluğu miqyasında böyük siyasətə gəldi. Srağagün eşitdim ki, prezident cənabları professor Nizami Xudiyevi "Şöhrət" ordenilə təltif edib. Hazırda "Qələbədən başlayan məğlubiyyətimiz" adlı iri həcmli siyasi təhlillərimi çapa hazırladığım vaxtda ürəyimdən bir dostluğun mənəvi borc hissi keçdi - bəlkə 60 illik "Şöhrət"ə gedən dost yoluna mən də bir baxış keçirim?! Oçerk-portretləri isə öz yaradıcılığımda heç vaxt sınaqdan keçirməmişəm. Xüsusilə də yaşayan, vuruşan, hələ də yaradan, ortaya yoxdan var çıxaran, var olanı kamilləşdirən insanlar haqqında yazmaq istəyəndə qələmimi xəsislik basır. Yox ki, paxıllıq və xudpəsəndlikdən əziyyət çəkirəm. Məni tanıyanlar bu fikirlərə məndən sübut istəməyin nə qədər yersiz olduğunu yaxşı bilir. Sadəcə ona görə ki, bir insana layiq olduğu böyük dəyəri kamil səviyyədə verə bilməməkdən qorxuram. Həm də aldığı dəyərə layiq olmayan bir kimsəyə verə biləcəyim şişirdilmiş qiymətin doğurduğu mümkün tənədən çəkinirəm. Ancaq dostum Nizami Xudiyev haqqında onun gözlədiyimiz yubiley günündə - bu gün tamam olan 60 yaşında yazmaq, demək fürsətini əldən buraxmaq fikrim yoxdur. 60 illik yaş zirvəsində "Şöhrət"ə aparan uzun yol - namizədlik, doktorluq dissertasiyaları, 50-dən çox monoqrafiya, dərslik və dərs vəsaitinin, 40-dan çox sənədli filmin ssenari müəllifi, saysız beynəlxalq elmi konfransların, simpoziumların iştirakçısı, Ziyalılar Cəmiyyətinin, Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, üç dəfə dalbadal parlament təmsilçisi, Amerika Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, başqa neçə-neçə həqiqətən uzun bir siyahıya oxşayan beynəlxalq təşkilatların üzvü, mükafatların, fəxri diplomların sahibi, nəhayət "Şöhrət" ordençisi... Doğrusu, Nizami Xudiyev haqqında yazmaq, danışmaq istəyəndə nədən başlamağın, daha doğrusu nəyi önə çəkməyin düzgün olduğunu təyin etməkdə çətinlik çəkirəm. Sualın cavabından asılı olmayaraq, bəlli bir həqiqətdir ki, saysız titulları sayılmadan da kifayət qədər tanınan Nizami Xudiyevi çox dolğun, həm də çox qısa təqdim etməyin ideal forması var - türkoloq alim, ictimai-siyasi xadim Nizami Xudiyev! Yəni onun timsalında türkoloq alimlə ictimai-siyasi xadimin obrazını bir-birindən ayırmaq düzgün olmazdı. Bir-birini tamamlayan iki atributu necə ayırmaq olar? Onun Azərbaycan elminə töhfə etdiyi "Azərbaycan ədəbi dilinin təşəkkülü", "Tərcümə ədəbiyyatı və ədəbi dilimiz", "Azərbaycan ədəbi dil tarixi, Heydər Əliyev və Azərbaycan dili", "Radio, televiziya və ədəbi dil" və s. kimi əsərlər öz milli kökünün dəyərini lazımınca anlayan bir milli ruhlu alimin edə biləcəklərinin dolğun çəkisidir. Ancaq Nizami Xudiyevin yaradıcılıq irsini saysız elm, ədəbi, publisistika, oçerk-portret nümunələrilə məhdudlaşdırmaq istəməzdim. Bunlar yalnız düşünən bir alimin yarada biləcəkləri və yaratdıqlarıdır. Ancaq Nizami müəllim təkcə bunlar demək deyil axı! Onlar cəmi bir neçə on nəfər, bəlkə də az sayda fədakar insanlar idi. Mərhum prezident Heydər Əliyevin özünün siyasi kursunun və irsinin müdafiəsinin yüz minlərlə həm səmimi, həm qeyri-səmimi, həm də konyunkturaçı hissiyyat daşıyıcılarından ibarət fərdlərin kütləvi axınına çevrildiyi indiki rahat vaxtlardan fərqli olan çox narahat dövrlər də var idi və yaxın keçmişdə qaldı. İndi bu sayaq müdafiələr elə də böyük qəhrəmanlıq, igidlik sayılmır. Ancaq razılaşaq ki, sıralarında yubilyar professor dostumuz Nizami Xudiyevin də olduğu bir neçə on nəfərlərdən ibarət fədakar insanların 17 il əvvəl başlatdığı uzun yolun özü də bir əsərdir - siyasi tarixi əsər. Müstəqil Azərbaycanın tam mənzərəsini dəyişərək, onda sabitlik elementlərini möhkəmləndirən siyasi kursun ilk müdafiəçilərindən, yaradıcılarından biri olmaq məgər özünəməxsus bir əsərə müəlliflik hüququ vermirmi? Məlum tezisdir ki, bir halda çox yaxın məsafədən insanın tam dolğun dəyərini vermək, bütün tərəflərini görmək mümkün olmur, başqa bir halda isə, insanı çox uzaq məsafədən yetərincə dəyərləndirmək mümkünsüz olur. Ancaq tale elə gətirdi ki, son 14-15 ildə dost olaraq Nizami Xudiyevlə həm uzaq, həm yaxın məsafədən, həm də fasiləli təmaslarda olduğum üçün onu alim və ictimai-siyasi xadim kimi xarakterizə edə bilən bütün keyfiyyətlərini görmək imkanım olub. 1990-cı illərin ortalarında Naxçıvan Ali Məclisindəki ilk şəxsi görüşümüzdə onu yalnız ictimaiyyətçi, siyasətçi olaraq xarakterizə edən Az.TV-nin rəhbəri, deputat, YAP-ın rəhbərlərindən biri olan göstəricilərilə tanıdım, sonrakı illərdə isə onun alimlik dünyasına, şəxsi-mənəvi aləminə də yaxından bələd ola bildim. Təkcə özünün şəxsi karyerası üçün yaradan insanlardan deyil. Onun elmdə də, siyasətdə də etdiklərinin, yaratdıqlarının geniş ictimai-dövlətçilik məzmunu var. Şəxsiyyətləri xarakterizə etməyin tarixən ən müxtəlif üsul və meyarları olub. Kütlədən fərqli düşünənlər deyiblər, axının əleyhinə gedə bilənlər deyiblər, öz dövründə yox, neçə yüz ildən sonra başa düşülənlər deyiblər, başqa cürbəcür, hətta çox mücərrəd və başadüşülməz formada deyilən fikirlər də olub. Mənsə elə Nizami müəllimin özünün təvazökar insan xarakterinə çox yaraşan sadə və qısa bir formada deyirəm ki, insanın, şəxsiyyətin "öz tarixi və öz ünvanı" olmalıdır. Saysız elmi əsərləri, dissertasiyaları, oçerkləri, ssenarilərilə mənsub olduğu xalqa və dövlətə, eyni zamanda, əlbəttə ki, özünə məhsuldar bir alimin, jurnalistin və publisistin tarixini də yazıb. Üzvü olduğu partiya və parlament, çoxlu beynəlxalq təşkilatlar, aldığı mükafatlar və fəxri adlar isə onun dəyişməz ünvanını göstərən parlaq elementlərdir. Mən bu ünvan elementlərindən birini xüsusi qeyd etmək istəyirəm. Aralarında mərhumlar, yaşayanlar var. Kimsənin xatirinə dəyməsin. Az.TV söz birləşməsini tanıtma titullarından biri kimi heç də bütün sədrlərin adının əvvəlinə qoşmurlar. Yəqin ki, bir çox ictimai dairələrdə, el dilində təqdimat anlarında "Az.TV-Nizami Xudiyev" deyildiyini sizlər də görüb, şahidi olmusunuz. Az.TV adı bir tanıtma titulu kimi o sədrlərin adına-soyadına yapışır ki, bu quruma səssiz-səmirsiz gəlib izsiz-soraqsız getməyib, bu qurumda özünün dövrünü yaradıb - özü gedəndən sonra yaşayıb-yaşamamağından asılı olmayaraq. Həqiqətən Nizami Xudiyev Az.TV-nin tarixində yenə mərhələ açdı. Razılaşaq ki, sakit, əmin-amanlıq dövrlərində bütün sahələrdə, bütün qurumlarda mərhələ açmaq, ya olanı davam etdirmək mümkündür və çətin deyil.. Ancaq bunu çox gərgin ictimai-siyasi mühitdə, əli avtomatlı mühafizəçilərin zorən müşayiətilə etməyin çəkisi, sanbalı başqadır. Nizami Xudiyev məhz belə şəraitdə Az.TV-ni əlinə yığıb-yığışdırdı, indi neçə-neçə televiziyanın, radionun, internet portalın, agentliyin gördüyü işin altına təkbaşına çiyin verən yeganə ideoloji tribunaya çevirdi. Hərdən eşidirik ki, "O, televiziyanı siyasiləşdirdi, bir partiyanın ixtiyarına verdi" və s. Belə fikirlərlə yanaşı, istisnasız, mübahisəsiz qəbul edilən bir reallıq da var - Nizami Xudiyev televiziyanı dövrünün tələblərinə ideal uyğun formada ustalıqla yenidən yaratdı. 60 illik yaşın zirvəsində onun öz keçmişində öyünə biləcəyi uğurlardan biri bu məqamla bağlıdır. 1996-cı ildə kiminin məkrlə, kiminin narahat təəssübkeşliklə dediyi "dilçidən də televiziya sədri olarmı" sualına ən dolğun cavabı 10 illik sədrliyilə onun özü verdi. Nizami müəllimdə diqqət çəkən və çox məqbul saydığım xüsusiyyətlərdən biri də alim çevikliyilə siyasətçi təmkinini bacarıqla birləşdirə bilməsidir. Elmi yaradıcılığında nə qədər çevik axtarışlara meyllidirsə, mənsub olduğu siyasi kurs müstəvisində bir o qədər stabildir və separatçı düşüncələrdən uzaqdır. Çevik elmi potensialı, sabit siyasi prinsiplərə söykənən düşüncə tərzi, "qocalığın gəncliyi" deyilən indiki yaş dövrünə məxsus fiziki-mənəvi enerji Nizami müəllimi hələ bundan sonra da neçə-neçə elmi əsərlərə, ictimai-siyasi fəaliyyət uğurlarına və əlbəttə ki, dövlət idarəçilik postlarına müəlliflik, sahiblik etmək formasında saxlayır. Buna görə inanıram ki, hörmətli dostumun növbəti - 70 illik yubileyində onun portret-oçerkinə deyilənləri çox təkrar etmədən, onlara əlavə olaraq yeni uğur faktlarından danışa biləcəyik. 60 illik zəhmətin cənab prezident tərəfindən töhfə edilən "Şöhrət" zirvəsində sizə öz tarixi və ünvanı olan ömrünüzü daha məzmunlu etmək üçün möhkəm cansağlığı arzulayan dostunuz.
Məmməd Məmmədqulu oğlu Məmmədyarov. Sovet dövrünün heykəlləri. Azərbaycanda sovet dövründə ucaldılmış abidələrdən biri də Məmməd Məmmədqulu oğlu Məmmədyarovun Maştağa kəndindəki abidəsidir. M.Məmmədyarovun fəaliyyəti haqqında əhalinin mütləq əksəriyyətinin məlumatsız olduğunu nəzərə alaraq, qısa da olsa, onun haqqında məlumat verməyi lazım bilirik. Bakının ən qədim kəndlərindən biri olan, xalqın adət-ənənəsini, islam dinini sovet dövrü qadağalarından, hücumlarından ləyaqətlə qoruyan Maştağa kəndinin girəcəyində heykəli ucaldılmış Məmməd Məmmədqulu oğlu Məmmədyarov kimdir? Fikrimizcə, hər gün bu heykəlin qarşısından Buzovnaya, Bilgəhə və digər Bakı kəndlərinə gedən insanları heç olmasa ani də olsa, bu sual düşündürməyə bilməz. Azərbaycan Respublikasının prezidenti H.Əliyevin 27 mart 1998-ci il "31 mart Azərbaycanlıların Soyqırımı haqqında" fərmanından sonra 1918-ci il faciəsilə bağlı bir sıra tədqiqat işləri aparılmasına baxmayaraq hələ də bu dövrün öyrənilməmiş səhifələri mövcuddur ki, bunlardan biri M.Məmmədyarovun fəaliyyətilə bağlıdır. Onun fəaliyyətinin obyektiv tədqiq olunması və siyasi qiymət verilməsi tarixçilər qarşısında duran ən mühüm vəzifələrdəndir. Fikrimizcə, bu cür tədqiqatların genişləndirilməsi hazırda çox aktualdır. Çünki keçən əsrin əvvəllərində xalqı erməni-bolşevik vəhşiliyindən qoruyan xalqın qeyrətli insanları, o cümlədən Maştağa kəndinin qəhrəman oğulları haqqında əhalidə heç bir məlumat olmadığı halda xalqa düşmən mövqedə dayanmış M.Məmmədyarovun təbliğ olunması bağışlanmaz səhvdir. Onun fəaliyyəti digər bolşevik rəhbərlərə nisbətən diqqəti az cəlb etdiyinə görə haqqında yalnız sovet tarixşünaslığında fəaliyyətinin əsasən 1902-1920-ci illərini əhatə edən qısa məlumatlar var. Fikrimizcə, onun sovet hakimiyyəti illərində diqqətdən kənarda qalmasının əsas səbəbini erməni-rus bolşevik rəhbərlərinin M.Məmmədyarov kimilərindən öz məqsədləri üçün istifadə etdikdən sonra onlara etimadsızlıq göstərməsində, ona ciddi əhəmiyyət verməmələrində axtarmaq lazımdır. Sovet dövründə nəşr olunmuş "Azərbaycan tarixi" kitablarında məlumatlarla yanaşı, onun haqqında T.Əsədovanın 1966-cı ildə "Məmməd Məmmədyarov. 1917-ci ilin sonunda S.Martikyan, M.Plşakov, A.Baqdasarovla birlikə qırmızı qvardiyanın təşkilində fəal iştirak edib. Sovet tarixşünaslığında onun fəaliyyətinin ən "parlaq" dövrü kimi Bakıda müsəlman əhaliyə qarşı 1918-ci ilin mart qırğınları dövründə əks mövqedə durması, S.Şaumyanın rəhbərliyi altında müsəlman əhaliyə qarşı qırğınlarda fəal iştirakı geniş şərh olunur. Məsələn, 1958-ci ildə nəşr olunmuş "Azərbaycan Kommunist Partiyasının tarixi" kitabının I cildinin 311-ci səhifəsində yazılır: "Mart vuruşları günlərində M.Məmmədyarov, Mikoyan... və başqa bolşeviklər sovet hakimiyyətini müdafiə edənlərin ilk sıralarında idilər. Müsavatçılarla vuruşmalarda A.Mikoyanın və M.Məmmədyarovun qızıl qvardiya dəstələri xüsusilə fərqlənmişdi. Bu dəstələr "dikaya diviziyanın" Nikolayevski küçəsində (İndiki İstiqlaliyyət küçəsi) "İsmaliyyə" binasında yerləşən ştabına, habelə müsavatçıların səngər etdikləri İçərişəhərə hücum edirdilər". Fikrimizcə, Bakıda dinc əhaliyə qarşı qırğının ən şiddətli dövründə Azərbaycan milli qüvvələrinin "İsmaliyyə" binasında yerləşən qərargahına hücum edən dəstələrdən birinə M.Məmmədyarovun rəhbərlik etməsi onun xalqa qarşı qatı düşmən mövqedə dayandığını sübut edir. M.Məmmədyarov özü həmin hadisələrdə iştirakı haqda yazır: "1918-ci ilin mart hadisələri baş verən zaman bizim qızıl qvardiyamız sayca hələ az idi. Mart hadisələri günlərində Maştağa mollaları məscidlərdə bolşeviklərə qarşı "müqəddəs müharibə" elan edirdilər. Onlar deyirdilər ki, dindarların düşməni olan bolşevikləri öldürmək günah deyil, deyirdilər ki, kim bolşevik Məmmədyarovu öldürsə, cənnətə düşəcək. O, sonradan həbsxanadan qaçaraq Bakıya gəlmiş və şəhərdə dinc müsəlman əhaliyə qarşı soyqırım həyata keçirən S.Şaumyanın quldur dəstəsinə yaxından kömək göstərib. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra M.Məmmədyarov Gəncə istiqamətinə hücuma keçən daşnak-bolşevik qoşunlarının tərkibində öz xalqına qarşı vuruşub. O, özü bu barədə belə yazır: "Korqanov yoldaşın komandanlığı altında bizim qızıl qoşunlarımız Kürdəmir cəbhəsində dayanmışdı. Mərkəzi Komitənin sərəncamı ilə mən, Sultan Əliyev, Mahmud Ağayev, Hənifə Hüseynov və başqaları səfərbərliyə alınıb Kürdəmir rayonuna göndərildik... Kəndlərdə sovetlər təşkil etdik və qızıl ordu üçün yeni qüvvələr səfərbərliyə aldıq. Bu məsələ barədə digər mənbədə belə yazılıb: "Bakı qəzasının Maştağa və Şubanı kəndlərində M.Məmmədyarovun və D.Bünyadzadənin rəhbərliyilə azərbaycanlı kəndlilərindən dəstələr düzəldilmiş və bu dəstələr qızıl ordu hissələrinə daxil olmuşdular. Bu əmrin müsəlman əhali arasında həyata keçirilməsində M.Məmmədyarov mühüm rol oynamışdı. O, Gəncədə yerləşən Azərbaycan Xalq Cümhuriyyətinə qarşı qanlı döyüşlərdə daşnak-bolşevik qüvvələrinə kömək göstərmək məqsədilə müsəlman əhalin zorla səfərbərliyə alması öz xalqına qarşı törətdiyi ən ağır cinayətlərdən hesab oluna bilər. Azərbaycan xalqının fəxr edə biləcəyi tarixi günlərdən biri də 15 sentyabr 1918-ci il tarixdə Bakının daşnak-bolşevik işğalından azad olunduğu gündür. Bu qələbənin qazanılmasında Azərbaycan və qardaş Türkiyənin yüzlərlə əsgəri şəhid olmuş, onların qəhrəmanlığı sayəsində Azərbaycanın döyünən ürəyi olan Bakı düşmənlərdən təmizləmişdi. Azəbaycan milli ordusu qardaş türk ordusu ilə Bakını azad etmək uğrunda ölüm-dirim savaşı apararkən M.Məmmədyarov və başqaları məscidlərdə əhali arasında onların əleyhinə təbliğat apararaq əhalini daşnak-bolşevik hakimiyyətini qorumağa çağırmışlar. M.Məmmədyarovun bu dövr fəaliyyəti də xalqın əleyhinə düşmənçilikdən ibarətdir. O, yazır: "Bizim cəbhənin vəziyyəti çox ağır idi... İki ay bundan əvvəl biz Bakıdan çıxan zaman malik olduğumuz on beş minlik ordudan indi bizim Biləcəri mövqelərində cəmi beş yüz nəfərə qədər əsgərimiz və Petrovun gəlib özünü yetirmiş dəstəsindən iki yüz nəfər adam qalmışdır. Mübarizəni davam etdirmək daha mümkün deyildi. Çünki düşmən hər tərəfdən Bakı üzərinə yeriyirdi. Türklərin nizami qoşunları, zirehli qatarlar, müsəlman korpusunun və "Vəhşi diviziya"nın hissələri, xanların və bəylərin silahlı quldur dəstələri - bütün bunlar şəhər üzərinə gəlirdi". M.Məmmədyarov Azərbaycan xalqını daşnak-bolşevik genosiddən qoruyan milli orduya və xilaskar türk ordusuna, həmçinin Maştağanın şəxsiyyətli insanlarına düşmən mövqe bəsləməsinə baxmayaraq milli hərbi birləşmələr Bakıya daxil olandan sonra onu həbs etsələr də, bəlkə də müsəlman olduğuna görə erməni və rus bolşeviklərindən fərqləndirərək onu öldürmədilər. O özü bu barədə belə yazır: "Caparidze yoldaş mənə məsləhət gördü ki, Maştağaya gedib özümün bütün sənədlərimi götürüm, ailəmi yerbəyer edim, sonra isə hamı ilə birlikdə Həştərxana yola düşmək üçün şəhərə qayıdım. Mən Maştağaya gələrkən, artıq burada türk generalı Təlfüt Paşanın qərargahı yerləşmişdi. Qoçu Əziz və onun köməkçiləri olan mollalar türklərin yanında fəxri adamlar idi. Onlar qərargaha xəbər verdilər ki, "bolşeviklərin başçılarından biri" olan Məmməd Məmmədyarov Maştağaya gəlmişdir. Məni həbs etdilər və Paşanın yanına gətirdilər, o isə heç bir şey soruşmadan mənə 75 çubuq vurulmasını əmr etdi. Üçüncü gecə həmin zirzəmiyə on altı nəfər rus bolşevik yoldaşı gətirdilər, lakin onlar burada çox qalmadı. Onları apardılar və bir qədər sonra atəş səsləri eşidildi". Daha sonra M.Məmmədyarov Gəncəyə göndərilir və məhbus kimi orda müxtəlif işlərdə işləyir. Bir qədər sonra o, həbsdən qaçaraq yenidən Bakıya gəlir və şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin daxildən zəiflədilməsində, XI ordunun işğalında mühüm rol oynayır. M.Məmmədyarov 1920-ci ilin əvvəllərindən etibarən Balaxanıda milli hökumət əleyhinə iş apararaq əsasən rus və erməni fəhlələrindən ibarət dəstələr düzəldərək daxildə təxribatlar aparmaqla məşğul olur. XI ordunun hücumu zamanı onun təşkil etdiyi dəstələr Bakıda pozuculuq işləri apararaq düşmənə qarşı müqavimətin təşkilinə mane olur. Bakı XI ordu tərəfindən işğal olunduqdan sonra Maştağa kəndində düşmənə qarşı müqavimət güclü olduğuna görə komandan Ostrovskinin əmri ilə kənddə mühasirə vəziyyəti elan edilir və M.Məmmədyarov milli qüvvələri məhv etmək üçün Maştağaya göndərilir. O Maştağaya gələn kimi kəndin ağsaqqallarını, din xadimlərini və kənddə böyük hörmət sahibi olan qoçu Əzizi həbs etdirərək, onlardan qisas alaraq hamısını güllələyir. Bundan sonra bolşeviklər 1920-ci il iyunun 28-də ona Bakı qəzasında ictimai təminat şöbəsinin təşkilini tapışırırlar. Bu dövrdə M.Məmmədyarovun rəhbərliyi ilə Bakı kəndlərində zorla əhalinin əmlakının müsadirə olunması, ərzağın, hətta yorğan-döşəklərdə olan pambığın əlindən alınaraq aclıq çəkən və vətəndaş müharibəsi gedən sovet Rusiyasına göndərilməsi geniş vüsət almışdı. Yuxarıda sadalan və digər faktlar sübut edir ki, M.Məmmədyarovun bütün fəaliyyəti daşnak-bolşevik qüvvələrinə xidmət etməklə, Azərbaycanın müstəqilliyi əleyhinə olmuş və buna görə də öz xalqına qarşı müxtəlif cinayətlərdə şüurlu surətdə iştirak edib. O, sovet hakimiyyəti illərində müxtəlif vəzifələrdə çalışıb və1933-cü ildə öz əcəlilə vəfat edib. Onun qəbri Bakıda, Fəxri Xiyabandadır. Fikrimizcə M.Məmmədyarov və onun kimilərin fəaliyyəti haqqında tam təsəvvür yaratmaq üçün hələ çox işlər görülməli, xüsusilə arxivlərdə saxlanan mənbələr yenidən, hərtərəfli öyrənilməlidir. Lakin bu cür şəxslər haqqında yaşlı əhali arasında olan canlı şahidlərin də məlumatları dəyərli mənbə rolunu oynaya bilər. Biz hər hansı abidənin uçurdulmasına və ya götürülməsinə müsbət münasibət bəsləmirik. Lakin əhali arasında məlumatsızlığı aradan qaldırmaq üçün M.Məmmədyarovun anti-milli fəaliyyəti haqqında abidənin önündə məlumat lövhəsi asılmasını zəruri və məqsədəuyğun hesab edirik. Məhərrəm ZÜLFÜQARLI, tarix elmləri namizədi.
Nahid ərəbcə ulduz adıdır. Bu ulduzun bir adı da Zöhrədir. Deməli, Zöhrə də Nahiddir. Deməli, Sevid də Nahiddir. El içində bu ulduza Dan ulduzu deyirlər. Bütün bu məlumatları lüğətlərdən götürmüşəm. Burda cəm olan adlara baxıb gördüm ki, hamısı Nahidə yaraşır. Bu kitab eşqsiz yazılmazdı. "Yada düşdü" kitabı bayaq dediyim lüğətlər kimi bir kitabdır. Xatirələr lüğəti! Nazim Hikmət, Bülbül, Əli Vəliyev, Rəsul Rza, İlyas Əfəndiyev, Mir Cəlal, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Seyfəddin Dağlı, Elçin, Şahmar Əkbərzadə haqqında xatirələr, Qabil, Əliağa Kürçaylı, Qəzənfər Paşayev, Əlibala Hacızadə, Musa Yaqub, İlyas Tapdıq haqqında məqalələr də birər-birər ulduzlardır, səpələnib "Yada düşdü" adlı bu kitab- asimana. İndi-indi yaşı 70-i haqlamış, dünyanı görüb-götürmüş bu adam, görüb-götürdüklərini ulduz-ulduz, yan-yana düzüb bu xatirələr kəhkəşanına. Bəlkə doğrudan da istedaddır. Görmədiyini gördüyü kimi qələmə verir. Amma Nahid başqa! O, adını çəkdiyi yazıçıların hamısı ilə təmasda olub, onları yaxşıca tanıyıb. Nahid "getdim, gördüm" xatirələr yazmayıb. Bunların hər biri ustad qələmindən çıxmış bədii əsərlərdir. Nahaq yerə şair Bəxtiyar Vahabzadə ona şair deməyib ki! Deyib ki, yazdıqların mənsur şeirlərdir. Elə bu xatirələr də sənədli, mənsur şeirlərdir. Nahidin yaddaşı elə kompüter yaddaşı imiş. Nahidin yaddaşı kamil yaddaşdır. Bu mərtəbə mükəmməl xatirələr yalnız kamil yaddaşdan süzülüb gəlir. Nahidin yaddaşı - Gədəbəyin dağından, daşından, gül-çiçəyindən, qarından-yağışından, alçasından, almasından, İlyas Tapdığın məşhur şeirində sadaladığı bütün nemətlərdən nəşvü-nüma tapıb. Nahidin yaddaşı elmi yaddaşdır. Nahidin yaddaşı tarixi yaddaşdır, bəlkə də yaddaşın tarixidir. Bir adətimiz var: keçmişi unuduruq. Unutqan olmasaydıq, ayıq olardıq! Tarixi doğru-dürüst, aydın, mübaliğəsiz, olduğu kimi yazmaq gərəkdir. Onun ömür yolu televiziyadan və Ensiklopediyadan keçib gəlib, hər iki iş yeri möhtəşəm və mötəbər təcrübə məktəbləri idi. İndi bu kitab da bir təcrübə məktəbi olacaq. Əlinə qələm götürüb xatirə yazmaq istəyən, oxusun, öyrənsin. Mən xatirələri ayrı-ayrı təhlil eləmədim. Mən Nahidin ecazkar qələmini mədh edirəm. Bu yazılar yuxusuz gecələrin, ağır fəhlə zəhmətinin bəhrəsidir. El içində bu cür fəhləyə qara fəhlə deyirlər. Bilmədiklərimizi öyrəndik, eşitmədiklərimizi eşitdik. Bu son illərdə dünyada ən çox oxunan elə memuar ədəbiyyatıdır! Bunun da biliciləri az-çox var indi aramızda. Amma Nahidin "Yada düşdü"süylə yüksək mərtəbəyə qalxdı bu janr. İndən belə xatirələrdən söz düşəndə "Yada düşdü" yada düşəcək! Fərhad Bisütunu yarıb qayadan yol açırdı, su axtarırdı. Nahid ağ vərəqlər üzərində iti qələmlə şırımlar açıb, yol salıb. Dünəndən bu günə, keçmişdən sabaha gedən yol! Həm xatirələrini danışdığı adamların, görkəmli yazıçıların, ziyalıların adlarını bir daha əbədiləşdirdi, həm də öz adını aləmə tanıtdı. Qərb, ya dünya öz xatirə yazanlarıyla öyünməsin. Bizim də dünyaya çıxacaq xatirə yazanımız var. Fəxr edirik ki, Nahid bizim millətin övladıdır. Qələm dostumuzun uğurundan bizə də pay düşür. Mən kitab təqdimatını qəbul etməyənlərdən biriyəm, çoxu kitabını yox, özünü təriflətmək üçün təqdimat keçirir. Amma bu təqdimatı qəbul eləyirəm. İki əlimi də göyə qaldırıb, sevincdən bağırmaq istəyirəm. Bununla da Azərbaycan kitab xəzinəsi çox nadir bir kitabla zənginləşdi! Daha bir qüdrətli sənətkar da Azərbaycan ədəbiyyatında öz layiqli yerini tutdu. Sadıq Fikrət.
Qobustanın yenidən kəşfi. AMAZONLARIN OXUNMAMIŞ DAŞ KİTABI: Mən Vətənimin tarixi və mənəvi dəyərlərini qürbətdə dərk etdim. Amazonlar kim olublar - savaşçı, qorxmaz, ədalətli həm də vəhşi Qafqaz qadınları, at belində, ox çiynində köçəri qadın topluları. Ox ata bilmək üçün uşaqlıqda sağ döşləri dağlanır, dağlarda yaşarmışlar, yazda düzənliklərə enib, nəsil artırmaq üçün qarqarlarla görüşürlərmiş. Oğlan uşaqlarını qarqarlara verər, qız uşaqlarını özlərilə götürərək, yenidən dağlara çəkilirlərmiş. Qafqazdan baş alıb, Xəzər, Qara dəniz boyunca, Türkiyəyə, Yunanıstana və bütün dünyaya yayılıblar. Şəhər qurucuları kimi də tarixdə iz buraxıblar ulu ana xaqanı əcdadlarımız. Düz 25 il Azərbaycanda yaşamışdım, amma Qobustanda olmamışdım. Dünyadakı ən böyük palçıq vulkanlarının mənim vətənimdə olduğundan da xəbərsiz idim. Atəşgahda olmamışdım. Bütün uşaqlığım Qafqaz Albaniyasının qədim torpaqlarında keçsə də, Alban kilsələrinin sirrini, sehrini, dəyərini, bu dağlarda olan Qız qalalarının sirrini anlamamışdım. Bəlkə də min dəfə Şəki Xan Sarayının yanından ötüb keçsəm də, bu sarayın əzəmətini duymamışdım. Vətəni tanımaq üçün qürbətə düşmək gərəkirmiş. Uzun illərin həsrəti insana Vətənini yenidən kəşf etdirirmiş. Dünyanın bir çox ünlü tarixçiləri, tədqiqatçıları amazonların tarixini öyrənsələr də, cild-cild kitablar yazsalar da, son sözü doğru-dürüst deyə bilməyiblər, amazonları yunan qadınları hesab ediblər. Çünki dünyanın heç bir yerində gözlə görülə, əllə tutula biləcək tutarlı faktlara hələ rast gəlinməmişdi. Doğrudur, antik tarixçilər bizə zaman-zaman ipucu versələr də ki, amazonlar Qafqaz qadınları olublar, amma arxeologiya bu sahədə çox söz deyə bilməmişdi. Təbii ki, Kaliforniya Universitetinin professoru xanım Kimbalın Gürcüstan sərhədindəki amazon qəbirlərini kəşf etməsindən başqa. Almanlar bu barədə sənədli film çəkiblər ("Expedition. Sagenhafte Völker das Amazonenrtsel" - "Əfsanəvi xalqın Amazon tapmacası"). Bir çox əzəli irslərimizi mənimsəmiş xalqlardan biri olan yunanlar da Qafqaz amazonlarına sahib çıxıblar. Onlar yunan qadını Pentaziliyanı savaş Allahı olan Aresin qızı kimi ilk Amazon elan edirlər və bundan sonra heykəltəraşlıq, bədii sənət və bütün incəsənət nümunələrində əbədiləşdirirlər. Bu mərhələ yalnız eradan öncə 5 əsrdən etibarən başlayır. Amma yunanlar bilməyiblər ki, qədim əcdadlarımız Qobustanın daş qayalarına savaşkar amazonları hələ eradan öncə 8 min il qabaq həkk edərək bizlərə ötürüblər. Beləcə, amazonların - (son illərin rus versiyalarından bizə amazonkalar kimi gəlib çatıb) ulu əcdadlarımızın izini araya-araya gəlib Qobustana çıxdım. Amazonların indiyə qədər oxunmamış qalan ulu daş kitabəsini vərəqləməyə başladım. Daşlaşmış amazonlar tərpənmişdilər. Hələ 2004-cü ildə Azərbaycan və Almaniya mətbuatında "Azərbaycan Amazonlar ölkəsidir" adlı məqalələrlə çıxış etsəm də, amazonların bir mağarasını, qalasını dünyaya sübut kimi göstərmək üçün çox böyük faktlar lazım idi. Son dövrdə üzə çıxarılan arxeoloji qazıntılar mənə yetərli qədər ipucu verirdi. Qobustan haqqında son bir ildə apardığım axtarışlar isə bütün 15 ildəki axtarışlarıma sanki birdən Günəş kimi işıq saçdı. Son bir ildə Qobustanda bir neçə dəfə olmuşdum. Antik tarixçilərin, yunanların, qədim romalıların, ərəblərin amazonlar haqqında yazdıqlarını illər boyu vazkeçmədən, bıkmadan araşdırdıqdan sonra belə qənaətə gəlmişdim ki, Qobustan amazonların dünyaya sübut kimi təqdim edə biləcəyimiz qədim ulu məskəni, mağarası olub. Elə bu məqsədlə növbəti proyektimi ortaya çıxarmadan öncə sanballı dəlillər əldə etmək üçün Bakıya gəldiyimin elə sabahı günü keçmiş tələbə dostum - ünlü fotoqrafçı Mirnaib Həsənoğlunu da işindən eləyib onun sınıq-salxaq ağ "Niva"sında Qobustanın yolunu tutdum. Millət Novruza biş-düş, bazarlıq edir, şəkərbura-paxlava, səməni qayğısındaydı, mən də daş-qayanı dilə tutub indiyə qədər açmadıqları sirrlərini söyləmələrinin hayında. Qobustanın məşhur tədqiqatçısı İ.M.Cəfərzadə əslində bu fikirləri 60 il öncə yazıb qoymuşdu, amma nədənsə kimsə buna fikir verməmişdi. İ.M.Cəfərzadə özünün uzun illər boyu gərgin araşdırmalarından sonra araya-ərsəyə gətirdiyi çox qiymətli "Qobustan. Qayaüstü rəsmlər" kitabında yazarkən, bu rəsmlərin əksəriyyətini erkən neolit dövrünə, yəni eradan öncə 8-ci minilliyə aid edir: "O dövrdə ki, qəbilənin başçısı ana idi". Sara Aşurbəyli də "Bakı şəhərinin tarixi" kitabında "Qobustanın qədim daşlarında uzaq keçmişdəki nəsillərin həyat lövhələri - qadının başçılıq etdiyi əkin, kollektiv əmək, ov, döyüş səhnələri"ni diqqətimizə yetirir. Qayaüstü rəsmlərdəki öküz təsvirlərini hər iki tarixçi qədim əcdadlarımızın məişətilə əlaqələndirir, antik tarixçilərin amazonların öküzlərdən və öküz arabalarından istifadə etdikləri barədə fikirlərini təsdiqləmiş olurlar. Qobustan qayalarındakı başına ip salınmış öküz və araba rəsmləri bunun sübutu - vəhşi öküzləri əhliləşdirmənin dünyada ilk təsvir nümunəsidir. Naxçıvandakı Gəmiqaya rəsmlərində isə aypara təsviri çox maraqlıdır. Qədim amazonların Aya sitayiş etdiyi bizə məlumdur. Amma hələlik Gəmiqayanı bir tərəfə qoyaq, mənim işim Qobustanladır. Muzey işçiləri "ora təhlükəlidir, məsləhət deyil" desələr də, qayaları atlayıb bir anda özümü "7 Amazon"a yetirirəm. Daşlaşmış amazonlar min illərin sirrlərini dünyaya faş etmək istədiyimdən artıq xəbərdar idilər və sanki sevincək yolumu gözləyirdilər. Fotoqrafçı dostum heç bir şey sormadan elə hey çəkir, çəkirdi. Birdən sınayıcı bir səslə yavaşca dedi: "Ey, Nuridə, sən də qəribəliyindən heç əl çəkmirsən, elə işlərə girişirsən ki fələyin də ağlına gəlməz. Sən necə sübut edəcəksən ki bura amazonların mağarası olub? Özün də üst-başını çırp, mağara adamlarına oxşayırsan, belə toz-torpaqda çəkməyim səni". Başıyla təsdiqlədi. Yenə təsdiqlədi. "Qadın heykəlləri, sümüklər tapılmayıb?" "Bəs çiynində ox-yay olan bu qadınlar savaşçı amazonlar deyil, küftə-bozbaş bişirən fağır ev qadınları olublar yoxsa?" "Xanım, mən Almaniyadan durub buraya bunun üçün gəlmişəm, siz zəhmət çəkin, gözləyin" - deyə halımı pozmadan cavab verdim. Bellərindəki bu işarə belin incəliyini göstərmək üçün verilib". Məni gülmək tutdu. Eradan 7 min il öncə yaşayan bu qadınlar lüt gəzərdilər və belin incəliyinə heç fikir verməzdilər. O zamanın qadınını bu gənc xanım bir ev adamı, biş-düşlə məşğul olan, ailənin qayğısını çəkən ana kimi anladırdı. Ənlik-kirşanlı gözəl xanım xarici qonağa "7 gözəl"in çiyinlərinə aşırdığı ox-yayı da əhəmiyyətsiz bir şey kimi anladaraq, bunun elə böyük bir mənası olmadığını, o zamana aid rəsmlərin çoxunda rast gəlindiyini anladırkən bu bilgisizliyə acı-acı təəssüflər etdim. Və fotoqrafıma "onların çıxıb getməsini gözləyək" işarəsi verərək, qayanın arxasına keçdim. Bilmirəm tarixçilər, arxeoloqlar "Qobustan amazonların mağarasıdır" tezisimə necə reaksiya verəcəklər. Qərəzsizliklərinə, səviyyələrinə inandığım elm adamları, tarixçilərlə bu barədə xeyli söhbətim olub. Onlar mənim fikirlərimə şərik olaraq, bu qayalıqları amazonların Azərbaycanda kəşf edilmiş yaşayış məskəni kimi dünya səviyyəsində təbliğ etməyi məsləhət görürər. Bunun Azərbaycanın mədəniyyətinə, turizminə olan marağı daha çox artıra biləcəyini vurğulayırlar. Mənim öz fikrimə görə isə, Qobustana bu yeni baxış yeni axtarışlar, qazıntılar, tədqiqatlar tələb edir. Başqa bir tərəfdən isə, amazonlara sahib çıxmaqla biz həm də çox böyük siyasi və mənəvi bir manevr etmiş oluruq. Gəlin tariximizi yenidən bir daha oxuyaq, öyrənək. Gəlin bugünkü dünyamızın necə yenidən şəkilləndiyini gözdən qaçırmayaq, Qafqaza olan çox böyük strateji və siyasi marağı gözardına qoymayaq. Bir də, mənim fikrimcə, amazonlara sahib çıxmaq Qafqaz Albaniyasına sahib çıxmaqdır, bu isə Qarabağa elmi və mənəvi yöndən sahiblənməkdir. Qarabağın açarının Qafqaz Albaniyasında olduğunu unutmayaq, bu açardan vaz keçməyək, onu qonşularımıza bağışlamayaq. Bu açar bizə ulu ata babalarımızın çox qiymətli, vazkeçilməz mirasıdır. Yüzilliklər boyu çəkilib təvazökarcasına bir tərəfdə durmuşuq. Oyanıq və zirək ermənilər isə gözümüzün önündəcə bu açarın əsl varisləri rolunu oynayaraq, alban kilsələrini qriqorianlaşdırmaqla yanaşı, tariximizə, mədəniyyətimizə sahib çıxıb, alban əlifbasını da erməniləşdiriblər. Son illərdə Gürcüstanın Sinay dağından tapılan alban əlyazmaları əcdadlarımızın kimliyini sübut edən çox tutarlı tapıntıdır. Dünyanın isə bundan xəbəri yoxdur. Hələlik isə biz yalnız bu tək açarın yerini və dəyərini bilirik. Və onun həqiqi varisi bugünkü azərbaycanlılar olduğunu bilirik (bəlkə də hamımız yox). Ortaya çıxıb bu qiymətli açarı tələb edən isə hələlik tapılmır. Kim bilir, bəlkə də daşlaşmış amazonlar hərəkətə gələrək dünyanı yerindən oynadacaq və bu tək açarı alıb əsl varislərinə qaytaracaqlar?! Onların savaşkarlığı, inadcıllığı, ədalətliliyi minillərin tarixi sınaqlarından çıxıb. Amazonlara etibar edə bilərik. Sonda bir faktı qeyd etmək istəyirəm. Məlumdur ki, 1981-ci ildə Qobustandakı qaya təsvirlərindəki "Ra" və "Tiqris" gəmilərini öyrənmək üçün məşhur səyyah Tur Heyerdal Qobustana gəlmişdi. O əvvəl qayıq təsvirlərinin ağacdan, qamışdan və qarğıdan hazırlandığına inanmasa da, gözlərilə gördükdən sonra bu gəmilərin hətta Mesopotomiya və Misirdə tapılan gəmi rəsmlərindən də qədim olduğunu etiraf etmiş, hər iki əlini göyə qaldıraraq "Mən təslim" deyə qışqırmışdı. Amazonların tədqiqatı ilə bağlı hazırladığım yeni proyekti Almaniya Xarici İşlər Nazirliyinin məsləhəti və göstərişi ilə Almaniya Arxeoloji İnstitutuna apardım. Avrasiya İnstitutunun direktoru professor-doktor Sven Hansenə proyekti təqdim etdim və anlatdım. Professor mənim Qobustan qaya təsvirlərinin tarixi haqqında danışdıqlarıma bir əfsanə kimi qulaq asdı və şübhəylə yanaşaraq dedi: "Mən inanmıram bu qaya təsvirlərinin tarixi sizin söylədiyiniz qədər 8 min 10 min il qədim olsun. Professoru inandırmağa qətiyyən tələsmədim. Bilirdim ki, aprelin əvvəlində Bakıda keçiriləcək Almaniya mədəniyyəti həftəsinin açılış tədbirləri ilə bağlı Azərbaycanda olacaq və arxeologiya mövzusunda konfransda iştirak edəcək. Sadəcə ondan Bakıda olacağı müddətdə Qobustana getməsini rica etdim. Qobustana gedincə qarğı qayıqlar Tur Heyerdalı təslim edən kimi amazonların da alman professorunu ram edəcəklərinə milyon faiz əmin idim. Amazonlar təslim etməyi çox sevirlər. Bu arada isə üzümü dəyərli Azərbaycan alimlərinə, tarixçilərinə, arxeoloqlarına tutaraq onların da bu məsələyə münasibət bildirməsini rica edirəm. Mən amazonların tədqiqi barədə bir neçə dəfə Akademiyamızın rəhbəri hörmətli Mahmud Kərimovla söhbət etmişəm. İnsanlığına, intellektliyinə heyran olduğum, mənim üçün əsl Azərbaycan kişisi simvoluna çevrilmiş Mahmud Kərimov bu tədqiqatımı dünya səviyyəsində təbliğ etmək istədiyimi çox yüksək qiymətləndirmişdi. Eyni zamanda, Berlində bir seminar ərəfəsində söhbət etdiyim dəyərli professor Yaqub Mahmudov da mənə bu yöndə əlindən gələn dəstəyi göstərəcəyini vəd etmişdi. İndi Qobustan amazonları onları dünyaya çıxarmamız üçün hamımızın yolunu gözləyirlər! Amazonların bütün dünyadakı yeganə daş kitabı ilə dünyanı heyrətləndirək, bu işi təşkil edək və buna necə nail olacaqlarını daş amazonların ixtiyarına buraxaq.
Martın 30-da Azərbaycanın xalq rəssamı Rafis İsmayılovun anadan olmasının 70 illiyi tamamlanıb. Həyatını milli kinomuzun və teatrın inkişafına həsr edən bu istedadlı sənətkarın adına bədii filmlərdə, teatr tamaşalarında quruluşçu rəssam, cizgi filmlərində isə rejissor, rəssam, ssenarist kimi tez-tez rast gəlmək olar. Yubileyi münasibətilə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Bürosu da Rafis İsmayılovu təbrik edib, ona cansağlığı, yeni uğurlar arzulayıb. 1962-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. 30-dan artıq bədii filmin rəssamlıq üzrə quruluşunu həyata keçirən sənətkarın istedadı, kinematoqrafın bütün janrlarında özünü büruzə verib. Beləliklə də, filmlərin bədii keyfiyyətinin yüksək professional səviyyədə alınmasına xidmət göstərib. Atalar sözləri, Dədə Qorqud motivləri və xalq mahnıları mövzusunda çox sayda rəsm əsərinin müəllifidir. O, dünyada məşhur olan qədim Təbriz miniatür məktəbinin ənənələrini davam etdirərək, dəzgah rəngkarlığı və miniatür üslubunda axtarışlar aparır və bu sahənin inkişafına çalışır. Rafis İsmayılov xalq rəssamı fəxri adına layiq görülüb, əsərləri Dövlət Mükafatı və rəssamlıq üzrə Sultan Məhəmməd mükafatı ilə təltif edilib. Ölkəmizdə və xaricdə açılan bir çox sərgilərdə iştirak etmiş Rafis İsmayılov Professional Kinorejissorlar Gildiyasının, Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının üzvü kimi milli mədəniyyətimizin ictimai həyatında fəal iştirak edən, öz həmkarları, dostları arasında hörmət və nüfuza malik sənətkardır.
Azərbaycan pəhləvanları Avropanı fəth edir. YOLUN AÇIQ, UĞURUN, SEVİNCİN BOL OLSUN, AZƏRBAYCAN! Azərbaycanın sərbəst güləş ustalarının Vilnüsdə keçirilən Avropa çempionatında xarüqələr yaradır. Elə yarışın birinci günü onların qazandıqları bir dəst medalın ölkəmizə gətirdiyi böyük sevinc hissi bizi hələ uzun müddət tərk etməyəcək. Startda xalça üzərinə çıxan dörd təmsilçimizdən üçü fəxri kürsüyə yüksəldi, onların qələbələri şərəfinə Litva paytaxtının idman kompleksində dövlət himnimiz səsləndirildi, milli bayrağımız göylərə ucaldı. Çempionatın gedişini izləyən tamaşaçılar arasında azərbaycanlı bahadırların da pərəstişkarları çoxdur. Qazanılmış qızıl, gümüş və bürünc medallar onların hamısının ürəyindən oldu. Ən ağır çəkili güləşçimiz Əli İsayevin (120 kq) çempion zirvəsini fəth etdikdən dərhal sonra azarkeşlərimiz oturan tribunaya tərəf gedib dəstəyə görə minnətdarlıq etməsi çox şeydən xəbər verirdi. Əlinin bu turnirdə yunanıstanlı, belaruslu, türkiyəli rəqibləri ilə mübarizədən qalib ayrılması, həlledici final görüşündə isə Ermənistanı təmsil edən Ruslan Basiyev üzərində unudulmaz qələbəsi tarixi bir zəfər idi. Finaladək məğlubiyətin nə olduğunu bilməyən və 66 kq çəki dərəcəsində fəxri kürsüyə aparan yolda Litva, Macarıstan və Gürcüstan güləşçilərinə öz üstünlüyünü inamla sübuta yetirən Cəbrayıl Həsənovu da çempionluqdan cəmi bir qələbə ayırırdı. Gənc güləşçimiz finalda gərgin mübarizədə təcrübəli rəqib, Pekin Olimpiadasının mükafatçısı və yeri gəlmişkən, qadın güləşçilərdən ibarət yığma komandamızın lideri Mariya Stadnikin həyat yoldaşı ukraynalı Andrey Stadnikə uduzsa da, qazandığı gümüş medal ağır rəqabətdə göstərdiyi böyük əzmkarlığa və yüksək ustalığa görə layiqli mükafatdır. Bunadək gənclərin turnirlərində fərqlənən Cəbrayıl ilk dəfə iştirakçısı olduğu yaşlıların da yarışlarında özünü göstərməyi, Avropa çempionatında vətəni Azərbaycana çox qiymətli gümüş medal qazandırmağı bacardı. Novruz Temrezova da təşəkkürümüzü bildiririk. O, latviyalı rəqibinə qalib gəldikdən sonra Soslan Ktsoyevə (Rusiya) uduzsa da, təsəlliverici görüşlərdə və Bolqarıstan təmsilçisi ilə üçüncü yer uğrunda mübarizədə bürünc medal qazanmaq imkanını itirməyib adını qitə birinciliyi mükafatçılarının siyahısına yazdırdı. Üçüncü yer uğrunda görüşdə Belarus idmançısına məğlub olan Yaşar Əliyev (55 kq) isə çox da təəssüflənməməlidir. O da medal mübarizəsində qüvvə və bacarığını əsirgəmədi, çıxışlarını fəxri kürsünün bir addımlığında ? Yarışların ikinci günü öz ustalıqlarını nümayiş etdirmək, medal qazanmaq arzularını həyata keçirmək növbəsi digər təmsilçilərimizə çatdı. Pekin Olimpiadasının bürünc mükafatçısı Xetaq Qazyumov (96 kq) macar Daniel Ligetiyə qarşı ilk görüşdə heç bir problemlə üzləşmədilər, Zəlimxan Hüseynov (60 kq) yunanıstanlı Aleksandros Plavidisə qalib gəldi, Çamsulvara Çamsulvarayev (74 kq) isə fransız Luka Lampisdən güclü oldu. Əli İsayevin qələbəsindən ruhlanan güləşçilərimiz zəfər yürüşünü inamla davam etdirdilər. Hüseynov rumıniyalı və gürcüstanlı rəqiblərini də "aradan götürüb" Avropa çempionatının ikinci günü ilk finalçımız oldu. Bir qədər sonra Türkiyə və Moldova idmançılarına qalib gələn Qazyumov qızıl "savaşına" ikinci vəsiqəmizi qazandı. Çamsulvarayev isə ikinci dövrədə Almaniya təmsilçisinə heç bir ümid yeri qoymadı, yarımfinalda bolqar Kirill Terziyevə qalib gəldi. Finalda rəqiblərini məğlub edən Azərbaycan idmançıları həmin günün bütün qızıllarını qazanmağı bacardılar. Beləliklə, Azərbaycanın kişi sərbəst güləşçiləri 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabına 63 xal yazdırdılar və bütün komandaları geridə qoydular. Dünən isə qadın güləşçilər mübarizəyə qoşuldular. Sona Əhmədli 1/8 finalda latviyalı Anastasiya Qriqoryevaya uduzdu. Təəssüf ki, həmyerlimiz təsəlliverici görüşlərə də qatıla bilmədi. Sonadan fərqli olaraq Zümrüd Qurbanhacıyeva Mariya Selmayerə (Almaniya) və Aurora Faxardoya (İspaniya) qalib gələrək, yarımfinala çıxıb. Zümrüd finala gedən yolda bolqarıstanlı Ralitsa İvanova səddini də keçdi. İdmançımız Avropa çempionu titulu uğrunda ukraynalı Katerina Burmistrova ilə güləşəcək. Final görüşü Bakı vaxtı ilə axşam saatlarında baş tutduğundan məlumatı nömrəyə çatdıra bilmədik. Azərbaycan güləşçiləri yeni-yeni zirvələr fəth edərək indiyədək görünməmiş uğurlara imza atırlar. Yolun açıq, uğurun, sevincin bol olsun, Azərbaycan!
Bakıda beynəlxalq arxeoloji konfrans keçirilir. Dünən Bakıda "Azərbaycan - şərq və qərbi birləşdirən ölkə (VII və IV minilliklər)" mövzusunda beynəlxalq arxeoloji konfrans öz işinə başlayıb. Qeyd edək ki, sözügedən konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu arasında elmi əməkdaşlığın başlanması münasibətilə, Azərbaycanda Almaniya Mədəniyyət Həftəsi çərçivəsində təşkil olunub. Almaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən konfransın açılışında çıxış edən Milli Elmlər Akademiyasının (MEA) prezidenti Mahmud Kərimov deyib ki, tədbirdə Azərbaycan, Almaniya, Fransa, ABŞ və Türkiyədən olan tanınmış arxeoloq-mütəxəssislər iştirak edirlər. Onun sözlərinə görə, konfrans çərçivəsində əsasən Azərbaycan arxeologiyasının neolit, eneolit və tunc dövrünə aid arxeoloji abidələrin tədqiqatı müzakirə ediləcək. M.Kərimov əlavə edib ki, artıq xeyli vaxtdır, alman arxeoloqlar Şəmkir rayonunda tədqiqatlar aparırlar. Konfrans zamanı onlar Şəmkirdəki arxeoloji tədqiqatlar barədə iştirakçılara ətraflı məlumat verəcəklər. MEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru M.Rəhimova alimlərin birgə çalışmasının və arxeologiya sahəsində aparılan tədqiqatların daha da səmərəli olması üçün beynəlxalq konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bundan sonra Azərbaycan alimləri Almaniyada, alman alimləri isə Azərbaycanda aparılan tədqiqatlarda fəal iştirak edəcəklər. Ötən il xərclənən 300 min manat vəsait hesabına 33 abidədə böyük qazıntı işləri aparılıb, Qarabağ bölgəsinin Azərbaycanın nəzarəti altında olan ərazilərində də arxeoloji tədqiqatlar bərpa edilib: "Qarabağ ekspedisiyası 15 il idi ki, işləmirdi. Artıq onun fəaliyyəti bərpa olunub. Tovuzda neolit, eneolit dövrünə aid çoxlu materiallar, həmçinin qədim Şamaxının, qədim Şəmkirin qalıqları tapılıb". İnstitut direktoru vurğulayıb ki, sözügedən vəsait hesabına aparılan tədqiqat sayəsində Xəzərin Gürgan adlanan ərazisindən 1 kilometr şimalda arxeoloji abidə tapılıb. Abidədə aparılan qazıntılar zamanı əldə edilən materiallar XI - XIII əsrlərə aid saxsı qabların qırıntılarından ibarətdir. M.Rəhimova deyib ki, dənizin dibində arxeoloji tədqiqatlar bu il də davam etdiriləcək. Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi G.Erler konfransın indiki qloballaşma dövründə alimlərin birgə fəaliyyəti və dünya elmi üçün əhəmiyyətli olduğunu önə çəkib. Almaniyanın ölkəmizdəki səfiri P.Stankina konfransı böyük hadisə kimi xarakterizə edərək, gələcəkdə bu kimi tədbirlərin davamlı olacağına əminliyini dilə gətirib. Beynəlxalq arxeoloji konfrans çərçivəsində Almaniyanın Arxeologiya İnstitutu ilə MEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu arasında Azərbaycan ərazisində müştərək arxeoloji tədqiqatların aparılmasına dair saziş imzalanıb.
Yevlaxda elektron kitabxana istifadəyə verilib. Bugünlərdə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə bir qrup mədəniyyət işçisi və media nümayəndəsi Yevlax şəhərinə səfər ediblər. Əvvəlcə Yevlaxdakı Heydər Əliyev prospektində Mərkəzi Elektron Kitabxananın açılışı olub. Açılış mərasimində Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, ölkə başçısı tərəfindən elmə, təhsilə, idmana, mədəniyyətə və digər sahələrə göstərilən qayğıdan danışıb. O, dövlət başçısının iştirakı ilə burada bir sıra mühüm sosial obyektlərin - Uşaq Xəstəxanasının, Xalq Teatrı binasının, Şahmat Məktəbinin, İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Yevlax regional şöbəsinin şəxsi heyəti üçün inşa edilmiş yaşayış binasının və yerli televiziya şirkətinin istifadəyə verildiyini xatırladıb. E.Vəliyev bildirib ki, rayonda həyata keçirilmiş bütün genişmiqyaslı layihələr, sosial, iqtisadi, mədəni sahədə qazanılan nailiyyətlər əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət edir. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycanın bütün regionlarında böyük canlanmanın hiss olunduğunu, hər yanda genişmiqyaslı layihələrin həyata keçirildiyini bildirib və əlavə edib ki, yüksəliş, tərəqqi, sürətli inkişaf Yevlaxda daha çox hiss olunur: "Çox böyük iftixar hissi ilə söyləyə bilərəm ki, Yevlax şəhəri respublikamızda tanınmış mədəniyyət mərkəzlərindən birinə çevrilib. İnanıram ki, bu gün açılışında iştirak etdiyimiz elektron kitabxana da burada elmin, mədəniyyətin inkişafına öz töhfəsini verəcək". Çıxışlardan sonra elektron kitabxanaya baxış keçirilib. İkimərtəbəli binada yerləşən, ən müasir avadanlıqlarla təchiz edilən bu yeni mədəniyyət müəssisəsinin zəngin kitabxana fondu var. Buradakı bütün ədəbiyyatlar elektron kataloqlarda yerləşdirilib. Kitabxanada geniş konfrans və oxucu zalları, o cümlədən sürətli internetə çıxış imkanı olan 19 kompyuter var. Elektron kitabxananın açılışından sonra Xalq Teatrının səhnəsində Azərbaycan Dövlət Pantomima Teatrı aktyorları tamaşaya nümayiş etdiriblər. Günün ikinci yarısında isə Yevlax şəhərindəki Heydər Əliyev adına Sarayda konsert proqramı keçirilib.
Ənvər Əhmədin şeir dünyası. Şeir və şair haqqında söhbətə adətən bir az uzaqdan, şairin ilk şeirlərindən başlamaq olar. Bununla da yaradıcılığının kamillik dövrünü yaşayan şairin keçdiyi sənət yolunun izinə düşürsən, bu "üsul"la keçmişlə bugün, cavanlıqla müdriklik görüşür. Cavanlıqdan müdrikliyə gedən yollarda isə enişlər, yoxuşlar, uğurlar, maneələr bir-birini əvəz edir və sonda... gözlərimiz qarşısında bir şair obrazı canlanır. Mən tanınmış şair Ənvər Əhmədin poeziyası haqqında söz açmaq üçün həmin "üçul"dan istifadə etmədim. Çünki Ənvər Əhmədi tanıtmaq üçün onun yaradıcılığının ilk və sonrakı illərinə qayıtmaq lazım deyil. Elə bilirəm, şairin son iki kitabına boylanmaq kifayətdir. Ənvər Əhməd, haqqında tez-tez söz açılan, hər yeni kitabı bəh-bəhlə qarşılanan, təbliği və tərifi-alqışı kəsilmək bilməyən şairlərdən deyil. Bəlkə onun bu tipli təriflərə, bu alqışlara qəlbən ehtiyacı var, buna inanmıram. Bəlkə qırx beş illik yaradıcılıq yolunun bir tədqiqat əsərində əks olunacağını gözləyir (indi yaşı əllini keçən bir çox şairlər haqqında monoqrafiyalar yazmaq dəb halına düşüb), buna da inanmıram. Ancaq xalq şairi Xəlil Rza Ulutürkün onun şeirləri, poemaları barədə yazdığı ön söz və "Tərəkəmə" poeması hər iki kitaba daxil edilib. Mətləbə də elə bu iki yazıdan başlamaq istəyirəm. Ustad Xəlil Rza yazır: "Ənvər Əhmədin poeziyasında heç bir zahiri effekt, gurultu, iddia, özünütəsdiq aludəliyi yoxdur, yalnız dərin səmimiyyətin, həyata, insanlara vurğunluğun, bəşər qatillərinə, yırtıcıya, qəsbkara amansız və alovlu nifrətin sağlam cövhəri var. Bu poeziya bizi ümumən sənətin, şairin, şairliyin mahiyyəti haqqında düşünməyə, bunu yenidən öyrənməyə, min dəfə verilmiş suallara yenidən qayıtmağa vadar edir". Ustada - Xəlil Rzaya xas olan bu səmimi fikirlər boş-boşuna deyilməyib və elə bilirəm, Ənvər Əhmədi bir şair kimi tanıtmaq üçün az-çox bələdçilik edə bilər. "Tərəkəmə" poemasına gəldikdə isə, bunu Ənvər Əhmədin sıradan adi bir əsəri saymaq istəməzdim. Deyərdim ki, əgər Ənvər Əhmədi bir şair kimi tanımaq istəyirsinizsə, "Tərəkəmə"ni oxuyun. "Ürəyim kövrələndə kəhər atımı minib Haramıda, Şah təpəsində, Küdrüdə, Çafalda, Nərgiztəpədə, Erkiqarışanda doyunca gəzirəm. Yorulanda çoban qardaşım Şəmilin evinə düşüb köhnə motal pendiri ilə acıtmalı əppəkdən iştahla yeyirəm, samovar çayı içirəm. Uzun müddət nəsə özümdə bir rahatlıq, gümrahlıq hiss edirəm. Bir sözlə, təpədən dırnağadək zoğ tərəkəməyəm, hətta tez-tez bəzi ziyalı dostlarım mənə zarafatla "tərəkəmə balası" deyə müraciət edirlər". Bu, Ənvər Əhmədin çox səmimi etirafıdır.Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında tərəkəmə həyatına, onların adət-ənənələri, məişətinə dair yazılan əsərlərin sayı o qədər də çox deyil. Azərbaycan xalqının etnogenezində fəal iştirak etmiş qədim türkdilli tayfalar olan tərəkəmələr-oğuz türkləri əsasən Azərbaycanın Kür-Araz ovalığı, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində icma halında yaşamışlar və indi də bu proses davam edir. Onların əsas məşğuliyyət sahəsi maldarlıq və əkinçilikdir. "Tərəkəmə" xalq rəqsini tərəkəmələrin yaratdığına qətiyyən şübhə eləmirik. Amma mən "tərəkəmə" deyəndə bütün bu etnoqrafik detallardan daha çox çölçülüyə, azad quşların, ağacların, çayların, göllərin dünyasına qovuşan, doğulduğu gündən ölənəcən daxilən azad olan insanları düşünürəm. Çomaq götürüb, çarıq geyib, dağda-aranda qoyun-quzu otaran, sapand atan, at çapan, süd sağan, suluq tutan, bulama bişirən tərəkəmələr-köçəri həyat tərzi keçirən bu azad insanların içindən Xudu Məmmədov kimi dünya şöhrətli bir alim yetişdi. Elə "Tərəkəmə" poemasının qələmə alınması da onun təkidilə olub: "Ənvər, sən xalis tərəkəməsən. Çobanlıq həyatını yaxşı bilirsən. Onların həyatından, xalqımızın ulu adət və ənənələrindən, ümumən köçərilik həyatından bir etnoqrafik poema yazsan, pis olmaz". "Tərəkəmə" poeması eyni oyun havasının ritmi ilə başlanır (mənə belə gəlir). Sözlərin təkrarı və səslərin alliterasiyası üzərində qurulan "giriş" hissəsində biz tərəkəmə həyatının romantikasını seyr edirik: "Tərəkəmə" çalındı, Əriş-əriş çalındım, Arğac-arğac söküldüm, Yumaq-yumaq açıldım. Xurcun-xurcun gözəndim, Naxış-naxış saçıldım. Uçuqlardan tapılan. Kərpic-kərpic oxundum. Köç yolu haçalandı, İlmə-ilmə calandı. Könlümün Vətən andı. Qılınc-qılınc doğuldum, Qala-qala ucaldım. Həyat-həyat yaşadım, Dünya-dünya qocaldım... "Tərəkəmə", təbii ki, tarix kitabı deyil, amma tarixi tərəkəmələrin həyat tərzi və məişəti barədə poetik təəssüratlar kimi çox maraqlıdır. Əsər boyu biz tərəkəmə igidlərinin hayqırtısını eşidir, atların nallarından qopan qığılcımları seyr edirik. Ancaq şəxsi yaşantılar daha emosional təsir bağışlayır və bəzən şairin görüb müşahidə etdiyi olaylar, tərəkəmə həyatının az qala bütün etnoqrafik detalları ilə təsviri o qədər real və inandırıcıdır ki, burada tarixi faktlardan daha artıq təəssürat əldə edirsən. "Daş dəridən çarıq tapıb geyinən" müəllif bizə bircə-bircə tərəkəmələrin yaşadığı yurd yerlərini, dolaşdığı kəndləri, obaları tanıdır: Qaravəlli, Kələbədin, Sarvanlar, Kəbirli, Eyvazlı, Sarıcalı, Arazbar, Əlnəzərli, Xəsilli, Təhlə, Ovşar, Muğanlı, Aşıqlı... Əksər hissəsi Şəhriyarın "Heydərbabaya salam" poemasının ritmi üzərində qurulan "Tərəkəmə"də ustadın işlətdiyi digər poetik maneraların təsirini də duyursan. Ə.Əhməd çölçülüyün, tərəkəmə həyatının tipik cizgilərini özündə əks etdirən ayrı-ayrı şəxslərin də adlarını hallandırır: Çoban Xanlar, Həsən, kal Bayram, Xanım, Şərəf, Kərim, Hacı İbiş, çoban Paşa, Mirələkbər, Şəmil, Bığ Əkbər və başqaları. Demək olar ki, hər biri epizodik səciyyə daşıyan bu adamlar poemaya təbii bir kolorit gətirir. Bir sözlə, Ənvər Əhməd poemada tərəkəmə həyatının özünəməxsus romantik dünyasını təqdim edir. Oba üstə gün şaxıyıb doğardı, Üç-dörd çoban bir sürünü sağardı, Nəmilərə süd yağışı yağardı, Çətən üstə döşənərdi motallar, Damağımda o günlərin dadı var. Ulağımız soncuqlayıb qaçardı, Yük əyilib qarnı altda aşardı, Qəhqəhəmiz sel-sel olub daşardı, Çırpı yoxsa, nənəm töhmət edərdi, Xəmirimiz təndirə küt gedərdi. Ənvər Əhmədin poeziyaya gəlişi altmışıncı illərin əvvəllərinə təsadüf edir. Onun üz tutduğu yol ənənəvi şeir yolu idi. Təbii ki, ədəbiyyata gələnlərin çoxunun asan sandığı, amma təzə söz deməyi çətindən çətin olan bu yolda duruş gətirmək hər şairə nəsib olmur. Altmışıncı illərin cavan şairlərindən bir çoxu bu "asanlığın" çətinliyini öz şair talelərində yaşamalı oldular. Necə etmək ki, çoxlarının üz tutduğu, varıb getdiyi o tanış yolda yeni bir cığır açasan? Necə etmək ki, Azərbaycan dilinin az qala istismar olunmuş, trafaret halına keçmiş yüzlərlə sözlərinə təzə can verəsən, ehya edəsən? Təbii ki, Ənvər Əhmədin çox adlar unutdurduğu, ancaq poetik istedadının gücünə əsl şair kimi yoluna davam etdikləri bu poeziyada öz cığırı, izi olmalıydı və mən deyim ki, o, buna nail oldu. Milli mənəvi duyğuların, vətənpərvərlik və Azərbaycançılıq ideyalarının təbliği, tarixi həqiqətlərin bu günün meyarları ilə qiymətləndirilməsi, vahid, bütöv mənəvi Azərbaycan uğrunda mübarizə, əsrlərdən bəri vəsf və tərənnüm olunan Ana, Vətən, Təbiət, Sevgi mövzularında təzə söz demək hünəri, Nizamidən üzü bəri davam edən və poeziyamızın başlıca leytmotivini özündə əks etdirən humanizm konsepsiyasının davam etdirilməsi, insana xas olan ən nəcib, ən ülvi duyğuların tərənnümü... bunlar Ənvər Əhmədin poeziyasında da öz əksini tapır. Ancaq bu yazıda şairin müraciət etdiyi mövzuları bircə-bircə nəzərdən keçirmək, hansındasa daha çox uğur qazandığını bəyan etmək istəməzdim. Şair, əgər həqiqi istedada maliksə, o, bu istedadını istənilən bir şeirdə ifadə edə bilər. Ancaq mənə Ənvərin analı şeirləri daha çox xoş gəlir. Bu şeirlərdə böyük hüznlə yad olunan Ana həm Ənvərin anasıdır, həm də ana itkisinə tablaşmayan bizim bir çoxumuzun anası... Ə.Əhməd ana itkisiylə bağlı elə sözlər, ifadələr, məcazlar seçir ki, biz anaların ölümsüzlüyü, əbədiliyi barədə düşünürük. Qəbristan yolunun ağırlığına. Ölüm qəbristanda durub pərişan, Əlini qoynuna qoyub deyinər. Allahın özü də qara geyinər. Təbii ki, Ənvər Əhmədin Qarabağ hüznü də var və bu hüzn bəlkə ana itkisindən də daha ağırdı. Bir ananın dərdini bir oğul çəkməyi bəlkə dərdin kiçiyidir, amma torpaq itkisi, doğulduğun yurdun həsrəti bitmir, tükənmir. Poeziyada ölümdən, itimdən çox danışılır, bəzən bu ələm və hüzn məhz poetik səviyyədə ifadə olunmadığından heç bir emosional təsir oyatmır. Həqiqi göz yaşı, Füzuli demişkən, ürək qanından gəlməlidir. Bu gün Qarabağ mövzusunda yazılan yüzlərlə şeirlərin içində dərd var, qəm var, hüzn var, amma nə gizlədək, şeiriyyət və poeziya yoxdur... Mən Ənvər Əhmədin bu mövzuda yalnız bircə şeirini misal gətirirəm ki, yaxşı mənada nümunə olsun: Mən yolların göz yaşıyam, Məni buludlar ağlasın. Hönkürtümdən yellər əsib. Məni o yurdlar ağlasın. Məni göy otlar ağlasın. Çəkilmədi yurd keşiyi, Yırğalanır qəm beşiyi, Yanıb sönən ev-eşiyi, Ellər-elatlar ağlasın. Çıxıb Şuşadan yuxarı. Məni boz qurdlar ağlasın. Ənvər Əhmədin bu iki kitabında Qarabağa aid çoxlu şeirlər və poemalar var. Hamısında dərd, qınaq, ittiham, kədərin böyüklüyündən yaşanan hisslərin tüğyanı, hətta göz yaşları. Amma bunlar hamısı həm də poeziyanın dərdi, hüznü səviyyəsindədir. Demək istəyirəm ki, Ənvər Əhməd dərdin poeziyasını poeziyanın dərdinə çevirən şairlərimizdəndir. Məncə, müharibə vəziyyətində olan bir məmləkətin şairi təkcə dərdin poetik rəsmini çəkmək haqqında deyil, həm də dərdi yox etmək haqqında fikirləşməlidir. Böyük Füzuli Kərbəla müsibətindən söz açan "Hədiqətüs-süəda" əsərində yazırdı: "Əcz ilə dönmək ədudan səhldir, himmət tutub, Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!" Bizim poeziyada da şəhidlikdən çox yazıldı, indi intiqam, qisas motivi də xatırlanmalıdır. Müharibə başlanarsa, şairlərin bu çağırış, "qana-qan" şeirləri snayper güllələri rolunu oynamalıdır... Bu yazıda mən Ənvər Əhmədin çox şeirlərindən, poemalarından söz aça bilmədim. Mən, sadəcə, poeziyamızın bir istedadlı nümayəndəsinin son illərdəki yaradıcılığına qısaca ekskurs etdim.
Azərbaycanlı rəssam Türkiyə dövlət adamlarının mum heykəllərini hazırlayıb. Türkiyədə çalışan azərbaycanlı rəssam və heykəltəraş Sənan Eynullayev Türkiyənin dövlət adamları və siyasətçilərinin bal mumundan heykəllərini düzəldib. APA-nin Türkiyə bürosunun xəbərinə görə, heykəlləri hazırlanan siyasətçi və dövlət adamları arasında baş nazir Rəcəb Tayyib Ərdoğan, İstanbul valisi Müəmmər Gülər, İstanbul əmniyyət müdiri (baş polis idarəsinin rəisi) Cəlaləddin Cərrah və başqaları var. Bal mumundan olan heykəllər İstanbul Əmniyyət Müdirliyinin şəhərin Mərtər səmtindəki Polis Mərkəzində nümayiş etdiriləcək. Qeyd edək ki, 1956-cı ildə Bakıda anadan olan rəssam-heykəltəraş Sənan Eynullayev İncəsənət Universitetində Mikayıl Abdullayevin tələbəsi olub.
Almaniyadakı Nizami Gəncəvi adına İnstitut "Bu günün Qafqaz amazonları" sorağında. Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu beynəlxalq müsabiqə elan edib. İnstitutun direktoru Nuridə Atəşi APA-ya açıqlamasında bildirib ki, müsabiqənin məqsədi Qafqaz qadınlarının həmrəyliyini nümayiş etdirmək, Qafqazda gender vəziyyəti ilə müsabiqə vasitəsilə tanış olub, problemləri qaldırmaq, mədəni, sosial yaxınlaşmağa nail olmaq və Qafqazda sülhə, əmin-amanlığa töhfə verməkdir. "Bu günün Qafqaz amazonları" adlanan müsabiqədə yalnız qadınlar iştirak edə bilər: "Müsabiqədə dilindən, dinindən, irqindən asılı olmayaraq, bütün Qafqaz xalqlarının nümayəndələrinin iştirakı mümkündür. Yalnız qadınlar! Nominantların adları alman və ingilis dillərində xüsusi yaradılmış "Amazon" saytına yerləşdiriləcək, Qafqaz amazonları haqqında almanca yazılan kitabda yer alacaq, onlar amazonlar haqqında çəkiləcək beynəlxalq filmdə iştirak etmə şansı qazanacaqlar. Müsabiqəyə Qafqaz amazonları haqqında yazılmış elmi məqalələr də qəbul edilir. Ən yaxşı məqaləyə görə pul mükafatı təqdim olunacaq və yazı Almaniyada nəşr ediləcək. Bundan başqa, qaliblər Almaniyanın Berlin şəhərində keçiriləcək "Bu günün Qafqaz amazonları" final müsabiqəsinə dəvət ediləcək, qalibə bürüncdən düzəldilmiş qalib Amazon simvolu olan heykəlcik veriləcək. Müsabiqədə iştirak etmək istəyən qadınlar özlərinin, analarının, nənələrinin həyatı, mübarizələri, arzuları, xəyalları barədə yaza bilərlər. Qalibləri Almaniyada 12 nəfərdən ibarət münsiflər heyəti seçəcək". N.Atəşi müsabiqədə iştirak arzusunda olanların yazıları ilə yanaşı, fotolarını və ünvanlarını da təqdim etmələrinin vacibliyini vurğulayıb.
Oqtay Kazımi "bir-iki günə yazılan" mahnıları bəyənmir. "Bir-iki günə yazılan mahnıya mahnı deyə bilmirəm. Düşünürəm ki, qısa müddətdə yazılan mahnının keyfiyyəti aşağı olar. Burada söhbət mövzu qıtlığından getmir, çünki mövzu çoxdur. Əsas mahnını professional şəkildə təqdim etməkdir". APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında xalq artisti, bəstəkar Oqtay Kazımi deyib. Tez-tez mahnı yazmağı sevmirəm, həm də razılaşmıram ki, bir-iki günün içində mahnı yazmaq olar. Müğənnilərin əksəriyyəti bu gün nədənsə məhəbbət mövzularına müraciət etməyə üstünlük verirlər. Baxmayaraq ki, mənim yaradıcılığımda da haradasa məhəbbət mövzuları çox olub, lakin mən bu gün daha çox həyati mövzulara üstünlük verirəm". Bəstəkar son vaxtlar müğənnilərin ifasında bayağı musiqilərin səslənməsinə də toxunub: "Bunun əsas günahkarı müğənnilərdir. Çünki məşhur mahnıları, xalq mahnılarını oranjeman etdirib elə kökə salırlar ki, adam qulaq asmaq istəmir. O qədər qəribə ifalar nümayiş etdirirlər ki, adam bilmir, bu mahnı hansı xalqa məxsusdur. Şəxsən mənim özümün də bir mahnımı - "Ayrılıq olmayaydı" mahnısını gənc müğənnilərdən biri neçə il bundan əvvəl yeni oranjemanda oxumuşdu. Mən o mahnını həzin mahnı kimi yazsam da, o, oranjeman etdirib ritmikləşdirmişdi. İndi zəmanə bir qədər dəyişib, gənclər daha çox ritmik mahnılara üstünlük verir. Gördüm, bu mahnı da ritmik formada gənclər tərəfindən daha yaxşı qarşılanır, ona görə də etiraz etmədim, baxmayaraq ki, bu, mənim xoşuma gəlmədi. Çünki gənclərə güzəşt etmək lazımdır. Onlar axtarışda ola-ola özlərini bu sənətdə tapmalıdırlar. Gənclərin daim axtarışda olması onların inkişafı deməkdir. Həm də çox istedadlı gənclər yetişir, onları ruhdan salmaq olmaz, əksinə hər birimiz onları dəstəkləməliyik. Eyni zamanda onlara düzgün yol göstərməliyik".
Azərbaycanda muğam təntənəsi - dünyanın musiqi bayramı. İslam mədəniyyətinin paytaxtı Bakı bir həftə ərzində dünya mədəniyyətinin şah əsəri adlandırılan muğamın məkanına çevrildi, Şərq dünyasının ən qiymətli incisi sayılan muğam dünya ictimaiyyətinin nəzərlərinin bir daha Azərbaycana yönəldi. Festival çərçivəsində muğama həsr olunan müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, beynəlxalq muğam müsabiqəsi qaliblərinin unudulmaz çıxışları, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirdi, festival proqramı həm rəngarəng, həm də yaddaqalan oldu. Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutan bu irimiqyaslı tədbir Bakının bu il İslam ölkələrinin paytaxtı elan olunmasının heç də təsadüfi olmadığını göstərdi. Muğamla bağlı möhtəşəm tədbirin keçirilməsi muğam sənətinin tarixində yeni bir mərhələnin başlanmasına rəvac verdi. Eyni zamanda muğam sənətinə həsr olunmuş və belə yüksək səviyyədə keçirilən beynəlxalq simpozium muğamın təkcə Azərbaycanın mədəniyyəti və elmi üçün yox, bütün dünya musiqi ictimaiyyəti üçün nə qədər dəyərli, nə qədər maraqlı olduğunun göstərdi. Qərblə Şərq arasında, Böyük İpək yolu üstündə yerləşən Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkanda "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının keçirilməsi bir daha sübut etdi ki, xalqımızın əsrlər boyu qoruyub saxladığı, daha da təkmilləşdirdiyi muğam sənəti dünyanın mədəni irs siyahısına daxil olan ən layiqli nümunələrindəndir. Azərbaycan Bəstəkarlar İttifaqı, başda qurumun sədri xalq artisti, professor Firəngiz Əlizadə olmaqla festivalın təşkilində, keçirilməsində yaxından iştirak etdi. Festivalın bədii tərtibatı məhz Firəgiz xanımın əməyinin məhsulu idi. Bəstəkarlar İttifaqının üzvləri "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının ilk günündən fəal şəkildə çalışdılar. Festivalda iştirak edən 47 ölkənin nümayəndələri ölkəmizə təşrif buyurmuşdular. Martın 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "Muğam aləmi" Beynəlxalq festivalı çərçivəsində beynəlxalq elmi simpoziumun açılışı oldu. Simpoziumun açılış mərasimində çıxış edən YUNESKO-nun nümayəndəsi, Paris Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq Bakıda belə bir beynəlxalq festivalın keçirilməsini yüksək qiymətləndirdi. O dedi ki, Fransa muğamla ilk tanışlıqdan bu musiqiyə valeh olub. Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Vim Van Zanten muğamın incəliklərindən, bu sahədə aparılan tədqiqatlardan danışdı. Qonaq dedi ki, musiqi festivalının və simpoziumun keçirilməsinin səbəbi odur ki, Azərbaycanın ən böyük dəyərlərindən biri olan muğam bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına düşüb. İnanırıq ki, Azərbaycan musiqisi, mədəniyyəti bundan sonra digər xalqlar tərəfindən daha da yaxından öyrənilərək seviləcək. Martın 20-dək davam edən simpoziumun iclaslarında Almaniya, Çin, Özbəkistan, Kanada və Tacikistandan olan tanınmış alimlər ilə yanaşı Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin də məruzələri dinlənildi. Dünyanın müxtəlif ölkələrindən ənənəvi Şərq musiqisini tədqiq edən 30-dək alimin, musiqi xadiminin iştirak etdiyi beynəlxalq simpozium xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə, inkişafına təkan verdi. Simpoziumun materialları müxtəlif dillərə tərcümə edilərək çap olunub. Martın 20-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində muğam üzrə beynəlxalq elmi simpoziumun yekunlarına həsr olunmuş "dəyirmi masa" keçirildi. Professor Firəngiz Əlizadə bütün iştirakçıları salamladı və bölmə iclaslarında dinlənilən məruzələri yüksək qiymətləndirdi. F.Əlizadə bildirdi ki, muğamla bağlı keçirilən simpoziumlar, festivallar mədəniyyət sahəsində dünya alimlərinin gözəl işbirliyinə bariz nümunədir: "Biz "Muğam aləmi" beynəlxalq festivalı çərçivəsində muğamı təbliğ etməklə yanaşı, həm də bu musiqinin nəyə qadir olduğunu, hansı kökə, tarixə məxsusluğunu göstərəcəyik. Festival iştirakçıları bir daha Azərbaycan muğamlarının və bütövlükdə musiqimizin özəlliklərini, orijinallığını dərk edəcək və bu tədbirlərdən xüsusi zövq alacaqlar. Simpozium bu istiqamətdə yeni beynəlxalq tədbirlərə yol açdı". Təklif edildi ki, növbəti simpoziumlarda, beynəlxalq festivallarda müəllif musiqisi və muğam sənəti, müxtəlif xalqların ənənəvi musiqisində muğamın rolu, onun mənbəyi və digər bu kimi mövzulara daha geniş yer ayrılsın. "Muğam aləmi" festivalı çərçivəsində keçirilən beynəlxalq elmi simpoziumda 20-dək ölkəni təmsil edən alimlərin 80-ə yaxın məruzəsi dinlənildi. Tədbirdə Almaniyadan, Rusiyadan, Niderlanddan, Fransadan, Tunisdən gələn nümayəndələr, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Zemfira Səfərova, akademik Bəkir Nəbiyev, akademik Vasim Məmmədəliyev və başqaları çıxış etdilər. Birmənalı olaraq vurğulandı ki, simpozium çərçivəsində dinlənilən məruzələr muğamın öyrənilməsi, tədqiqi baxımından olduqca vacibdir. Martın 20-də Muğam Mərkəzində "Muğam aləmi" I Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimi keçirildi. Tədbirdə nitq söyləyən Prezident İlham Əliyev ölkəmizdə keçirilən birinci Beynəlxalq Muğam Festivalını yüksək qiymətləndirərək dedi: "Bu hadisə bizim üçün çox önəmlidir. Muğam Azərbaycanın milli sərvətidir. Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil ki, birinci Beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir". Sonra mərasim iştirakçıları xalq artisti Firəngiz Əlizadənin quruluşunda hazırlanan ədəbi-bədii muğam kompozisyasını izlədilər. İlk olaraq elektronik musiqinin müşayiətilə səhnədə kainatın vizual görüntüsü əks olundu və bu sözlər səsləndirildi: "1977-ci ildə "Voyajer" ABŞ kosmik raketi fəzada yeni sivilizasiyalar axtarışı üçün səyahətə çıxdı. Bəşəriyyət tarixini əks etdirən ən mühüm materiallar qızıl disklərə yazılaraq raketdə yerləşdirildi. Bu məlumatlar toplusunda Azərbaycan muğamının kodu vardı". Konsert zamanı xanəndələrimiz 7 əsas muğamımızı oxudular və böyük şair Bəxtiyar Vahabzadənin "Muğam" poemasından müvafiq parçaları Bakı Bələdiyyə Teatrının aktyoru, tanınmış qiraət ustası, əməkdar artist Azad Şükürov səsləndirdi. Yeri gəlmişkən, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin simvolizə etdiyi kimi, "Rast" muğamı oxunarkən səhnədə kainatın cisimləri ağ fonda Venera, "Şur" oxunanda mavi fonda Yer, "Segah"da yaşıl fonda Ay, "Çahargah"da qırmızı fonda Mars, "Bayatı-Şiraz"da qızılı fonda Günəş, "Şüştər"də bənövşəyi fonda Pluton, "Humayun"da qara fonda Saturn planeti əks olunurdu. Muğamları I Respublika Muğam Müsabiqəsinin laureatları Təyyar Bayramov, Babək Niftəliyev, Vəfa Orucova, Arzu Əliyeva, həmçinin istedadlı gənc xanəndələr İlkin Əhmədov, Güllü Muradova və Elməddin İbrahimov təqdim etdi. Martın 22-də Azərbaycan Dövlət Muğam Teatrında "Muğam aləmi" Beynəlxalq festivalı çərçivəsində Azərbaycan muğamının dostları ilə görüş keçirildi. Professor Firəngiz Əlizadə iştirakçıları salamlayaraq bildirdi ki, bu müsabiqə bir çox ölkənin sənətçilərinə özlərini tanıtmaq, nəyə qadir olduqlarını sübut etmək imkanı yaradıb: "İnanıram ki, beynəlxalq simpoziumda olduğu kimi bu dəfə də iştirakçılar bir-birindən maraqlı görüşlərin, ifaların, musiqilərin şahidi olacaqlar". Tədbirdə çıxış üçün söz alan Çin-Sinjan muğam ansamblının bədii rəhbəri Dolqun Səpar Azərbaycana ilk dəfə gəlməsindən və burada gördüklərindən məmnun qaldığını söylədi: "İlk dəfədir ki, Azərbaycana gəlirəm. Altı gün ərzində burada gördüklərim məni olduqca valeh etdi. Azərbaycan həqiqətən da çox gözəl bir ölkədir". Dolqun Səpar bildirdi ki, Bakıda keçirilən beynəlxalq muğam festivalı xalqlar arasında mədəni əlaqələrin yaranmasına yaxşı imkanlar açacaq. O dedi ki, Azərbaycan və uyğur muğamları arasında çox yaxın əlaqələr mövcuddur. Daha sonra Tacikistanın xalq artisti Afzalşo Şodiyev, həmçinin Azərbaycanın əməkdar artisti Gülüstan Əliyevanın çıxışları dinlənildi. Azərbaycan xalqının "yeznəsi olmaqdan" həmişə fəxrlə danışan ABŞ vətəndaşı musiqiçi Cefri Verbokh tar, kamança və udda Azərbaycan muğamlarını böyük ustalıqla ifa etdi. Tədbirin sonunda Firəngiz Əlizadənin təklifi ilə müxtəlif ölkələrin xanəndələri birlikdə bəzi zərb muğamlarından hissələr oxudular. Həmin gün Azərbaycan Dövlət Kukla Teatrında beynəlxalq muğam müsabiqəsinin açılışı oldu. Müsabiqəyə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan 20 iştirakçı qatılmışdı. Azərbaycanı yarışmada beş ifaçı - Təyyar Bayramov, Vəfa Orucova, Babək Niftəliyev, Arzu Əliyeva və Səbuhi İbayev təmsil edirdi. Bakıda keçirilən "Muğam aləmi" Beynəlxalq festival çərçivəsində muğam müsabiqəsinə martın 24-də yekun vuruldu. Azərbaycan xanəndəsi Təyyar Bayramov münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin baş mükafatı "Qran-pri"yə layiq görüldü. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan müsabiqədə Özbəkistan təmsilçisi Yulduz Turdıyeva birinci, İran musiqiçisi Məhəmməd Motamedi ikinci, misirli Mustafa Səid üçüncü yeri tutdu. Müsabiqədə müxtəlif nominasiyalar üzrə fərqlənmiş müsiqiçilər də mükafatlandırıldı. Təhsil Nazirliyinin təsis etdiyi "Ən yaxşı musiqi ifaçısı" mükafatını nazir Misir Mərdanov əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədova, Mədəniyyət və Turizm Nazirliyinin "Qarabağ şikəstəsi"nin ən yaxşı ifaçısı nominasiyası üzrə mükafatını nazir Əbülfəs Qarayev Tacikistan sənətçisi Xurşed İbrohimova, Azərbaycan Bəstəkarlar İttifaqının "Ən gənc ifaçı" mükafatını isə İttifaqın sədri, xalq artisti Firəngiz Əlizadə Arzu Əliyevaya təqdim etdi. Martın 25-də Heydər Əliyev Sarayında Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasiminə həsr edilən konsert oldu. Bağlanış mərasiminə həsr edilən konserti əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimovun idarə etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri Fikrət Əmirovun "Şur" simfonik muğamı ilə açdı. Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Mövlamova "Şur" təsnifini ifa etdilər. Azərbaycan musiqisinin ən gözəl incilərini dinlənildi. "Muğam aləmi" beynəlxalq festivalının bağlanış mərasiminə həsr edilən konsert proqramı zənginliyi ilə fərqlənirdi. Hər bir ifa sürəkli alqışlarla qarşılandı. Xalq artisti Firəngiz Əlizadənin bədii quruluş verdiyi konsertdə Azərbaycan musiqisinin əzəməti səhnədə əks olunan vizual görüntülərlə təmasa girərək möcüzəvi muğam dünyası barədə real təəssürat yaratdı. Bu zaman səhnədə Avropa üslublu Azərbaycan musiqisi ilə milli musiqi harmonik kadensiyalarla bir-birinə ötürülürdü. Namiq Mənanın milli musiqi alətimiz sazın müşayiəti altında iştirakçıları meyxana ilə səhnəyə dəvət etməsi böyük tarixə malik Azərbaycan folklorunun, mədəniyyətinin göstəricisi kimi daha orijinal alındı. Gənc opera sənətçilərimizin ifasında milli operalarımızdan "Leyli və Məcnun", "Aşıq Qərib" və "Şah İsmayıl"dan göstərilən səhnəciklər konsertə əlavə gözəllik verdi. Bütövlükdə "Muğam aləmi" Beynəlxalq Festivalı mədəniyyətin, incəsənətin, musiqinin, ən əsası muğamın bayramına çevrildi, ayrı-ayrı xalqların nümayəndələrini bir araya gətirmək baxımından özünü misilsiz bir tədbir kimi təsdiq etdi, xalqların daha da yaxınlaşmasına mühüm bir töhfə oldu. "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı indiyədək bu istiqamətdə mühüm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun muğamın qorunub saxlanması, gələcək nəsillərə çatdırılması sahəsində atdığı daha böyük bir addımdır. Bu festival bütün türk dünyasına xas olan muğamın tacının da Azərbaycanda olduğunu sübut etdi. Bir həftəlik möhtəşəm muğam bayramından sonra çoxsaylı qonaqlar islam mədəniyyətinin paytaxtı olan, Şərq və Qərb mədəniyyətini özündə sintez edən gözəl Bakıdan festivalın bir daha təkrarlanacağı arzusu ilə ayrıldılar. İltifat HACIXANOĞLU, Azərbaycan Bəstəkarlar. İttifaqının mətbuat katibi.
Tarixi abidələrin sökülməsi xarici qurumları narahat edir. Dünən D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətində "İslam" Demokratiya və İnsan Haqları Mərkəzi "Tarix, mədəni və təbii irsi qoruma şəbəkəsi" ilə birgə "Avropa mədəni irs siyasəti və Azərbaycan gerçəkliyi" mövzusunda mətbuat konfransı keçirib. Cəmiyyətin sədri Novella Cəfəroğlu bildirib ki, adıçəkilən şəbəkə üç ildən çoxdur fəaliyyət göstərir və quruma 30-dan artıq təşkilat daxildir. Onun sözlərinə görə, şəbəkə 2006-cı ildə, yəni İçərişəhərdə söküntü işləri aparılmağa başlayanda yaradılıb və əsas məqsəd də bu problemlə mübarizə aparmaqdır. Amma bütün səylərə baxmayaraq Azərbaycanın tarix və mədəniyyət abidələrinin, yaşıllıqların məhvi davam edir. N.Cəfəroğlu bununla bağlı beynəlxalq qurumlarla əməkdaşlığın zəruriliyini vurğulayıb. "İslam" Demokratiya və İnsan Haqları Mərkəzinin rəhbəri Aytəkin İmranova isə deyib ki, baxmayaraq Azərbaycanın bütün qanunlarında, o cümlədən mədəniyyət, tarix və mədəniyyət abidələrinin qorunması haqqında qanunlarda, Konstitusiyada abidələrin sökülməsi bilavasitə qadağandır, amma ölkədə bu proses gedir. Şəbəkə indiyə kimi ölkə rəsmilərinə, millət vəkillərinə və digər müvafiq orqanlara bununla bağlı müraciətlər edib. Eyni zamanda məhkəməyə şikayət verilib. Hazırda iş Ali Məhkəmədədir və cavab alındıqdan sonra Avropa Məhkəməsinə şikayət ünvanlanacaq. İçərişəhərdə sökülmə işlərinin davam etdiyini deyən A.İmranova Respublika sarayının arxasında qış parkı tikintisi adı ilə binaların uçurulduğunu söyləyib. Bildirib ki, Şəmsi Bədəlbəyli küçəsində dövlət siyahısında qoruma altında olan binaların 5-6-sı artıq sökülüb. A.İmranova tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı beynəlxalq sənədlərin olduğunu və Azərbaycanın onların hansısa qoşulduğu ilə bağlı da monitorinq aparacaqlarını deyib. Əlavə edib ki, hazırda Avropada əsas istiqamət tarix, mədəniyyət və müxtəlif növ işləri qorumaq üzrə fəaliyyət həyata keçirilir və bu məqsədlə bir sıra şəbəkələr yaradılıb. Skandanaviya ölkələrində, Belçika, Fransa və Avropanın digər dövlətlərində belə şəbəkələr mövcuddur. Orada daha sivil və rahat yolla problemlər həll edirlər. A.İmranova əlavə edib ki, bu yaxınlarda Belçikada beynəlxalq tədbirdə məruzəçi kimi iştirak edib. "Orada qədim şəhərlər necə var, elə də qorunub saxlanıb. Heç kim deyə bilməz ki, Avstriyanın, Belçikanın, yaxud da hansısa bir Avropa ölkəsinin göydələnlər tikməyə imkanı yoxdu. Amma heç bir yerdə bizdəki kimi kütləvi tikinti getmir və bunun üçün tarix, mədəniyyət abidələri dağıdılmır ,yaşıllıqlar məhv edilmir". A.İmranova deyib ki, tədbirdə Avropa Parlamenti mədəniyyət komissiyasının rəhbərləri, parlamentarilər, Belçikadan olan nazirlər iştirak edirdilər. Keçmiş SSRİ məkanından isə Estoniya və Azərbaycan tədbirdə təmsil olunurdu. "Konfransda qeyd etdim ki, artıq bu işi aparmaq üçün daxili, hüquqi, mədəni, elmi, ictimai və maliyyə mexanizmlərinin gücü yetərli deyil. Yəni qərar qəbul edənlərə bu vasitə ilə təsir etmək mümkün deyil. Xarici şəbəkə nümayəndələri isə bildirdilər ki, beynəlxalq təşkilatların razılığı əsasında bu il yaxud da gələn ildən Bakı ilə bağlı beynəlxalq kampaniyalar keçirəcəklər". Beynəlxalq şəbəkələrə inteqrasiya məsələsinin də gündəmdə olduğunu deyən A.İmranova bildirib ki, xarici mədəni qurumlarla əməkdaşlığı genişləndirmək niyyətindədilər. A.İmranova bu təşkilatların məsələyə müdaxiləsinin nəticəsi olacağını güman edir. "Çünki beynəlxalq təşkilatların çağrışları Azərbaycanda daha çox eşidilir. Avropa parlamenti, YUNESKO yanında həmin şəbəkələr məsləhətçi statusu olan təşkilatlardı və onların səsləri təbii ki, eşidiləcək".
İlyas Əfəndiyev. ... sonra Boz canavar yenə yoluna davam etdi, başını aşağı salıb - qurumuş kol-kosun çör-çöpü az qala burnuna, susuzluqdan cadar-cadar olmuş dodaqlarına sürtülürdü - irəlidə, qancıq isə arxada gedirdi və ara-sıra özü ilə Bozun arasında addımlayan küçüklərə baxsa da, küçüklərin qulaqlarının, quyruqlarının azacıq tərpənişi, titrəyişi belə, görünür, onun gözlərindən yayınmasa da, nəzərlərini Boza dikmişdi. Boz dayananda, qancıq da yerində donub dayanırdı, Bozun qulaqlarının, boynundakı, belindəki tüklərin, quyruğunun azacıq titrəyişi-tərpənişi ona nə deyirdi, hansı işarəni verirdisə, bunu başa düşdüyünü, anladığını elə o andaca qancığın gözlərinin ifadəsi büruzə verirdi. Boz canavar haçansa buralardan keçmiş erkək canavarın sidiyinin qoxusunu hiss etdi, bir an burnunu qupquru qurumuş kolun dibinə dirəyib, torpağı iylədi, sonra onun özündə də bir sövq-təbii yarandı ki, bu yerlərdə iz qoysun, arxasını kola yaxınlaşdırıb, sağ ayağını qaldırdı, amma nə qədər gücəndisə də, torpağa bir damla da sidik sala bilmədi və onun susuzluqdan qurumuş sidik kisəsi, görünür, beləcə gücənmədən sancdı, ya bədənində hansısa başqa bir narahatlıq baş verdi, çünki Boz acıqla mırıldayıb, başını yuxarı qaldırdı, havanı iylədi, sonra yenə başını aşağı salıb, Şərqə doğru yoluna davam etdi. Qancıq ayaq saxlayıb, elə bil, bütün bu günlər ərzində daha da dərinə düşmüş, dibə çökmüş gözləri ilə beş addımlıqdan Bozun hərəkətlərini müşahidə etdi, sonra o da tərpəndi və qurumuş kolun yanından ötəndə, haçansa bir cavan erkək canavarın bu kolun dibində qoyduğu işarəti hiss etdi, amma bu, onun diqqətini yayındırmadı - onun bütün diqqəti ancaq Bozda idi. O vaxt ki, Boz cavan və güclü bir canavar kimi ərsəyə gəldi, o vaxt ki, bu cavan və güclü erkək canavar öz yuvasını və ailəsini qurmaqdan ötrü doğulduğu və böyüdüyü yuvadan, o yuvadakı canavarlardan həmişəlik ayrıldı, o vaxt ki, təbiət onu qancığı ilə rastlaşdırdı - həmin çağlarda Bozun əldə etdiyi və həmişə də nəzarətdə saxladığı böyük ərazisi onun yeni yaranmış ailəsi üçün, bu ailədə doğulan, böyüyüb ailəni tərk edən yeni-yeni nəsillər üçün, bəlkə də, dünyanın ən gözəl canavar məskənlərindən biri idi. Münbit torpaq, vaxtlı-vaxtında yağan yağışlar, dağların qış-yay qarlı zirvələrindən axıb gələn çaylar bu ərazini dırnaqlı heyvanların - ceyrandan tutmuş dovşanacan sevimli məkanına çevirmişdi və Boz canavar bütün bu ərazinin qorxunc və zəhmli sahibi, mahir ovçusu kimi qancığı ilə bərabər neçə illər idi ki, özü kimi sağlam və güclü canavar nəsillərini böyüdüb təbiətə ötürürdü. Bozun ərazisində heç nə bu dəhşətli quraqlıqdan xəbər vermirdi, yəqin ki, Boz da, qancıq da (və oradakı dırnaqlı heyvanlar da! ), ümumiyyətlə, heç quraqlığın nə olduğunu bilmirdilər də. İnişilki balalar böyümüşdülər, ayrılmaq vaxtları idi, amma yuvada qalıb, qancığın yeni doğduğu builki küçüklərə qulluq etdilər və elə ki, küçüklər bir az özlərini tutdular,? payızın əvvəlləri idi - inişilki balalar - cavan canavarlar ayrılıb, Bozun yuvasından həmişəlik getdilər. Bu dəhşətli quraqlıq da elə o vaxtlardan başladı, günlər keçdi, bu fəlakət ərazidəki ağacları, kolları qurutdu, çayların suyu çəkildi, torpaq cadar-cadar oldu və aclıq dırnaqlı heyvan sürülərini Şərqə tərəf - sulara doğru qovmağa başladı, amma sürülərin ardınca öz ərazisindən çıxan Bozla qancıq küçüklərə görə geri qalmışdı, sürüləri izləməkdə gecikmişdi, o sürülər çox irəliyə getmişdilər, onların heç qoxusu da gəlmirdi. Boz canavar artıq neçə müddət idi ki, ac və susuz ailəsi - qancığı və iki küçüyü ilə qurumuş ağacların, kol-kosun arasıyla Şərqə tərəf gedirdi. Onlar rastlarına çıxan qurumuş çay çuxurlarının dibində qalmış və iylənmiş lili yalaya-yalaya susuzluqlarını az da olsa, yatırırdılar, amma ət yox idi və aclıq onları məhv edirdi. Boz hərdən ayaq saxlayıb, dişi ilə qurumuş kolların gövdəsini dartır, köklərini torpaqdan çıxarırdı və o köklər tamam qurumamışdısa, Boz onları qancıqla küçüklərə tərəf atırdı, küçüklər əvvəlcə hərisliklə o yarıqurumuş köklərin üstünə atılırdılar, sonra onları iyləyə-iyləyə, elə bil, iyrənib kənara çəkilirdilər, qancıq isə o kökləri gəmirib, şirəsini udub, çeynədiyi məhlulu ağzından yerə tökürdü. Küçüklər təzədən o məhlulun üstünə atılırdı, amma yenə onu iyləyib, kənara çəkilirdilər. Bəzən Boz özü də dartıb torpaqdan çıxartdığı o yarıquru kökləri gəmirirdi, amma bu vaxt başını aşağı salıb, arxasını qancığa və küçüklərə çevirib, quyruğunu da dal ayaqlarının arasına alırdı, elə bil, istəmirdi ki, qancıq da, küçüklər də onun bu yarıquru kökləri gəmirdiyini görsün... Küçüklər Ana canavarla Bozun arasında uzanıb, gözlərini yummuşdu və onlar nəfəs aldıqca, boş qarınlarının nazik dərisi qalxıb-endikcə, görünür, aclıq daha artıq əzab-əziyyət verirdi, küçüklər zəif səslə zingildəyir, tez-tez səksənərək gözlərini açırdılar. Qancıq böyrü üstə uzanıb, həmin an, elə bil ki, bütün bu Şərq yolçuluğunun işgəncəsindən zinhara gəlib, heç nə ifadə etməyən gözlərini Boza zilləmişdi, Boz isə gərgin və narahat gözləri ilə diqqətlə bir xeyli uzaqdakı quru kolluğa tərəf baxırdı. Boz canavar sövq-təbii, yəqin, burasını da bilirdi ki, o ac və yalqız çaqqal onlardan, yəni Bozun ailəsindən hansınınsa ölməyini gözləyirdi; gözləyirdi ki, sağ qalanlar gedəndən sonra o cəsədlə qarnını doyuzdura bilsin. Amma canavar dünyasının öz qanunları var idi. Bu qanunları hətta o dəhşətli quraqlıq, o ac yolçuluq da poza bilməzdi... Boz canavarın özünün həmişəki ovçu cəldliyi ilə sıçrayıb qaçaraq, quru kolluğun arxasında sinmiş o çaqqalı tutub, gətirib, küçükləri və qancığını yedirtməyə taqəti yox idi, yəqin, elə buna görə də gözlərini o quru kolluqdan çəkib, qancığa baxdı. Ana canavarın bayaqdan bəri heç nə ifadə etməyən gözlərinin ifadəsi bircə anın içində dəyişdi və o gözlərin, o baxışın o an nə dediyini, yəqin, ancaq Boz canavar başa düşürdü. Və Şərqə tərəf yolçuluq təzədən başlayırdı... Gün çıxırdı, batırdı, bu ac və susuz yolçuluq isə beləcə davam edirdi. İrəlidə addımlayan Boz ayaq saxlayıb, qulaqlarını şəklədi, qancıq da, küçüklər də Bozun həyəcanını donaraq, dayandılar və bir müddətdən sonra uzaqdan insan səsləri eşidilməyə başladı. Boz yerə sindi, qancıq da eləcə yerə sinərək, quyruğu ilə küçükləri yavaşca qarnına tərəf itələdi və insan səsləri get-gedə daha səlis eşidildi, nəhayət, qurumuş çör-çöpün arasından bir neçə insanın kölgəsi göründü. Onların səmti başqa idi - Şimala tərəf gedirdilər. Boz da, qancıq da barıt iyini dərhal hiss edirdilər, bilirdilər ki, bu qorxulu qoxu qana aparıb çıxarır və Boz da, Bozla birlikdə ova çıxan qancıq da gizlənib, o barıt iyi verən insanları pusurdu, eləcə də gözə görünmədən barıt iyi verən insanların arxasınca düşüb, onları izləyirdilər. Hər dəfə atəş səsi eşidiləndə, Boz da, qancıq da nəfəslərini qısıb dayanırdılar, əsəbdən və gərginlikdən ləhləyə-ləhləyə susurdular və birdən-birə qəfil və yüngül bir meh kimi uzaqdan gələn qan qoxusunu dərhal hiss edir, kiçicik bir səsi, hənirtini belə eşidirdilər. Məsələ burasında idi ki, ovçuların arasında həvəskarlar, naşılar da az olmurdu və çox zaman onların (bəzən elə peşəkar ovçuların da!) güllələri boşa çıxır, ya da şikarı yaralayırdılar. qan qoxusu verə-verə - qaçır və bundan sonra Boz da, qancıq da artıq ovçuları yox, o yaralı şikarı izləməyə başlayırdı və axırda da yaranın zəif saldığı o şikarı - ceyranı, yaxud da qabanı, cüyürü tapıb, onlara hücum edərək, boğazlarını üzüb, təzə ət əldə edirdilər; bəzən ovçulardan, güllə səslərindən hürküb qaçaraq, ərazidəki sıldırım qayalardan sürüşüb qopan və yerə dəyərək belini, ya qılçını sındıran dağ keçilərini də eyni aqibət, Bozla qancığın küçüklərini isə hələ qanı laxtalanmamış, istisi çəkilməmiş təzə ət gözləyirdi. Ancaq bu dəfə Şimala doğru gedən o insanlardan barıt iyi gəlmirdi, hətta barıt iyi gəlsəydi belə, Bozun əvvəlki ustalıqla barıt qoxusu gələn insanları izləməyə, yaralanmış, canını götürüb qaçan şikara sahib olmağa gücü çatmayacaqdı və görünür, Boz canavar özü də bunu başa düşürdü, çünki onun uzaqdan uzağa Şimala tərəf addımlayan o insanlara dikilmiş gözlərində tamam bir biganəlik var idi və bunu, əlbəttə, qancıq da hiss edirdi. Ac yolçuluq qurtarmaq bilmirdi... Boz qəflətən ayaq saxladı, burnunu torpağa dirədi və qabaq pəncələri ilə tələsik torpağı eşməyə başladı. Qancıq da, küçüklər də ayaq saxladı və görünür, küçüklər o saat hiss etdilər ki, Bozun beləcə tələsik torpağı eşməyi nə isə yeməklə bağlı bir işdir və onlar daha artıq bir aclıq hissi ilə Boza - bu yekə, ancaq tamam arıqlamış, qabırğaları çıxmış canavara baxdılar. Nəhayət, Boz dişi ilə torpaqdan böyük bir dozanqurdu dartıb çıxartdı (bu da o dəhşətli quraqlığın bir möcüzəsi idi!) və başının sərt hərəkəti ilə onu səbirsizliklə yeməyə nəsə gözləyən küçüklərə tərəf atdı. Vızıltıyla küçüklərin qabağına düşən dozanqurdunun hələ hərəkət etmək, canını qurtarmaq taqəti var idi və belə də eləmək, pis qoxu verə-verə qaçıb canını qurtarmaq istədi, amma aclıq bu gözlənilməz balaca şikardan şaşırmış küçükləri tez özlərinə gətirdi, onlardan biri cəld irəli atılıb, dişi ilə pis qoxu ifraz edərək vahimə-vəlvələ içində canını qurtarmağa çalışan dovzanqurdunu qamarladı, elə həmin anda da qurdu ağzında xırçıldadıb, uddu. İkinci küçük var gücü ilə qardaşının üstünə cumdu və gecikmiş həmlə ilə dozanqurdunu onun ağzından çıxarmaq istədi, amma bunun artıq mənasız bir cidd-cəhd olduğunu başa düşəndən sonra nazik və taqətsiz səsi ilə zingildəyə-zingildəyə qaçıb, anasının ayaqlarına qısıldı. Sonra yenə yolçuluq davam etdi... Şərqə tərəf bu ac və uzun yolçuluğun ən dözülməz vaxtı günortaçağı idi və elə ki, günorta başlayırdı, Boz bir qurumuş ağacın kölgəsində yerə çökürdü, qancıq da, küçüklər də o kölgəlikdə dincəlmək, yatmaq istəyirdi, amma aclıq hissi dincəlmək istəyindən qat-qat artıq idi və aclıq onları yatmağa qoymurdu, bu - onların Şərqə - ətə doğru yolçuluqlarının ac mürgü ilə ac gerçəklik arasında olan çox çətin və ağır bir məqamı idi. Bu dəfə də qurumuş cır fındıq ağacının qupquru da kölgəsində qabaq pəncələri üstə yerə çökmüş Boz canavar gözlərini qıyıb, həmişəki diqqətlə gəldikləri səmtə baxırdı - yox, onları izləyən o çaqqalın kölgəsi daha görünmürdü, ən əsası isə Boz çaqqalın qoxusunu daha hiss etmirdi və bu, elə bil, ona bir az rahatlıq gətirdi, gözlərinin ifadəsindən bir parıltı keçdi - ani bir parıltı, amma küçüklərin yanında böyrü üstə uzanmış Ana canavar Bozun gözlərindəki o ani parıltını o andaca tutdu və görünür, qancığın içində nəsə təhtəlşüur bir ümid yarandı, başını dikəltdi, ancaq o ümid də Bozun gözlərindəki o parıltı kimi ani də keçib getdi. Qancıq yavaşdan mırıldadı, onun hirslənməyə, həmişəki acıqla mırıldamağa, dişlərini qıcırtmağa taqəti yox idi və küçüklər, elə bil, analarının mırıltısındakı bu köməksizliyi, əlacsızlığı daha artıq hiss etdilər, hürküb, ikisi də birdən başını qancığın qurumuş əmcəyinə sıxaraq, gözlərini yumdular. Boz canavar küçüklərə baxdı və onun zəndlə baxan gözləri, elə bil, tamam zəifləmiş, aclığın tamam əldən saldığı bu küçükləri diqqətlə yoxlayırdı, bəlkə də, Boz öz canavar beyni ilə nələrisə götür-qoy edirdi, Qancıq da öz növbəsində eyni zənd və diqqətlə Bozun gözlərinin içinə baxırdı və açıq-aşkar görünürdü ki, qancıq narahatdır - öz-özünə mırıldayır, uzandığı yerdə vurnuxurdu. Sonra Boz gözlərini küçüklərdən çəkdi. Gün yavaş-yavaş batırdı, bir azdan qaranlıq düşəcəkdi, gecə gələcəkdi və Boz böyrü üstə uzanıb, yarıaçıq gözlərini batmaqda olan günəşə zilləmişdi. Ana canavar da böyrü üstə uzanıb, gözlərini yumaraq, başını qarnına tərəf əymişdi, elə bil, qarnına sığınmış küçükləri bu quru və mülayim havada da qızdırmaq istəyirdi. Adətən - xüsusən də növbəti nəslin küçükləri doğulandan sonra - günəş beləcə yavaş-yavaş batmağa başlayanda Boz canavarın - gecələr ovçusunun - da ov instinktləri oyanmağa başlayırdı, yuvada o tərəf-bu tərəfə vurnuxur, eşiyə çıxıb, qulaqlarını şəkləyir, quyruğunu qaldırıb bulayır, belədən-belə yaxınları-uzaqları gözdən keçirirdi, sonra qulaqlarını qısıb, quyruğunu sallayıb, bir müddət səssiz-səmirsiz və hərəkətsiz dayanırdı, sonra da ehmallıca addımlaya-addımlaya meşənin qaranlığı içində gözdən itirdi; gözdən itirdi ki, bəzən gecənin yarısı, bəzən də sübh tezdən yuvada onu gözləyən və yaxınlaşan nəfəsini, ovladığı şikarın qoxusunu, az qala, neçə kilometrdən hiss edən qancığa, küçüklərə təzə ət - ərazilərində tez-tez rastına düşən, hələ bədəni isti qalmış ceyran, yaxud cavan qaban, bəzən də dovşan əti gətirsin - bu, asılı idi həmin gecənin ruzisindən. Uzun, çox zaman da tox və rahat günorta yuxusundan sonra qancıq da, küçüklər də acmağa başlayırdı, küçüklər bir-birinə macal vermədən, bir-birinin üstünə mırıldaya-mırıldaya analarını əmsələr də, artıq böyüdükləri üçün süd onlara bəs eləmirdi, gecə yaxınlaşdıqca onların da içində ət ehtirası baş qaldırırdı və elə ki, Boz canavar qaranlıq içində gözdən itirdi, küçüklər də, qancıq da qulaqlarını şəkləyib tez-tez havanı iyləyə-iyləyə onun qayıtmasını gözləyirdilər. qayıdırdı, amma yuvadakı o aclıq uzun çəkmirdi, Boz canavar çox zaman növbəti gecədə ovladığı cəmdəyi sürüyüb yuvaya gətirirdi. Küçüklər hələ doğulmamışdan qancıq da ova Bozla birlikdə gedirdi və uzun illərin birgə həyatı bu iki canavarın arasında elə bir uyğunlaşma, elə bir tam müvazilik yaratmışdı ki, kiçicik bir hənirtidən, ani bir baxışdan elə həmin andaca bir-birlərini duyur, başa düşürdülər. Ovda da belə idi - onlar nə edəcəklərini yaxşı bilirdilər, amma elə ki, küçüklər doğulurdu - Boz ova tək gedirdi, qancıq isə küçüklərlə birlikdə yuvada qalırdı. Ac Şərq yolçuluğu isə qurtarmaq bilmirdi... Və həmin axşam gecənin yaxınlaşması böyrü üstə uzanıb, yarıaçıq gözlərini batan günəşə zilləmiş Boz canavarın içində, görünür, ümidsiz bir biganəlikdən başqa, heç bir hissiyyat yaratmırdı və aclıq duyğusu bədəninin bütün hüceyrələrinə hopmuş Boz gözlərini batan günəşdən çəkib yenə küçüklərə baxdı. Boz canavar axır vaxtlar küçüklərə beləcə tez-tez baxırdı... Bəxtlərinə bu dəhşətli quraqlıq düşmüş, Bozla, qancıqla birlikdə yaşamaq üçün Şərqə üz tutmuş küçüklər, görünür, qancığın doğub Bozla birlikdə böyüdərək, gələcək ailələrə ötürdükləri sonuncu nəsil idi, çünki Boz da, qancıq da təbiətin onlara verdiyi canavar ömrünün çoxunu artıq yaşamışdılar. Sonra Boz gözlərini küçüklərdən çəkib qancığa baxdı. Qancıq bu baxışları o andaca hiss etdi, gözlərini açıb, başını Boza tərəf uzatdı və canavarlar eləcə bir müddət bir-birlərinə baxdılar. Boz qalxıb arxa ayaqları üstə çöməldi və gözlərini yenə qancığın gözlərinin içinə zillədi. Qancıq nəsə hiss edib, əsəbi halda ayağa sıçradı və analarının bu qəfil əsəbiliyi küçükləri hürkütdü, ikisi də arxa ayaqları üstə çöməlib, uçuna-uçuna bir-birinə qısıldı. Qancığın qulaqları dik qalxmışdı, quyruğunu tez-tez arıqlayıb sümükləri çıxmış ombalarının sağına-soluna çırpırdı, dodaqlarını gərib, get-gedə artan bir həyəcan və narahatlıqla mırıldayırdı və bu dəm batan günəşin işığında qancığın dişləri, xüsusən iri köpək dişləri, elə bil, daha da ağappaq ağarırdı. Boz canavar, elə bil, qancığın əsəbiliyini hiss etmirdi, mırıltısını eşitmirdi, eləcə yarıaçıq, yorğun gözlərini Ana canavarın gözlərinin içinə zilləmişdi və birdən o, bəlkə də, son gücünü toplayıb qıvraq vaxtlarındakı cəldliklə ayağa sıçradı, başını batan günəşə tərəf tutub, var səsi ilə ulamağa başladı, sonra gözlərini batan günəşdən çəkib, eləcə ulaya-ulaya başını aramla sağa, sola çevirdi. Boz canavarın başının hərəkəti batan günəşin ala-qaranlığı içində o ulama səsini bütün ətrafa yayırdı. Qancıq isə darısqal qəfəsdəymiş kimi, Bozun arxasında o tərəf-bu tərəfə vurnuxurdu, elə bil, bu bomboş və geniş sahədə özünə yer tapa bilmirdi. Boz canavarın birdən-birə bu cür ulamağı, analarının onları tamam yaddan çıxarıb, bu cür vurnuxmağı, özünə yer tapa bilməməyi küçükləri elə hürkütmüşdü ki, onlar nə edəcəklərini bilmədən bir-birlərinə qısılıb, ala-qaranlıq içində gah analarına, gah da Boza baxırdılar. Aclıq onları zəiflədib əldən salmışdı və bu anlarda gördüklərinin və hiss etdiklərinin dəhşəti kiçik bədənlərini didib-dağıdan o aclıqla birlikdə küçükləri uçum-uçum uçundururdu. Boz canavar, bəlkə də uzun ömründə heç zaman beləcə bütün içi ilə ulamamışdı və onun budəfəki ulamağı bu tərəflərə çökmüş sükunət içində, elə bil, sadəcə yalquzaq ulamağı yox, yavaş-yavaş düşən gecənin özünün ölümdən-itimdən, əlacsızlıqdan xəbər verən səsli vahiməsi idi. Bozun belinin, boynunun tükləri qabarmışdı, sifətinin əzələləri titrəyib-oynayırdı, quyruğunu dik qaldırıb, eləcə dümdüz tutmuşdu, sonra canavar necə gözlənilmədən ulamağa başlamışdısa, elə də qəfildən səsini kəsdi və cəld, qətiyyətli addımlarla qancığa tərəf gəlib, bir göz qırpımında özünü onun ayaqları altına atdı. Qancıq daha artıq bir əsəbiliklə, kin-küdurətlə Bozun ətrafında fırlana-fırlana birdən-birə böyüyüb az qala hədəqəsindən çıxan, get-gedə də qaranlıq içində daha artıq işıldamağa başlayan gözləri ilə ona, yəni böyrü üstə yerə uzanmış və gözlərini yummuş Boza baxmadan, eləcə acıqla mırıldayırdı, küçüklər də uçuna-uçuna bir-birinə daha da sıx qısılaraq, gözlərini analarından çəkmirdi. Bu dəm küçüklər Boza baxmırdılar, onların bütün diqqəti analarında idi. Bir neçə müddət beləcə davam etdi və birdən Boz gözlərini geniş açıb, başını dikəltdi, hansısa daxili bir qüvvə ilə od saçan gözlərini qancığa tuşlayıb, ağzını geniş açdı və elə bil, bədəninin bütün hüceyrələrindən qopub gələn qorxunc, qəddar bir mırıltı ilə qancığın üstünə mırıldadı. Canavar dünyasının öz qanunları var idi. Ana canavar yəqin ki, günəş yavaş-yavaş batarkən Bozun yarıaçıq gözlərindən belə bir əmrin veriləcəyini hiss etmişdi, amma o, hətta hörümçək toru kimi bütün bədənini sarımış aclıq içində belə, dişlərini bir-birinə sıxıb acıqla, kinlə mırıldaya-mırıldaya bütün daxili ilə Bozun verəcəyi o əmrə qarşı etiraz edirdi, eyni zamanda o canavar etirazında bir əlacsızlıq və min illərdən bəri genlərə hopmuş, genlərdə gizlənmiş itaət də var idi. Və qancıq qəflətən Bozun üstünə atıldı. Qancıq bir həmləyə köpək dişləri ilə Boz canavarın xirtdəyindən yapışdı, ac və təcrübəli ovçu kimi, dişlərinin arasındakı xirtdəyi var gücü ilə dartaraq, Bozun boğazının yırtılmış dərisi arasından çıxartdı və qana bulaşmış dodaqlarını gərib küçüklərə tərəf mırıldadı. Analarının bu mırıltısı, Bozun boğazından axan qanın qoxusu bayaqdan bəri qorxudan və anlaşılmazlıqdan uçuna-uçuna bir-birinə qısılmış küçükləri, elə bil, silkələyib ayıltdı, küçüklər bir göz qırpımında Bozun üstünə atılıb, boğazından axan qanı hərisliklə yalamağa başladılar. Boz canavar hələ xırıldayırdı, amma qancıq bu xırıltıya məhəl qoymadan (bəlkə də, bu xırıltıya son qoymaq üçün!) xirtdəyi ağzından çıxartdı və elə o anda da Bozun qarnının nazik dərisini dişlərinə keçirib, yenə bir həmlə ilə dartaraq dərini cırıb dağıtdı. Bozun arıqlayıb boşalmış qarnından qanla bərabər, boş bağırsaqları da quru torpağın üstünə töküldü və qancıq ağzını Bozun qarnının içinə soxub, köpək dişləri ilə ürəyini dartıb qoparanacan, Boz canavar hələ sağ idi, dağıdılmış boğazı ilə nəfəs alırdı. Qancıq Bozun qarnından dartıb çıxartdığı ürəyi torpağa atdı və bəlkə də bütün ömrü boyu heç vaxt bu dərəcədə olmayan bir qəzəb və zəhmlə küçüklərə baxdı. Bir-birinə macal vermədən, acgözlüklə Bozun boğazından axan qanı yalayan küçüklər analarının o baxışları altında yerlərində donub, boyunlarını qısıb dayandılar, sonra qancığın gözlərindəki o zəhmdə hansı bir işarə hiss etdilərsə, Bozun ürəyinin - qanın içində yerə düşüb qalmış isti ət parçasının üstünə atıldılar, hərəsi bir tərəfdən o ət parçasını dartışdıraraq, qopardıqları tikələri diri-diri udub qurtardıqdan sonra, ikisi də birdən qana bulaşmış başlarını Bozun qarnına soxdular. Qancıq, elə bil, birdən-birə boşaldı, o əsəbilik, o zəhm yox olub getdi və başlarını Bozun qarnından çıxartmayan, marçıltıları eşidilən kuçüklərə tərəf baxdı, sonra tənbəl bir hərəkətlə gözlərini küçüklərdən çəkib, Bozun torpağın üstündə düşüb qalmış başına baxdı, sonra yenə eləcə tənbəl bir hərəkətlə çönüb arxasını küçüklərə, Boz canavarın cəsədinə çevirdi, dal ayaqları üstə çöməlib, başını qaranlıq göyə qaldırdı və yavaş-yavaş artan bir səslə ulamağa başladı. Küçüklərin ikisi də tamam qana bulaşmış başlarını Bozun qarnından çıxardı və bəlkə də, ömürlərində birinci dəfə analarının bu səslə, bu nəfəslə ulamağını eşitdikləri üçün, bu sədalar, elə bil, onların bu Şərq yolçuluğunun aclığından sonrakı acgözlüklərini, nə qədər bacarırlarsa ət qamarlamaq ehtiraslarını üstələdi, bir müddət arxadan analarına baxa-baxa hərəkətsiz dayandılar və yəqin ki, o küçüklər bu yolçuluqdan sağ çıxıb, sağ qalacaqdılarsa, o səs, o səda ömürlərinin sonuna kimi onların yaddaşında olacaqdı. Sonra aclıq küçükləri yenə özlərinə gətirdi və onlar başlarını Bozun isti və qan qoxulu qarnının içinə soxdular. Küçüklər yeyib doymuşdular və Boz canavarın cəsədindən aralıda bütün bu Şərq yolçuluğu ərzində ilk dəfə tox qarnına yatmışdılar. Ana canavar çənəsini qabaq pəncələrinin üstünə dirəyib eləcə arxası cəsədə tərəf qarnı üstə yerə çökmüşdü və onun yarıaçıq gözləri alatoranlıq içində harasa çox uzaqlara zillənmişdi. Səhərin işığı yavaş-yavaş bu tərəflərə yayıldıqca, qancığın baxışı da, boşalmış dərisi sallanan, qabırğaları çıxmış bədəni də, boynunun, belinin, quyruğunun öləzimiş tükləri də yorğunluqdan və taqətsizlikdən xəbər verirdi. Qancıq ayağa qalxdı, küçüklərin yanından ötüb Bozun cəsədinə yaxınlaşdı, amma cəsədə baxmadı, elə bil, cəsədi heç görmürdü və dayandı. Küçüklər Bozun içində yeməli yumşaq nə vardısa - ciyərlərini, dalağını yemişdilər, arıq budlarını didişdirib yeyə-yeyə adda-budda sümüyəcən çatmışdılar və artıq tamam açılmış səhərin işığında Bozun adda-budda görünən o bud sümükləri də açıq ağzındakı iri köpək dişləri kimi ağarırdı. Qancıq cəsədə baxmadan bir neçə dəfə onun ətrafında fırlandı, yenə cəsədin qabağında ayaq saxlayıb, elə bil, uzun qaçışdan sonra idi - Bozla birlikdə təqib etdikləri şikarı boğazlayıb, nəfəsini kəsdikləri zamanlarda olduğu kimi - birdən-birə ləhləməyə başladı və ləhlədikcə də ac yolçuluqları ərzində ağzının yapışqan kimi qatılaşmış şirəsi dişlərinin arasından sallanırdı. Bir müddət də beləcə davam etdi və nəhayət, qancıq asta addımlarla cəsədə daha da yaxınlaşıb, budun adda-budda ağaran sümüklərini yalamağa başladı, sonra yavaş-yavaş küçüklərin dişlərinin batmadığı və sümüklərdə qalmış əti yedi, bud sümüklərini tamam təmizləyib, cəsədin bel sümüklərini sümürtdəyib, gəmirib dayandı. Cəsədin aşağı tərəfi tamam yeyilib qurtarmışdı, yuxarı tərəfi isə hələ ki, qalmışdı və açıq-aşkar hiss olunurdu ki, qancıq doymayıb, acdı, amma yuxarı hissəyə keçmədi, budların yerə sərilmiş dərisinin iç tərəfini gəmirərək, aşağı hissəni ayırdı, yuxarı hissəni dişlərinə alıb, kənara - küçüklərin yatdığı yerdə onların başının yuxarı tərəfinə çəkdi, sonra geri qayıdıb, budun sümüklərini ağzına alaraq var gücü ilə sıxıb sındıra-sındıra iliklərini sümürtdəməyə başladı. Qancıq Boz canavarın cəsədinin qalıqlarını dişlərinə alıb irəlidə, küçüklər isə analarının ardınca Şərqə tərəf gedirdilər və küçüklər, görünür, üç gün istədikləri qədər ət - Bozun cəsədini yediklərinə görə az qala, aclıqdan, bu Şərq yolçuluğundan əvvəlki vaxtlarda olduğu kimi gümrah idilər, üç gün içində gözgörəti böyümüşdülər və bu, təkcə ona görə gözə çarpmırdı ki, Bozun əti onlara güc vermişdi, bədənləri ətə-qana dolmuşdu - bu, öz yerində, amma bəlkə, daha artıq dərəcədə ona görə ki, onların hərəkətləri, baxışları, qulaqlarının, tüklərinin, quyruqlarının titrəyişi-tərpənişi dəyişmişdi. Küçüklərin beləcə gözgörəti böyüyüb-bərkiməsi, elə bil, qancığın qayğı-nəvazişini azaltmışdı, Bozdan sonrakı bu üç gündə qancıq daha artıq dərəcədə sərt və ötgəm olmuşdu, hərdən acıqla küçüklərin üstünə mırıldayır, dişlərini qıcırdaraq, pəncəsi ilə onları vurur, başı ilə özündən kənara itələyirdi və bu son üç günün ən gözlənilməz cəhəti də o idi ki, güc toplamış küçüklər də eləcə acıqla, eləcə dişlərini qıcırda-qıcırda analarının üstünə mırıldamağa başlamışdılar. Onlar gecələr gedirdi, səhər isə qancıq küçüklərə cəsədin qalan ətindən yeməyə icazə verirdi və küçüklər həmişəki acgözlüklə, bir-birləri ilə boğuşa-boğuşa ağırlaşdığı üçün bir az yumşalmış əti get-gedə artan bir səriştə ilə yeməyə başlayırdı. Qancıq kənarda dayanıb zəndlə onlara baxırdı və lazım bildiyi vaxt küçükləri qovub, onları cəsədə yaxın buraxmırdı. Doymamış küçüklər hirslə mırıldaya-mırıldaya cəsədə tərəf nə qədər həmlə etsələr də, Ana canavarın pəncələri arasından Bozun ətinə yaxınlaşa bilmirdilər, nəhayət, yorulub yatırdılar və yalnız bundan sonra qancıq da gəlib, küçüklərin yanında uzanırdı, qoruduğu cəsədi öz yanına çəkirdi, sonra başı və arxa ayaqları ilə küçükləri qarnına sıxıb özü də mürgüləyirdi. Axşam təzədən yola düzülürdülər və bütün bu müddət ərzində qancıq rütubətin qoxusunu hələ ki, hiss etmirdi. Rütubət - həyat, yəni ət demək idi. Qancıq özü cəsədin ətindən, demək olar ki, yemirdi, küçüklərin təmizləyə bilmədiyi sümükləri gəmirir, ətdən, qığırdaqdan tamam təmizləyir, sonra sümükləri dişinə alıb sındırır, ağzında xırçıldada-xırçıldada, iliyin təmini hiss edə-edə udurdu. Küçüklər daha Ana canavarın qurumuş əmcəyini, elə bil, tamam yaddan çıxarmışdılar və boş-boşuna əmilməkdən yara olmuş o əmcəyi daha ağızlarına almırdılar. Bozun cəsədinin başı yox idi, Ana canavarın dişləri arasından yuxarı hissənin dərisi sallanırdı, küçüklər qabırğaların və bel sümüklərinin ətini yeyib qurtarmışdılar, qollarında, boynunda hələ ət qalmışdı və neçə gündən bəri cəsəd tamam iylənmişdi, amma Şərqə aparan bu yolun quraqlığı, elə bil, dünyada həyat deyilən nə vardısa, yox etmişdi - cəsədin iyinə nəinki qarğa-quzğun uçub gəlmirdi, bircə milçək, bircə həşərat belə yox idi. Qancıq, cəsəd ağzında, ayaq saxladı və küçüklər dərhal başa düşdülər ki, yemək məqamları çatıb, anaları ilə üz-üzə dayanaraq ağızlarının suyu axa-axa aşkar bir səbirsizliklə həmin məqamı gözləməyə başladılar. Ana canavar bu dəfə ləng tərpənirdi, nəhayət Bozun qalıqlarını küçüklərin qabağında yerə atıb kənara çəkildi. Küçüklər o cəsəd qalıqlarının üstünə atılıb tələm-tələsik qopardıqları tikələri az qala bütöv uda-uda yeməyə başladılar. Qancıq kənarda qarnı üstə yerə çöküb əvvəlcə bir müddət küçüklərə baxdı. Onun yarıaçıq gözlərinin yorğun baxışlarında aşkar bir kədər var idi: ət qurtarırdı, küçüklərin bu yeməyi - sonuncu yemək idi və qancıq bunu başa düşürdü. Ana canavar başını Şərqə tərəf qaldırıb, nəmi qurumuş qara burnunu havaya tutdu,? görünür, havada rütubət qoxusu axtarırdı. Küçüklər bunun fərqində deyildilər və bir-birinə macal vermədən, bir-birinin üstünə mırıldaya-mırıldaya acgözlüklə Bozdan qalan əti təpişdirirdilər. Sonra qancıq başını aşağı salıb, gözlərini rütubət qoxusu gəlməyən səmtə - uzaqlara zillədi və yenə də onun baxışlarında aşkar bir kədər var idi. Ana canavar o dəm nə fikirləşirdi? Bozun cəsədindən yalnız sümüklər və boş dəri qaldı. Küçüklər doymadıqları üçün çılpaq sümüklərdən, dəridən əl çəkmirdilər və axır ki, daha bir şey yeyə bilməyəcəklərini başa düşüb, bu dəfə acıqla bir-birinin üsünə mırıldadılar. Onların bu acıqlı mırıltılarında, elə bil, yavaş-yavaş oyanan, genlərindən qopub gələn canavar qəddarlığın başlanğıcı var idi və doymamış, ac küçüklər bir-birinin üstünə atılır, bir-birini dişləmək, pəncələri ilə bir-birinin üzünü çırmaq istəyirdilər. Qancıq ayağa qalxıb hirslə onların üstünə gəldi, pəncəsi ilə hərəsini bir tərəfə atdı və qəzəblə mırıldadı. O, küçüklərin heç birinə baxmırdı, başını aşağı salıb, yerə baxırdı və onun bu qəzəbli mırıltısı da küçüklərə yox, elə bil, yerə, bütün bu ətrafa ünvanlanmışdı. Qancıq cəsədin qalıqlarının yanına gəldi, burada da dayanıb, bir müddət eləcə acıqla mırıldadı, sonra susdu, başını qaldırıb o tərəf-bu tərəfə baxdı, sonra da təzədən başını aşağı salıb, dərinin içini yaladı, arxa ayaqları üstə çömələrək sındıra bildiyi sümükləri dişinə alıb sındırmağa başladı. Küçüklər tələsik analarının yanına qaçaraq, arxa ayaqları üstə qalxıb, bir-birinə macal vermədən başlarını az qala qancığın ağzına soxmaq istəyirdilər. Qancıq ağzını onlardan qaçıraraq sındırıb çeynədiyi sümükləri yerə - küçüklərin qabağına tökürdü, küçüklər də analarının ağzının şirəsinə və iliyə bulaşmış sümük qırıntılarından uda bildiklərini udur, uda bilmədiklərini acgözlüklə yalayırdılar. Ana canavar qabaqda, küçüklər isə onun ardınca gedirdilər. Onlar üçün artıq gecənin-gündüzün fərqi yox idi - gedə biləndə, gedirdilər, elə ki, daha addımlamaq mümkün deyildi, yerə sərilib yolçuluqlarının yuxu ilə gerçəklik arasındakı məqamına girirdilər. Bozun dərisi, qancığın sındıra bilmədiyi sümükləri uzaqlarda qalmışdı. Rütubətin qoxusu isə hələ də hiss olunmurdu. Bozdan sonra küçüklərin iştahı, elə bil, daha da artmışdı, yeməyə isə heç nə yox idi və aclıq küçükləri yenə də arıqladıb, əldən salmışdı. Onlar üçün analarının ardınca addımlamaq da, görünür, bir məşəqqətə çevrilmişdi. Qancıq özü də tamam üzüldüyü, taqətdən düşdüyü üçün asta addımlarla gedirdi, amma küçüklər yenə də ona çata bilmirdi, bəzən dayanırdılar, qancıq geri qayıdıb pəncəsi ilə, başı ilə onları irəli itələyirdi və belə anlarda küçüklər yenə də əvvəlki vaxtlarda olduğu kimi zəifləmiş səslə zingildəyirdilər. Küçüklərin bu zingiltisində şikayətdən daha artıq bir yalvarış var idi və bu yalvarış əlacsız, köməksiz qancığı acıqlandırırdı, o, qurumuş dodaqlarını geri çəkərək dişlərini qıcırda-qıcırda küçüklərə mırıldayırdı, ancaq bunun daha bir təsiri, qorxusu yox idi - küçüklər eləcə yalvarışla zingildəyə-zingildəyə dillərini analarının qupquru qurumuş, yaraları qupquru qaysaq bağlamış əmcəyinə sürtürdülər. Küçüklər daha gedə bilmirdilər. Bu dəfə də qancıq başını geri çevirdi: küçüklər on addımlıqda dayanmışdılar və analarının mırıldayıb, onları çağırmağının heç bir nəticəsi olmadı, küçüklər yerlərindən tərpənmədi. Qancıq geri qayıtdı, yenə də başı ilə, pəncəsi ilə onları irəli itələdi, ancaq küçüklər irəli addımlamaq əvəzinə, yerə yıxılır, güclə titrəyən ayaqları üstə qalxıb yenə zəif səsləriylə zingildəyirdilər. Ana canavar yəqin başa düşdü ki, bu - sondur; küçükləri daha irəli itələmədi, onların yanında ora-bura addımlamağa başladı və elə bu dəm birdən-birə ani və yüngül bir meh kimi rütubət qoxusu ötüb keçdi, qancıq, elə bil, səksəndi, cəld başını qaldırıb Şərqə tərəf baxdı, bir-neçə andan sonra, görünür, rütubət qoxusunu daha aydın hiss etdi. Onun qulaqları şəkləndi, boynunun, belinin tükləri qabardı və quyruğunu dik qaldırıb, bir müddət eləcə dayandı, sonra yenə küçüklərə yaxınlaşıb, bir-bir onların sifətini - gözünü, ağızlarını yalamağa başladı. Küçüklər dillərini çıxarıb analarının yaladığı yerləri yalayırdı, elə bil, qancığın ağzının şirəsi ilə qidalanmaq istəyirdilər, ancaq qancığın ağzının şirəsi daha yox idi, qurumuşdu. Küçüklərin zəif zingiltisi kəsilmişdi və qancıq başının, pəncələrinin hərəkəti ilə ehtiyatla yenə onları irəli itələmək istədi, küçüklər get-gedə daha artıq zəifləyən səslə təzədən zingildəməyə başladılar, qancıq bir az sərt hərəkət etdikdə isə, yerə yıxılırdılar. Qancığın bütün cidd-cəhdindən heç bir şey çıxmadı. Aclıq küçükləri açıq-aşkar məhv edirdi. Qancıq daha küçükləri irəli itələmədi, aralanıb arxa ayaqları üstə yerə çöməldi. Şərqdən gələn o rütubət qoxusu indi açıq-aydın hiss edilirdi, qoxu, görünür, Ana canavara bu yolçuluğun sona çatacağından xəbər verirdi və qancıq bir müddət o qoxu gələn səmtə baxdı, sonra mırıldayıb başını küçüklərə tərəf çevirdi. Küçüklər qancığın o mırıltısında, elə bil, nəsə hiss edib zingiltilərini kəsdilər və titrəyən ayaqları üstə güclə dayanaraq, getdikcə artan bir təlaşla analarına baxdılar. Qancıq quyruğunu o tərəf-bu tərəfə bulaya-bulaya diqqətlə küçüklərə baxırdı və o dəm onun o diqqətli baxışları ilə nə dediyini, yəqin, yalnız özü, bir də küçüklərin gen yaddaşı başa düşürdü. Və birdən qancıq yerindən sıçrayıb, eyni ilə Boz canavar kimi, özünü küçüklərin ayaqlarının altına atdı və şaşırmış küçüklər ani olaraq geri çəkildilər, amma birdən-birə - qəribədir - elə bil, onlara haradansa güc gəldi, irəli atılıb, hərəsi bir tərəfdən analarının boğazından yapışdı. Küçüklər dişləri ilə Ana canavarın boğazından yapışıb, nə qədər sıxsalar, nə qədər cəhd etsələr də, dərini yırta bilmirdilər və taqəti olmasa da, incisə də onların bu əfəlliyi qancığı qəzəbləndirirdi. Onun özünün içində aclıq hissi o qədər güclü idi ki, ağrını hiss etmirdi, daha doğrusu, həmin anda aclıq ilə ağrı bir-birinə qarışmışdı və Ana canavar sövq-təbii istəyirdi ki, hər şey tez qurtarsın, bitsin, amma bir tərəfdən zəiflik, gücsüzlük, bir tərəfdən təcrübəsizlik, bir tərəfdən də, görünür, həmin anlarda belə, onların daxilindən çəkilib getməmiş instinktiv məhəbbət imkan vermirdi ki, küçüklər analarının boğazını yırtsınlar, onu boğsunlar. Ana canavarın boğazı qanamışdı və dillərinə dəyən təzə qan təmi, elə bil, küçüklərə daha artıq bir hərislik gətirdi, onlar artmış bir ehtirasla Ana canavarın boğazını gəmirməyə başladılar, amma analarının xirtdəyini heç cürə dişlərinə keçirə bilmirdilər. Ana canavar başını yanpörtü göyə tərəf tutub, gözlərini yummuşdu və birdən-birə o da boğazından axan qanın qoxusunu hiss etdi, bu hissiyyatda onun aclıq əzablarının sona çata biləcəyi ilə bağlı bir informasiya var idi və bu informasiya qancığı qıcıqlandırıb-şirnikləndirdi, onda ani və vəhşi bir hərislik sövq-təbiisi oyandı. Həmin anlarda daxilindəki hansısa qeyri-adi bir qüvvənin köməyi ilə Ana canavar özünü məcbur edə bildi, məcbur edə bildi ki, nə qədər əldən düşmüş olsa da, o isti qan qoxusunun dəli ehtirası ilə bir göz qırpımında yerindən sıçrayıb, küçükləri parçalamasın, o dözülməz aclıq əzabından qurtarmasın... Ana canavarın gözü açıldı, ani olaraq tərtəmiz göy üzünə baxdı, sonra gözlərinin qapağı taqətsiz halda üst-üstə düşdü, elə bil, göy üzünün bu təmizliyi içində Şərqdən gələn rütubət qoxusu daha aydın hiss olundu, bu qoxu boğazından axan təzə qanın qoxusuna qarışdı və həmin qarışıq qoxular içində qancıq yenə də içindəki hansı bir qüvvədənsə güc alıb, həyatında sonuncu dəfə acıqla mırıldadı, sonra sərt hərəkətlə boğazını küçüklərin dişindən çəkib çıxartdı, başını arxaya uzadıb, bir az geri sürüşdü, eləcə böyrü üstə qarnını küçüklərin ağzına tərəf qabartdı. Ana canavar təhtəlşüur olaraq küçüklərə kömək etmək istəyirdi. Qancıq sərt hərəkətlə boğazını onların dişindən çəkib çıxaranda, küçüklər əvvəlcə, elə bil, çaşdılar, nə edəcəklərini, analarının nə istədiyini, onlara nə dediyini başa düşmədilər, sonra onların içindən bir qorxu hissi ötüb keçdi, elə bil, hətta o anlarda belə, Ana canavardan gələn doğma bir istilik birdən-birə dondu, küçüklərin özünüsaxlama instinktləri bütün qalan hissləri qovub, onların içindən çıxardı və elə ki, Ana canavar sonuncu dəfə eləcə mırıldadı, qarnını onların ağzına tərəf dikəltdi, küçüklər onun, yəni Ana canavarın nə dediyini, nə istədiyini - onun sonuncu əmrini o andaca başa düşdülər, analarının qarnının aşağı tərəfinə atılıb, qurumuş əmcəyi ilə qarnı arasındakı seyrək tüklü yumşaq dərini gəmirə-gəmirə dartışdırıb yırtdılar, isti qara ciyərdən gələn hərarəti, yumşaqlığı və qoxunu duyub, başlarını o yırtıqdan içəri soxdular, Ana canavarın qara ciyərini didib dağıdaraq, ağızları qana, şirəyə bulaşa-bulaşa qopardığı tikələri acgözlüklə təpişdirməyə başladılar. Ana canavar heç bir ağrı hiss etmirdi, görünür, onun bütün duyğuları da, elə bil, damar kimi kirəc bağlamışdı və beyni hansısa bir informasiyanı qəbul etmək imkanında deyildi. Yumşaq qara ciyər tikələrini qoparıb yeyə-yeyə hənirtiləri artmağa başlayan küçüklərin səsi bu dünyada Ana canavarın çox uzaqlardan eşitdiyi son səs oldu, sonra tamam bircə an Ana canavara elə gəldi ki, küçüklər onu əmir, əmcəyi isti südə və küçüklərin ağzının şirəsinə bulaşıb,? sonra isə həyat sona yetdi.
Səmimiyyət işığı. TALEH HƏMİDİN YARADICILIĞI HAQQINDA QISA DÜŞÜNCƏLƏR. Səmimiyyət insan xarakterinin bəlkə də ən vacib keyfiyyətlərindən biridir. Özü də bu səmimiyyət təbii olanda zərifləşir, ülviləşir, sahibinə əzəmət və qürur gətirir. Yaradıcı adamın səmimiyyəti isə mütləq onun sənətinə hopur. Bəstəkarın təranələrində, rəssamın rəng harmoniyasında, qələm əhlinin söz düzümündə səmimiyyətin işığı, işığın parlaq nuru apaydın görünür. Şair-publisist Taleh Həmidin nəinki yaradıcılığında, hətta sənətə və sənətkarlara, dostlara və simsarlara, həyata və həyatdakılara münasibətində qəribə bir səmimiyyət var. Talehi tanıdığım 35 ildə bu səmimiyyətin onu tərk etdiyini görməmişəm, duymamışam, eşitməmişəm. Onunla çox-çox səfərlərimiz olub. Bu səfərlərdə dostlar və yoldaşlar, səfərdaşlar Taleh Həmidin diqqətinə, qayğıkeşliyinə, dadlı-dadlı, şirin-şirin söhbətlərinə heyran qalıblar. Onun duzlu-məzəli söhbətlərinin ovsununa düşməmək mümkün deyil. Bu sadaladıqlarım və sadalamağa ehtiyac duymadığım neçə-neçə mənəvi-əxlaqi dəyərlər, insani keyfiyyətlər Taleh Həmidin şəxsiyyət kamilliyinin əlvan çalarlarıdır. Məni sevindirən odur ki, bütün bunlar Talehin həyat və həyat davranışının kredosu olmaqla yanaşı, onun yaradıcılığının mayasını, cövhərini halallaşdırır. Cəsarətlə deyirəm ki, Taleh Həmidin bədii yaradıcılığı qranit kimi möhkəm və əzəmətlidir. Onun sırf özünəməxsus yaradıcılıq dünyası var. Qəmi kişi qəmi, kədəri ər kədəri, həzinliyi şair kövrəkliyi, sevinci bayram xonçası olan bir dünya. Həmin dünya həm də ona görə halaldır ki, oradan minlərlə könül dünyasına pay düşür: Şair Taleh Həmidin misralarında, publisist Taleh Həmidin fikir zəncirbəndində, naşir Taleh Həmidin peşəkarlıq səriştəsində. Peşəkarlıq demişkən, Taleh Həmid bir naşir, bir redaktor kimi də seçiləndi, həm də sözübütövdür. Nəşriyyat və redaksiya işi elədir ki, bəzən özün istəmədən, özündən asılı olmayaraq adamın sözünün yalanı da çıxır. Ancaq Taleh Həmidi nə "Ulduz" jurnalında əməkdaşlığı dövründə, nə "Yeni fikir"də, nə "Müstəqil qəzet"də redaktorluğu çağında, ümumiyyətlə onu tanıdığım uzun bir zaman kəsiyində sözünə xilaf çıxan görməmişəm. Mənəviyyatı kimi sözü də həmişə kəsərli və bütöv, dəqiq və realdır. Tanıyan oxucuların bir daha əminliyi və az tanıyan şeirsevənlərin Taleh Həmidi daha dərindən duymaları və səmimiyyətinin işığını görmələri üçün onun dörd cilddə seçilmiş əsərlərini vərəqləmək, vərəqləyibən oxumaq, oxuyuban da dərinliyinə varmaq kifayətdir. Kifayətdir ki, Taleh Həmidin avtobioqrafik ömür kitabını vərəqləyə-vərəqləyə onun xarakterinin incəlikləri bir daha canlılığı və saflığı ilə gözlərimizdə canlansın. Şeir və poemalarını oxumaq kifayətdir ki, Taleh Həmid duyğularının, Taleh Həmid düşüncələrinin ləngəri və dinamikliyi, lirizmi və ülviyyəti duyğularımıza tumar çəksin. Bu məqamda istəyirəm Taleh Həmidin ayrı-ayrı misralarından seçmələri nümunə kimi göstərim. Soruşa bilərsiniz ki, niyə? Əvvəla ona görə ki, bir qəzet məqaləsində şairin yaradıcılığını geniş təhlil etmək imkan xaricindədir. İkincisi isə oxuculara çatdırmaq istəyirəm ki, Taleh Həmidin misraları dolğundur, sanballıdır, fikir dərinliyindən su içib və nəhayət fəlsəfi siqləti var. "Yanımda dolandı, yanımda gəzdi, Gedib özgələrdən sordum. "Ürəklər öləndən sonra. Çiçəklər neyləyə bilər? Onlar ölüm qarşısında. Talehin poeziyası ismətli poeziyadır. Şair sözün niqabını çox həssaslıqla və ehtiyatla götürüb fikrini təzə gəlin kimi bizə göstərir. Bu tül şair misralarının hüsnünü gizlətmir, əksinə, onun lətafətini daha cazibəli, daha füsunkar edir. Taleh Həmid emosional və həssas insandır. Mənim fikrimcə, şairin romantik duyğuları, həqiqət axtarışları və hisslərinin ülviyyəti üçün emosiya mütləq vacibdir. Taleh Həmidin hər gün gördüyümüz və hər gün rastlaşdığımız məqamlara, reallıqlara münasibəti bambaşqadır, bizi heyrətləndirir. Məncə, elə poeziyanın gücü də insanları heyrətləndirməsindədir. Taleh Həmidin, yuxarıda dediyim kimi, sözlərində dərin məna var. Məncə, bu mənaların qəribə fikir çalarları var və həmin çalarlar Talehin daxilini duymaqda oxuculara bələdçilik edir. Taleh Həmidin poeziyasının bir qatı mərhəmət duyğusu ilə bağlıdır. Məncə, onun mərhəmətinin kökündə insana məhəbbət, insan ləyaqətinə ehtiram, insanlığa rəğbət marağı durur. Taleh Həmidin tərcümeyi-hal xarakterli publisistikası var. Məncə, onun publisistikasının əsas qayəsi və dəyəri keçmişi aydın, həqiqət işığında dərk edib ləyaqət və ehtiramla gələcəyə çatdırmaqdır. Bu istəyinə də məharətlə nail olub. Taleh Həmid fikir azadlığını sevən şairdir. Məncə, onun şair azadlığının mayasında dərk edib qavradığı həyat həqiqəti və zərurət durur. Qeyri-adiliyi ilə heyrət doğuran dahi Holland rəssamı Van Qoq yazır ki, "insanları sevməkdən nəcib heç nə yoxdur". Məncə, Taleh Həmidin ilhamının büllurluğunun və coşqunluğunun kökündə onun insanlara dəruni məhəbbəti durur. İngilis yazıçısı Uilyam Tekkereyin isə belə bir müdrik fikri var: "Rəftar əkərsən - adət biçərsən, adət əkərsən - xasiyyət biçərsən, xasiyyət əkərsən - tale biçərsən". Məncə, Taleh Həmid xoş rəftarı, səmimi xasiyyəti və Tanrı bəxş etdiyi tale qisməti - şair ömrü ilə özünə kifayət qədər məhəbbət və rəğbət, hörmət və ehtiram qazanıb. Bu cür qazanılanlar isə itib batmır, əksinə zaman keçdikcə, vaxt uzaqlaşdıqca o daha da aydın, daha möhtəşəm görünür. İlham RƏHİMLİ, sənətşünaslıq doktoru, professor.
Məşhur kino rejissoru, Azərbaycanın xalq artisti, professor Tofiq İsmayılovun 70 yaşı tamam olur. Tofiqlə 60-cı illərdə hər ikimiz Azərbaycan radiosunda işlədiyimiz zaman tanış olduq. 1964-cü ildə Moskvada Ali Ssenari Kurslarını bitirib Bakıya qayıdandan sonra Radionun Uşaq verilişləri şöbəsinin müdiri təyin edildim, Tofiq İsmayılov bu şöbənin rejissoru idi. Birlikdə çalışmağa başladıq, bir çox zənnimcə maraqlı verilişlər hazırladıq. Uşaq verilişləri şöbəsinin "Ulduz", "Xoruz" adlı populyar verilişləri vardı. Yeri gəlmişkən o illər Uşaq şöbəsində redaktor kimi çalışan, tanınmış jurnalist Mailə xanım Muradxanlının mənə xatırlatdığı bir əhvalatı burda yada salmaq istəyirəm. Məşhur Xoruz baba - istedadlı aktyor Hüseynağa Sadıqov balaca dinləyicilərin sevimlisinə çevrilmişdi. Bu verilişi onsuz təsəvvür etmək mümkün deyildi və aktyor özü də bunu yaxşı bilirdi. Bir dəfə hansı işiyləysə əlaqədar rayona getmiş, verilişin yazılma vaxtına qədər gəlib çıxmamışdı. Verilişi proqramdan çıxarmaq istəyirdilər. Mailə xanım xatırlayır ki, şöbə müdirimiz (yəni mən) bunu etməyə qoymadı: - Xoruz banlamasa səhər açılmaz? "Xoruz" jurnalında uşaqlara tapmacalar söylənilirdi və çoxlu cavablar alırdıq. Tofiqlə danışdıq ki, axı bu radiodur, uşaqların fantaziyasını canlandırmaq üçün yalnız sözlə yox, səslər vasitəsiylə də tapmacalar vermək yaxşı olar. Müxtəlif quşların cəh-cəhini, dənizin uğultusunu, çay, bulaq şırıltısını, külək, yağış, qasırğa səslərini lentlərə yazdıraraq efirə verdik və balaca dinləyicilər bu səsləri tanıyıb xeyli cavab yazdılar. Tofiqlə "Şəhərin bir günü" adlı sözsüz, yalnız küçə, nəqliyyat vasitələrinin, təbiət səslərindən ibarət Səs novellası da hazırladıq. Əfsus ki, sırf radioya xas olan bu janrlar sonralar davam etdirilmədi. Bu işin əsas zəhməti əlbəttə rejissorun - Tofiq İsmayılovun boynuna düşdü. Bilmirəm, bu çox mükəmməl rejissor və aktyor işinin bəhrəsi olan trilogiya radionun fondunda qalıb ya yox, qalmayıbsa, çox heyf. O illər Tofiqlə yalnız əməkdaşlıq etmirdik, həm də dostlaşdıq, çox-çox illər sonra isə qohum, quda olduq. Tofiqin qızı Sevinc gəlinimizdir, oğlum Turalın həyat yoldaşıdır. Radiodan sonra Tofiq Moskvaya Ali rejissor kurslarına daxil oldu, oranı bitirdi, artıq kino və televiziya filmləri rejissoru kimi fəaliyyətə başladı. Bu illər ərzində Tofiq iyirmidən artıq kino, televiziya və sənədli film çəkdi. "Abşeron" romanı əsasında çoxseriyalı film, "Çarvadarların yolu ilə", "Mən mahnı qoşuram", "Gilas ağacı" kimi sevilən kino əsərlərinin quruluşunu verdi. Məlik Məmməd nağılı əsasında çəkdiyi film ABŞ-da nümayiş etdirilməsi üçün seçilən 17 sovet filmindən biriydi. Tofiqin çəkdiyi filmlər arasında ikisini xüsusi qeyd etmək istərdim. Məşhur rəqqasəmiz Əminə Dilbaziyə həsr olunmuş "Prima" filmini və ölməz müğənnimiz haqqında çəkdiyi "Oxuyur Müslüm Maqomayev" filmlərini. Nə qədər təəccüblü görünsə də Tofiqin filmi bu böyük sənətkar haqqında çəkilmiş yeganə ekran əsəridir. Əlbəttə müğənninin ayrı-ayrı çıxışları, konsertləri, ifaları lentə alınıb, amma yaradıcılıq yolunu tam şəkildə əks etdirən tək film Tofiqin yaratdığı əsərdir. Odur ki, böyük müğənnini itirdiyimiz günlərdə Bakı və Moskva telekanalları rejissorun adını belə çəkmədən məhz bu filmdən böyük parçalar nümayiş etdirirdilər. Kino və televiziya sahəsində yorulmaz enerjiylə çalışan, bir insan ömrü boyu bu qədər film çəkən, uşaqlar üçün kitablar yazan, Ali məktəbdə pedaqoji fəaliyyətlə məşğul olan Tofiq İsmayılov Türkiyəyə getdi və on beş il ərzində İstanbulun Memar Sinan Universitetinin müəllimi - oldu. İstanbulda neçə illik fəaliyyəti boyu Tofiq İsmayılov həyatını yalnız Memar Sinan Universitetindəki tələbələr yetişdirməyə deyil, bütün türk dünyasının sənətinə, türk xalqlarının qarşılıqlı mədəni əlaqələrinin gəlişməsinə, Azərbaycanın Türkiyədə daha geniş tanıdılmasına həsr etdi. İstanbul Bələdiyyəsinin o vaxtkı kultur işləri dairəsinin müdiri dostu, dostumuz Şenol Dəmirözlə birlikdə İstanbulda nələr təşkil etmədi: türk dünyası sinema (kino) festivalları, ədəbiyyat, opera günləri, konsertlər, ünlü sənətçilərimiz Üzeyir Hacıbəyliyə, Adil İsgəndərova, Qara Qarayevə, Rəsul Rzaya, Bəxtiyar Vahabzadəyə həsr edilmiş tədbirlər... Şenolla birlikdə bütün müstəqil və muxtar Türk Cümhuriyyətlərini - Qazaxıstanı, Qırğızıstanı, Özbəkistanı, Türkmənistanı, Tatarıstanı, Başqırdıstanı bir-bir gəzib-dolaşdılar, türk xalqlarının illər boyu qırılmış mənəvi və mədəni bağlarını yenidən bərpa etməyə çalışdılar. Türk dünyasının məşhur kino ustaları - türkiyəli Xalid Rəfiq, mərhum qırğız rejissoru Tolamuş Okeyev, türkmən Xocaqulu Narliyev və onun xanımı aktrisa Maya Aymedova, özbək Şöhrət Abbasov, tatar Bolot Mansurov Tofiqin yaxın dostları, İstanbuldakı kino bayramlarının daimi iştirakçıları idi. Rəhmətlik Çingiz Aytmatovla da dostluq edirdi, onunla, habelə qazax yazıçısı Muxtar Şaxanovla birlikdə ssenarilər yazmışdı. Tofiq İsmayılovun İstanbul dövründəki ən vacib işlərindən biri - yazdığı üç cildlik "Türk cümhuriyyətlərinin sinema tarixi" oldu. Bir elmi institutun görə biləcəyi (bəlkə də görə bilməyəcəyi) işi Tofiq İsmayılov təkbaşına etmiş, Türk dünyasının mükəmməl kino salnaməsini yaratmışdı. Bu kitab təbii ki, yalnız yazılı mənbələrə əsaslanmır, onu araya-ərsəyə gətirmək üçün müəllif yüzlərlə bədii və sənədli filmə baxmalı olmuşdu. Bu filmlərin əksəriyyəti onun şəxsi kinotekasında saxlanılır. Məncə bu türk xalqlarının kino sənətinə aid unikal kolleksiyadır və yaxşı olardı ki, indi Tofiq Bakıya qayıtdığı zaman bu zəngin filmlər xəzinəsində toplanmış əsərləri öz təqdimatları və şərhləri ilə televiziya kanallarımızda nümayiş etdirsin. Tofiq İsmayılovun 70 illiyi münasibətilə qələmə aldığım bu yazıda onun fəaliyyəti haqqında çox söz deyə bilərdim. Amma professor Nizami Cəfərov "525-ci qəzet"də məni qabaqlayaraq görkəmli sənətkarımız haqqında müfəssəl bir məqalə dərc etdirib və mənim demək istədiyim sözlərin çoxunu deyib. Mənə isə on il bundan qabaq Tofiq İsmayılovun 60 illiyi münasibətilə yazdığım yazıdan bəzi fikirləri yenidən təkrarlamaq qalır. Onun xasiyyətinə, davranışına az-çox bələd olan qohum kimi o vaxt yazırdım ki, Tofiq çox ailəcanlı, balacanlı, nəvəcanlı bir insandır. Özünü oda-közə vurur ki, ailəsi yaxşı dolansın. Kimə deyirsən? İndi on il keçəndən sonra, 70 yaşında da Tofiq eyni fədakarlıqla övladlarından başqa yeddi nəvəsinin yolunda ömrünü fəda etməyə hazırdır. Söhbət nəvələrdən düşdüsə bir məzəli və mənalı xatirə də yadıma düşdü. Tofiqlə mənim iki ortaq nəvəmiz var - Rəsul və Anar, Turalla Sevincin övladları. Rəsul dörd-beş yaşlarında olanda Bakıda Axundov kitabxanasının yanından keçərkən bu binanın fasadında ucaldılmış heykəlləri ona göstərdim, bax o da mənim atam, Turalın babası, sənin ulu baban Rəsul Rzadır - dedim sən onun adını daşıyırsan. İndi Rəsul artıq böyük oğlandır, Ali məktəb tələbəsidir, şübhəsiz dərk edir ki, Tofiq İsmayılovun heykəlini o özü ucaldıb - filmləriylə, kitablarıyla, Türk dünyasına xidmətləriylə, Bakıda və İstanbulda yetişdirdiyi yüzlərlə tələbələriylə. Görkəmli tərcüməçi, naşir, təşkilatçı, əsl ədəbiyyat adamı Azər Mustafazadənin 70 yaşı tamam olur. Bu münasibətlə yazdığım yazıya başlıq qoyandan sonra bir qədər tərəddüd keçirdim. Bəlkə onu dəyişdirim-deyə düşündüm... Axı bu başlıq dostum Azərin qəlbini sızlada, kövrəldə bilərdi. Bir neçə il əvvəl o çox sevdiyi həyat yoldaşı Vəfa xanımı itirmişdi. Başlığı dəyişmədim, çünki Vəfa xanımın xatirəsinə də, Moskvada Ədəbiyyat institutunda birgə oxuduğu gənclik dostlarına da, ümumən yoldaşlıq etdiyi başqa insanlara da, müxtəlif sahələrdə çalışdığı işlərə də etibarı cəhətdən Azəri məhz "vəfa" sözüylə səciyyələndirmək düz olar. Ömrü boyu çeşidli işlərdə fəaliyyət göstərib. Adicə ədəbi işçi, sonra "Literaturnı Azərbaycan" jurnalının məsul katibi olanda da, Mərkəzi Komitənin mühüm şöbələrindən birinin müdiri işləyəndə də, "Literaturnaya qazeta"nın Azərbaycan üzrə müxbiri kimi çalışanda da, Şəki kimi böyük rayona rəhbərlik edəndə də, bir müddət işsiz qalanda da, nazir müavini vəzifəsini daşıyanda da Azər həmişə eyni Azər olub, işinə sədaqətli, fəaliyyətinə namusla yanaşan, zəhmətkeş, xeyirxah... Azərbaycan ədəbiyyatını rus dilinə çevirmək kimi ağır zəhmətə qatlaşanda da, indi bəzi başqa nəşriyyatların dağıldığı, sıradan çıxdığı bir vaxtda qədim "Azərnəşr"i yaşadanda da həmişə ədəbiyyatımıza, mədəniyyətimizə ləyaqətlə xidmət edib. Azərbaycan ziyalısı deyəndə ilk ağlıma gələn insanlardan biri Azərdir. Təmənnasız, iddiasız, heç kəsin yerində gözü olmayan gözü tox bir ziyalı, heç kəsə həsəd çəkməyən alicənab, fədakar insan. Hərdən Azərlə zarafat edirik ki, o öz adını artıq "Azərnəşr" sözündə ədəbiləşdirib, çünki çətin zamanlarda bu nəşriyyatın ayaqda qalması ilk növbədə Azərin xidmətidir. Və müxtəif illərdə - insanlar kimi kitablar da uğurlu, ya uğursuz günlər yaşayır, sevildikləri vaxtlar da olur, gözdən düşdüyü vaxtlar da. Acı da olsa etibar etməliyik ki, son vaxtar, bütün dünyada olduğu tək, Azərbaycanda da Kitabın bəxtinə ağır sınaqlar düşüb. Belə sınaqlardan çıxmaq hər insana, hər kitaba nəsib olmur. Belə bir bazar, daha sərt desəm baqqal mülahizəsi var ki, kitabın dəyəri onun populyarlığında, alış-veriş meyarlarıyla ölçsək, satılıb-satılmamasındadır. Amma satılmayan adamlar da var, satılmayan kitablar da... İstərdim ki, məni düzgün başa düşsünlər. Məlumdur ki, ədəbiyyatın müəyyən populyar janrları var, məsələn çox oxunan dedektiv janr. Əgər bu janrda yaranmış əsərlər Edqar Po, Konan Doyl, Aqata Kristi, Jorj Simenon, ya elə bizim Çingiz Abdullayev kimi istedadlı müəlliflərin qələmindən çıxıbsa, bu kitablar ədəbiyyatın malıdır, onun dəyərli örnəkləridir. Amma axı tək bir oxucunu cəlb etmək üçün yazılan bayağı "əsərlər" də meydana çıxır. Özəlliklə bizim günlərdə pulu-varı olan hər adamın öz cızma-qarasını çap etməyə imkanı varsa. Ciddi ədəbiyyat isə geniş oxucu marağını cəlb etməyə də bilər. Amma belə kitabları nəşr olunmaq və deməli yaşamaq haqqından məhrum etsək həqiqi ədəbiyyatın siması necə olar? Bu söhbəti ona görə salıram ki, Azər "Azərnəşr"də kitab çap etmək siyasətində bazar iqtisadiyyatının qanunlarına müəyyən qədər riayət etməyə məcburdursa da, həqiqi dəyəri olan kitabların işıq üzü görməsinə də həmişə ciddi məsuliyyətlə yanaşır. Uzun illər Yazıçılar İttifaqına rəhbərlik etmiş, xalq yazıçısı İmran Qasımovun çoxdan bəri kitabları çıxmırdı. Elmira xanım Axundova onun maraqlı esselərindən ibarət olan bir kitabını tərtib etdi, Öz sözünü mən yazdım, Azər isə bir an tərəddüd etmədən bu kitabı sponsorsuz-filansız, nəşriyyatın öz daxili resursları hesabına nəfis şəkildə çap etdi. Bu bəlkə də adi görünə biləcək bir faktdır. Amma mən bu faktda Azərin həm ədəbiyyata, həm də tanıdığı, hörmət etdiyi müəlliflərə etibarının, sədaqətinin bariz örnəyini görürəm. Ümumiyyətlə fikir vermişəm ki, uzun illər boyu ünsiyyətimizdə Azərdən bir nəfər haqqında da olsa (bircə nəfər istisna olmaqla -adını çəkmirəm) hər hansı bir mənfi söz eşitməmişəm. Özəlliklə vaxtıyla ona qayğıyla yanaşan ağsaqqal yazıçılarımız Mirzə İbrahimov, İmran Qasımov, İsmayıl Şıxlı haqqında həmişə böyük ehtiramla söz açır, onlarla bağlı maraqlı xatirələrini dilə gətirir. Ədəbiyyatımızda öz yeri olan, qədirşünas adamların xatirələrində yaşayan insanları - dünyasını dəyişmişləri belə hörmətlə anmaq - ziyalılığın, nəcibliyin əlamətidir. Ölülərə-dirilərə böhtan, föhş atmaq isə naqislik kompeksindən əziyyət çəkənlərin şakəri, özünə "təsəllisi" uğursuzluqlarının nişanəsidir. İnsan ömürlüyündə yüksəliş anları da olur, diqqətdən kənarda qaldığı vaxtlar da. Mərdanəlik - hər iki məqamda mənliyini qoruyub saxlamaqdır. Ləyaqət ondadır ki, zirvələrə ucalanda başın gicəllənməsin, hamıya yuxarıdan aşağı baxmayasan, zirvələrdən enəndə isə giley-güzar etməyəsən, bütün dünyadan küsüb-inciməyəsən, hamını suçlamayasan. Azər bütün bu təbəddülatlardan eyni cür başıucalıqla keçən, həmişə şəxsiyyətini qoruyanlardandır. Yazımın əvvəlində olduğu kimi axırlarına yaxın da Vəfa xanımı xatırlamaq istəyirəm. Tale elə gətirdi ki, bu gün iki qızı da ailələriylə birlikdə xarici ölkələrdə yaşayır. Azər tənhalığın acısını da eyni mətanətlə, eyni dözümlə keçirir. Yalqızlığının ağrılarını heç kəsə göstərmir, bəlkə ancaq bir neçə dostuyla əvvəlki vaxtlardan daha çox, daha sıx ünsiyyətdə olmağa ehtiyac duyur. Ancaq yetər, yetmiş yaşı tamam olan gün - martın 27-də qələmə aldığım bu yazımda Azəri qəmli sözlərlə riqqətləndirmək istəmirəm. Ona - varlığı üçün, belə olduğu üçün, etibar və sədaqəti üçün minnətdarlığımı bildirmək istəyirəm, ayrı vaxt demədiyim sözləri - "belə bir dostum olduğu üçün qürur duyduğumu" ona çatdırmaq istəyirəm. Yetmiş yaşın mübarək Azər!
AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ DAHA BİR MÜSBƏT ƏNƏNƏNİN ƏSASI QOYULDU. Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Bayatı" kitab evində yazıçı-dramaturq, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəylinin yeni işıq üzü görmüş kitabı - "Şah Abbas" tarixi romanı ilə bağlı İmza günü keçirildi. Tədbiri AYB-nin katibi Rəşad Məcid açaraq, İmza gününün keçirilməsini yüksək qiymətləndirdi və qeyd etdi ki, bu tədbirlərin keçirilməsi fikrini Birliyin sədri, xalq yazıçısı Anar irəli sürüb: "Bu mərasimlər ictimaiyyət arasında kitabın təbliğinə, kitaba diqqətin artmasına, oxucu auditoriyasının genişlənməsinə xidmət edəcək. İnanıram ki, AYB-də İmza günü keçirilməsi ənənəvi hal alacaq və həm bu tədbirlərə, həm də ümumən kitaba maraq göstərənlərin sayı daha da çoxalacaq". "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Səlim Babullaoğlu E.Hüseynbəylini, eləcə də bütün ədəbiyyatsevərləri yeni bir ənənənin başlaması münasibətilə təbrik etdi. Tanınmış dramaturq Əli Əmirli hər bir yeni kitabın işıq üzü görməsini müəllif üçün qələbə adlandırdı: "Elçin Hüseynbəyli də bu qələbəni dadan yazıçılardandır. O, məhsuldar yaradıcılığı ilə seçilən yazıçıdır. Arzu edirəm ki, bu məhsuldarlığını hər zaman qoruyub saxlaya bilsin. Mən bu İmza günü tədbirini ədəbi sahədə irəliyə atılmış addım kimi dəyərləndirirəm". Şair Elxan Zal Qaraxanlı Azərbaycan ədəbiyyatında tarixi roman janrının durmadan inkişaf etdiyini, E.Hüseynbəylinin bu janrın gözəl nümunələrini yaratdığını önə çəkdi. Şair İlyas Tapdıq, professor Ənvər Əhməd də öz çıxışlarında müəllifi təbrik, İmza günü keçirilməsini isə təqdir etdilər. Daha sonra müəllif kitabının satılan nüsxələrini imzaladı.
"Müasir Ukrayna tarixi" kitabının təqdimatı keçirilib. Aprelin 3-də BSU-nun Ukrayna Mədəniyyət mərkəzində Avropaşünaslıq kafedrasının dosenti H.Məmmədovun "Müasir Ukrayna tarixi" (XX əsrin sonları-XXI əsrin əvvəlləri) dərs vəsaiti kitabının təqdimetmə mərasimi keçirilib. Tədbirdə Ukraynanın Azərbaycandakı səfiri B.Klimçuk da iştirak edib. Təqdimetmə mərasimini BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev açaraq, Azərbaycan-Ukrayna münasibətlərindən danışıb, iki ölkə arasında dostluq əlaqələrinin tarix boyu möhkəm olduğunu, müasir dövrdə bu əlaqələrin daha da möhkəmləndiyini qeyd edib. Universitetdə ukrayna dilinin, tarixinin, mədəniyyətinin ixtisas səviyyəsində keçildiyini önə çəkən K.Abdullayev bu yaxınlarda BSU-da T.Şevçenko adına "Ukrayna linqofon kabineti"nin də açılacağını bildirib. "Müasir Ukrayna tarixi" kitabının vaxtında ərsəyə gəldiyini deyən rektor onun iki ölkənin əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əmin olduğunu dilə gətirib. Rektor gələcəkdə bu kitabın ukrayncaya tərcümə olunmasının vacibliyini də qeyd edib. Ukrayna səfiri B.Klimçuk təqdim edilən kitabı yüksək dəyərləndirərək, onun nəşrində əməyi olan hər kəsə, xüsusən rektor K.Abdullayevə minnətdarlığını bildirib. Ukraynanın keçdiyi tarixi yola ekskurs edən səfir bu yolun heç də asan olmadığını diqqətə çatdırıb. Tarixin doğru, obyektiv yazılmasının hər bir xalq üçün, onun gələcək taleyi baxımından mühüm amil olduğunu deyən diplomat, bu mənada, sözügedən nəşri önəmli vəsait kimi səciyyələndirib. B.Klimçuk da kitabın ukrayncaya çevrilməsini gərəkli sayıb. Mərasimdə kitabın müəllifi H.Məmmədov, BSU-nun elmi işlər üzrə prorektoru M.Əliyev, Avropaşünaslıq kafedrasının müdiri E.Nəcəfov, Slavyan ölkələrinin tarixi kafedrasının dosenti A.Cəlilov, ADPU-nun Türk və Şərqi Avropa xalqlarının tarixi və tarixin tədrisi metodikasının dosenti R.Əliyev, BDU-nun dosenti S.Hüseynova, universitetin Slavyan ölkələri kafedrasının dosenti və tələbələr də çıxış ediblər.
Dövlət Film Fonduna yeni materiallar təqdim edilib. Azərbaycanın görkəmli kinodramaturqu İmran Qasımovun Lipetsk Film Fondunda saxlanılan fotoneqativləri Dövlət Film Fonduna təqdim olunub. Bu barədə APA-ya Azərbaycan Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. C. Quliyev bildirib ki, təqdim olunan fotoneqativlər artıq fondun arxivindədir. Dövlət Film Fondunun təşkilatçılığı ilə görkəmli dramaturq Cəfər Cabbarlının 110 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir Muzey Mərkəzində aprelin ortalarında təşkil olunacaq. Fondun təşkilatçılığı ilə keçiriləcək növbəti tədbir isə kinorejissor Vaqif Mustafayevin 1989-cu ildə çəkdiyi "Yaramaz" filminin 20 illiyinə həsr ediləcək. Tədbirin Dövlət Musiqili Komediya Teatrında mayda keçirilməsi planlaşdırılır.

Articles Dataset in Azerbaijani

Description

This dataset contains various topics articles in Azerbaijani language. It was created in 2024 and contains 236k articles (approximately 1 million sentences).

License The dataset is licensed under the Creative Commons Attribution-NonCommercial 4.0 International license. This license allows you to freely share and redistribute the dataset with attribution to the source but prohibits commercial use.

Contact information

If you have any questions or suggestions, please contact us at [v.resad.89@gmail.com].

Downloads last month
20
Edit dataset card